GDU-da COP29-a həsr olunan “dəyirmi masa” keçirilib
Gəncə Dövlət Universitetində (GDU) “COP29 – Ekoloji dayanıqlığa  və Yaşıl artıma diqqət” mövzusunda “dəyirmi masa” keçirilib.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə universitetin humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva “COP29 – Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu” mövzusunda çıxış edib. Prorektor bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar ölkəmizə növbəti dəfə böyük etimad və inamın göstəricisidir: "Ölkəmizin bu tədbirə ev sahibi kimi seçilməsi həm də onu göstərdi ki, Azərbaycan qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə aparan dövlət kimi özünü tanıda bilib və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilib".
 
Tədbirdə ekologiya və ətraf mühitin mühafizəsi kafedrasının müdiri professor Sevda Əhmədova “Təmiz ətraf mühitə nail olmaq və yaşıl inkişafın təşviqi” mövzusunda çıxış edərək ekoloji tarazlığın, ətraf mühitin qorunması, alternativ enerji mənbələrindən səmərəli istifadə, eləcə də iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində görülən işlərin əhəmiyyətindən danışıb.
 
Botanika kafedrasının professoru Aynur Bayramova “Azərbaycan COP29-un varisi kimi”  adlı çıxışında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi qlobal tədbirin ölkəmizdə keçirilməsinin əhəmiyyətindən bəhs edib.
 
Ekologiya və ətraf mühitin mühafizəsi kafedrasının dosenti Tünzalə İsgəndərova isə “Azərbaycanda ətraf mühitin mühafizəsi və iqtisadi artım arasında tarazlığın yaradılması” mövzusunda çıxış edib. Diqqətə çatdırıb ki, son illər dünyada ekoloji tarazlığın pozulması bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da bu sahəyə diqqətin artırılmasını zəruri edib.
 
Tədbir ətraf mühitin qorunması istiqamətində müzakirələrlə davam edib.


14.05.2024 | 17:29