Rafiq Yusifoğlu: “Mən təkcə öyrətmirəm, tələbələrimdən də öyrənirəm” - MÜSAHİBƏ

Əsl ziyalının, pedaqoqun, alimin, yaradıcı şəxsiyyətin ömür və yaradıcılıq yolu həmişə nəsillərə  nümunə olub. Yeni nəslin təlim-tərbiyəsində, mənəvi, əxlaqi tərəqqisində belə insanların rolu danılmazdır. Həyat fəaliyyəti ilə yaradıcılığı vəhdət təşkil edən belə ziyalılardan biri də görkəmli şair, alim, əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğludur.

 

Zəngin həyat, elmi-pedaqoji və ədəbi təcrübəsi olan Rafiq Yusifoğlu söhbətimizə maraqlı fikir və mülahizələri ilə xüsusi rəng qatdı.

 

“Azərbaycan müəllimi” ilk oxuduğum  qəzetlər sırasındadır”

 

İlk olaraq xüsusi vurğulayım ki, “Azərbaycan müəllimi” mənim ilk oxuduğum qəzetlər sırasındadır. Ona görə ki, mən müəllim ailəsində doğulmuşam. Atam da, anam da, hələ üstəlik babam da müəllim olub... Onların abunə olduqları qəzetləri, jurnalları hələ uşaq vaxtından mən də oxuyurdum.

 

- Bəlkə, elə ona görə müəllimlik sənətini seçmisiniz?

- Elədir. Orta məktəbi bitirən kimi indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə qəbul olunmuşam. Ancaq o vaxt heç düşünməzdim ki, nə vaxtsa bu universitetin professoru olacağam. Universitetin 100 illik yubileyi münasibətilə çap olunan “ADPU-nun professorları”, “ADPU-nun 100 məşhur məzunu” kitablarında mənim haqqımda da oçerklər veriləcək, yubiley medalı alanlar sırasında olacağam.

 

- Bu münasibətlə sizi təbrik edirik.

- Çox sağ olun. Əlbəttə, bunların hamısı tale işidi. Ali məktəbi bitirəndən sonra bir müddət Sumqayıt şəhərində müəllim işləmişəm. Sonra Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasına qəbul olunmuşam. 1984-cü ildə “Azərbaycan sovet poemasının inkişaf problemləri” mövzusunda namizədlik, 2006-cı ildə isə “XX əsr Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişəm.  “Göyərçin” jurnalında şöbə müdiri, məsul katib, Azərbaycan Dövlət Televiziyasının Xəbərlər Baş redaksiyasında “Elm, mədəniyyət, incəsənət” şöbəsinin müdiri vəzifələrində çalışmışam. “Göyərçin” jurnalının baş redaktoru işləyəndə də müəllimlik fəaliyyətimi dayandırmamışam. Sumqayıt Dövlət Universiteti yaranan ilk gündən  orada pedaqoji fəaliyyətlə məşğulam,  Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının professoruyam.

 

“Tələbələrimə öyrətməkdən zövq alıram”

 

- Rafiq müəllim,  53 ildir ki,  müəllimlik fəaliyyəti ilə məşğulsunuz. Yetişdirdiyiniz tələbələrin sayı-hesabı yoxdur…

- Bir işi sevgi ilə görəndə insan  yorğunluq hiss eləmir. Həmişə ədəbiyyatşünaslıq elminin nəzəri əsaslarını, bədii sözün mahiyyətini, ədəbi proses və onun qanunauyğunluqlarını tələbələrimə öyrətməkdən zövq alıram.

 

- Siz çoxlu fənn proqramları hazırlamısınız...

- “Ədəbiyyatşünaslığın əsasları”, “Müasir ədəbi proses və ədəbi tənqid”, “Uşaq ədəbiyyatı”, “Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri” dərslik və dərs vəsaitlərinin, eləcə də “Azərbaycan poeması: axtarışlar və perspektivlər”, “Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri” kimi monoqrafiyaların, ədəbi-nəzəri məqalələrdən ibarət bir neçə kitabın müəllifiyəm. Elmi kadrların hazırlanmasında da xidmətlərim var.  Rəhbərliyim altında xeyli dissertasiya işləri müdafiə olunub. Çoxlu sayda elmlər doktorluğu, fəlsəfə doktorluğu dissertasiyalarının rəsmi opponenti olmuşam.

 

“Öyrətmək üçün öyrənməli, axtarışlar aparmalısan”

 

Əslində elmi-pedaqoji fəaliyyət bir-birindən ayrılmazdır. Öyrətmək üçün öyrənməli, axtarışlar aparmalısan. Mən təkcə  öyrətmirəm, həm tələbələrimdən, magistrantlarımdan, həm də hər hansı bir mövzuda tədqiqat aparıb elmi qənaətlərə gələnlərdən də nəsə öyrənirəm.

 

- Rafiq müəllim, yaradıcılığınızın ən aparıcı qolu poeziyadır...

- Bəli, doğrudan da, mənim yaradıcılığımın aparıcı qolu poeziyadır. Hələ uşaqlıqdan şeir yazıram. Yaradıcılıq stajım müəllimlik, naşirlik stajımdan 4 il çoxdur. Orta məktəbdə oxuyanda ilk şeirlərim çap olunmağa başlayıb. İlk sənət müəllimim ana babam, vaxtilə “Molla Nəsrəddin” jurnalında “İstiot” təxəllüsü ilə şeirləri çap olunan, Əməkdar müəllim Nuşirəvan Kərimov olub. Sonralar sənətin sirlərini müəllimlərim İsmayıl Şıxlı və Əhəd Hüseynovdan, elmi rəhbərim Qasım Qasımzadədən öyrənməkdə davam etmişəm. Əslində məni şair, müəllim, alim, naşir eləyən ürəyimdəki sevgidir. Şeirlərimin birində təsadüfi yazmamışdım ki, Ulu Tanrım, baş əyirəm qarşında, mənə sevmək istedadı veribsən... Bəli, sevə bilməyin özü də bir istedaddır...

 

“Seçilmiş əsərləri”min 7 cildinə vaxtilə “Ocaq yeri”, “Qəm karvanı”, “Həsrət köçü”, “Təzə sevdalara doğru”, “Ayrılığın qəm hasarı”, “Həsrət sazağı”, “Sevdalı sabahlar”, “Dəniz, sən və mən”, “Eşqin qarlı yollarında”, “Arzular kəhkəşanı”, “Könül səltənəti”, “Üçüncü qərinə”, “Sevdalı ömür yaşadım”, “Zəfər dastanı” kitablarında gedən lirik şeirlər, “Qəm karvanı” poeması daxil edilib.

 

“Şeir duyumu mənim tədqiqat publisistik yazılarıma xüsusi çalar qatıb”

 

- Görünür elmi yaradıcılığınıza da təsirsiz ötüşmür.

- Mən müəllimliyimdə də, alimliyimdə də, jurnalistliyimdə də birinci növbədə şairəm. Bu şairlik, şeir duyumu mənim həm tədqiqat, həm nəsr, həm də publisistik yazılarıma xüsusi bir çalar gətirib həmişə. Professor Xeyrulla Məmmədov mənim “Ədəbiyyatşünaslığın əsasları” kitabımı oxuyandan sonra təbrik eləyib demişdi ki, Rafiq, sənin bu kitabın digər dərsliklərə bənzəmir.  Bilirsən bu nə ilə bağlıdır? Sən həm gözəl şair, həm gözəl şeir tədqiqatçısı, həm də tələbələrin sevdiyi müəllimsən.

 

- Sizin yaradıcılığınızda uşaq ədəbiyyatı aparıcı yer tutur. Dərsliklərdə xeyli sayda  şeirləriniz var...

 

“Bənövşə  bəndə düşə” şeirim ilk dəfə dərsliyə salındı”

 

- İlk uşaq şeirlərimi “Pioner” jurnalında Zeynal Cabbarzadə dərc eləyib. Uşaqlar üçün nəzərdə tutulan ilk kitabıma Mir Mehdi Seyidzadə rəy verib. Folklor motivləri əsasında yazılan “Bənövşə, bəndə düşə” adlı şeirimi isə ilk dəfə dərsliyə salan professor Yəhya Kərimov olub. İndi dərsliklərə düşən şeir, hekayə və nağıllarımın biblioqrafik göstəricisi dörd yüzə yaxındır. Hətta sözlərimə yazılan bir neçə mahnı da notla birlikdə musiqi dərsliklərinə salınıb. Uşaqlar üçün xeyli sayda kitabım nəşr edilib: “Yurdum-yuvam”, “Ətirli düymələr”, “Aylı cığır”, “Çiçək yağışı”, “Daha uşaq deyiləm”, “Böyük arzuya gedən yol”, “Zamanın qatarı”, “Bulud fayton”, “Nağıl qapısı”, “Cəh-cəh”, “Sirli-sehrli qrammatika” və s. “Seçilmiş əsərləri”min üç cildinə - 8 və 10-cu cildlərə həmin kitablarda gedən uşaq şeirlərimi daxil etmişəm.

 

- Uşaqlar üçün nəsr əsərləri də yazmışam.  Son dörd cildə isə ədəbiyyatşünaslıqla bağlı əsərlərim - monoqrafiyalarım, dərsliklərim daxil edilib. Xatırladım ki, yeni prinsiplərlə yazılan ilk dərsliklərdən birinin də həmmüəllifi olmuşam. Birinci siniflər üçün “Ana dili” dərsliyinin, ikinci siniflər üçün “Azərbaycan dili” dərs vəsaitinin hazırlanmasında da iştirak etmişəm.

 

- Rafiq müəllim, bir ziyalı kimi yəqin ki, sertifikatlaşdırma prosesini diqqətlə izləyirsiniz. Fikirləriniz maraqlı olardı...

 

- Azərbaycanda  təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə müəllim-pedaqoq heyətinin inkişafı  diqqət mərkəzindədir.

Müəllimlərin sertifikatlaşdırılması prosesi də məhz buna xidmət edən metodlardan biridir.  Onların  sertifikatlaşdırmadan keçməsi  müəllimin öz üzərində davamlı işləməsi, nəticəsini yaxşılaşdırması üçün ciddi stimul yaradır. Real faktdır ki, onlar tədris sahəsində mövcud olan yeni müsbət təcrübələri öyrənirlər. Ən əsası sertifikatlaşdırma  nəticəsində savadlı, istedadlı  müəllimin uğurlu işi sayəsində tədrisin də keyfiyyəti artır. Məlum məsələdir ki, yaxşı müəllimin yetişdirdiyi şagirdin nəticələri də yüksək olur. Müşahidələr göstərir ki, hazırda  şagirdlərin məktəbə qəbulu zamanı  valideynlər sertifikatlaşdırmada yüksək nəticəsi olan müəllimlərə  daha çox üstünlük verirlər.

 

Statistikaya nəzər saldıqda aydın olur ki, müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə göstərmiş müəllimlərin hamısı sertifikatlaşdırmada  uğur qazananlardır.

 

Şakir CƏFƏROV,

filologiya üzrə fəlsəfə doktoru

 



21.06.2024 | 11:10