Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib | |
Mayın 9-da Naxçıvan şəhərində Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi münasibətilə tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin məktəbin həyətindəki abidəsinin önünə güllər düzülüb, dahi şəxsiyyətin xatirəsi dərin ehtiramla yad edilib.
Məktəblə tanışlıq zamanı binada yaradılan müasir tədris şəraiti barədə məlumat verilib. Bildirilib ki, şagirdlərin hərtərəfli biliyə yiyələnməsi ilə yanaşı, vətənpərvərlik ruhunda tərbiyəsi də diqqətdə saxlanılır. Bu məqsədlə foyedə məktəbin məzunu olmuş vətən oğulları Sahil Məmmədov, Raqib Hüseynov və digər şəhidlərimizin xatirəsinə guşələr yaradılıb, sinif otaqlarına şəhidlərimizin adı verilib.
Gənclik mərkəzində davam etdirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Heydər Əliyev adına tam orta məktəbin direktoru, Azərbaycan Respublikasının “Əməkdar müəllimi”, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunan Məlahət Rüstəmova 2004-cü ildə Ümummilli Liderimizin adını daşıyan məktəbin açılışında ölkə Prezidenti cənab İlham Əliyevin iştirakını qürur hissi ilə qeyd edib. Bildirib ki, məktəb ötən müddətdə Ulu Öndərimizin adına layiq yol keçərək qabaqcıl təhsil müəssisələrindən birinə çevrilib. Məktəbin uğurlarından söz açan Məlahət Rüstəmova əminliklə ifadə edib ki, pedoqoji kollektiv onlara göstərilən böyük etimadı doğrultmaq üçün bundan sonra da dahi öndər Heydər Əliyev ideyalarına sadiq qalaraq daha səylə çalışacaq, milli təhsilimizin tərəqqisi naminə, dövlətimizin gələcəyi üçün vətənpərvər gənclər yetişdirəcəklər.
Heydər Əliyev adına tam orta məktəbin yaradılmasının 20 illiyi münasibətilə məktəbin müəllim və şagirdlərini, eləcə də muxtar respublikanın bütün təhsil ictimaiyyətini təbrik edən Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin müavini Anar İbrahimov bildirib ki, 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Heydər Əliyev adına tam orta məktəb şərəfli inkişaf yolu keçib. 87 müəllim və 624 şagirdlə fəaliyyətə başlayan məktəbdə hazırda 1200 şagird təhsil alır. Ötən müddətdə xalqımızın zəngin maarifçilik ənənələrini layiqincə davam etdirən məktəb təlim-tərbiyə və tədris işinin təşkilində, təhsilli və vətənpərvər gənclərin yetişdirilməsində böyük nailiyyətlər qazanıb. Ötən 20 il ərzində Heydər Əliyev adına tam orta məktəbi 910 məzun bitirib ki, onlardan da 729-u ali məktəblərə qəbul olunub. Həmin məzunlardan 170-i 500-700 intervalında bal toplayıb. Məzunların 36-sı tam orta təhsil haqqında, 56-sı ümumi orta təhsil haqqında fərqlənmə attestatına, 6-sı qızıl, 4-ü gümüş nişana və 5-i isə Prezident təqaüdünə layiq görülüb. 2024-2025-ci tədris ilində də tam orta təhsil səviyyəsi üzrə məktəbi bitirən 69 məzundan 40-ı 200-dən yuxarı bal toplayıb. 2007-2008-ci tədris ilinin nəticələrinə uyğun olaraq məktəb “Ən yaxşı ümumtəhsil məktəb” müsabiqəsinin qalibi olub. Eyni zamanda təhsildə yüksək nəticələr əldə etdiyinə görə məktəbin müəllimi 2008-2009-cu tədris ilinin yekunlarına görə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub. Ötən 20 ildə məktəbin müəllimlərindən 23-ü təhsil sahəsində fəaliyyətlərinə görə təltif edilib. Onlardan 7-nə Azərbaycan Respublikasının Əməkdar müəllimi, 11-nə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adları verilib, 5-i isə “Tərəqqi” medalına layiq görülüb.
Anar İbarhimov qeyd edib ki, məktəbin ən böyük vəzifəsi vətəndaş yetişdirməkdir. Heydər Əliyev adına tam orta məktəbin kollektivi 2004-cü ildən qarşısına qoyulan missiyanı uğurla yerinə yetirir. Məktəbin torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş məzunları hər birimizin fəxarət mənbəyidir. “Pedaqoji heyətin qarşısında müstəqil Azərbaycanın gələcək təminatçılarını yetişdirmək kimi mühüm vəzifə dayanır”, - deyən sədr müavini vurğulayıb ki, məktəbdə milli dəyərlərimiz, adət-ənənələrimiz, tariximiz gənclərə dərindən öyrədilməlidir. Təlim-tərbiyə və tədris prosesi bundan sonra da müasir metodlarla qurulmalıdır. Müstəqil Аzərbаycаn üçün vətənpərvər gənclər hazırlanmalı, məktəb daim möhtərəm Prezidentimizin tövsiyələrinə uyğun fəaliyyət göstərməli və Ulu Öndərimizin adına layiq olmalıdır.
Ali Məclis sədrinin müavini Anar İbrahimov məktəb kollektivinə bu yolda uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini, nazir vəzifələrini icra edən Elxan Nəcəfov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən “Yubilyar məktəblərimiz” layihəsi hazırlanaraq icra edilir. Layihə çərçivəsində bu il Naxçıvan şəhərində Heydər Əliyev adına tam orta məktəbin 20 illiyi, Şahbuz rayonunda Kükü kənd tam orta məktəbinin 100 illik yubileyi qeyd edilir. Bu cür tədbirlərin təşkili bütövlükdə Naxçıvan Muxtar Respublikasının 200-dən artıq məktəbinin fəaliyyətinə stiumul verir. Tədrisin təşkilində şəffaflığın, şagird nailiyyətini dəstəkləyəcək mühitin təmin edilməsi, bərabər imkanların yaradılması, müəllimlərimizin peşəkar bacarıqlarının artırılması istiqamətində mühüm addımlar atılır. Ötən müddətdə bir neçə dəfə ibtidai sinif, riyaziyyat, fizika müəllimlərinin forumu keçirilib. Növbəti aylarda digər fənlər üzrə də forumların keçirilməsi nəzərdə tutulur. Mütəmadi olaraq müxtəlif fənn olimpiadaları, bilik yarışları təşkil olunur. Belə layihələrin şagirdlərin bilik və bacarıqlarının artırılmasına xidmət etdiyini deyən Elxan Nəcəfov bildirib ki, Naxçıvan Muxtar Respublikasının 11-ci sinif şagirdləri buraxılış imtahanlarında son 3 ilin ən yüksək nəticəsini toplayıblar. Bu göstərici buraxılış imtahanlarında orta bal həddinə görə Azərbaycan Respublikasında 2-ci yeri təşkil edir.
Təhsil nazirinin müavini bu nailiyyətlərə görə və Heydər Əliyev adına tam orta məktəbinin 20 illiyi münasibətilə təbriklərini çatdırıb.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Tükəzban Quliyeva səlahiyyətli nümayəndə Fuad Nəcəflinin salamlarını və təbriklərini çatdırıb. Tükəzban Quliyeva bildirib ki, ötən dövrdə yüksək nailiyyətlərin əldə olunmasının əsasında Heydər Əliyev ideyalarının davam etdirilməsi dayanır. Ümummilli Lider Heydər Əliyev Naxçıvanın Azərbaycana bəxş etdiyi ən böyük dəyərdir. Ümummilli Liderimizin qətiyyəti və yüksək vətənpərvər mövqeyi sayəsində Azərbaycan dili ölkəmizdə rəsmi dil kimi təsbit edilib, Xalq Cümhuriyyətinin üçrəngli ərmağanı Dövlət Bayrağımız kimi qəbul olunub. Ulu Öndərimiz müstəqil Azərbaycanda dövlət gənclər siyasətinin əsasını qoyub. Gənclərimiz dünyanın ən nüfuzlu ali təhsil ocalqlarında təhsillərini davam etdirirlər. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində 15 gəncimiz dünyanın 10 nüfuzlu universitetində təhsil almaq hüququ qazanıb. Bütün bunlar milli dəyərlərimizə sadiq, vətənpərvər, hərtərəfli biliyə malik gənclər yetişdirməyə imkan yaradıb. O gənclər ki, bizə Qarabağ zəfərini yaşatdı. O gənclik ki, ölkəmizi dünya miqyasında tanıdır, nailiyyətləri ilə xalqımızın nüfuzunu daha da yüksəldir.
Heydər Əliyev adına tam orta məktəbin də qabaqcıl təhsil müəssisəsi kimi sağlam gələciyimizi yetişdirdiyini bildirən Tükəzban Quliyeva səmərəli fəaliyyəti, intellektual səviyyəsi ilə fərqlənən məktəbin pedaqoji heyətinə müasir Azərbaycan naminə atdıqları hər bir addımda uğurlar arzulayıb.
Sonra Heydər Əliyev adına tam orta məktəbin müxtəlif ali təhsil müəssisələrində, o cümlədən ölkə hüdudlarından kənarda təhsillərini və fəaliyyətini davam etdirən məzunlarının videomüraciətləri izlənilib. Məktəbin məzunlarından olan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşı Kamran Mehbalıyev xatirələrini bölüşüb, təbriklərini çatdırıb.
Tədbirdə yubileyi münasibətilə məktəbin təltif olunan bir qrup müəlliminə “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adının döş nişanları və vəsiqələri, eləcə də təhsilin inkişafında xidmətlərinə görə Təhsil Nazirliyinin fəxri fərmanı və təşəkkürnamələri təqdim olunub.
Tədbir məktəbin şagirdlərinin hazırladığı bədii hissə ilə davam edib.
Qeyd edək ki, tədbirdə məktəbin yetirmələri olan şəhidlərin ailələri də iştirak ediblər.
|
|
09.05.2024 | 21:21 | |
|
|
|