Sığorta, rəqabət və hörmət | |
Müəllim dünyanın istənilən nöqtəsində müəllimdir. Deməli, hörmət sahibi olmalıdır. Elə dövlət yoxdur ki, bu və ya digər şəkildə vətəndaşlarının təhsilli olması üçün qayğılarına qalmasın. Məntiqlə hər bir ölkənin müəllimə ehtiyacı var. Ancaq müəllim hər yerdə eyni taleni yaşamır. Maaşından tutmuş sosial statusunadək. Ən ağır yük Braziliya müəllimlərinin üzərinə düşür - bir pedaqoqa 32 şagird. Portuqaliyada isə mənzərə fərqlidir: cəmi 8 nəfər.
Müəllimə cəmiyyətdə ümumən rəğbət bəslənsə də, ölkədən ölkəyə fərq var. Çin üçün müəllim bütdür. İsrail üçün əksinə olmasa da, hər halda xüsusi ictimai status daşıyıcısı kimi də qəbul olunmur. ABŞ-da şagirdlər sözü bir yerə qoyub müəllimin “qəlb”inə dəyə bilərlər. İtaliyada ən təcrübəli müəllimlər yaşayır: orta yaş 49-dur. Ən gənc pedaqoqlar isə Sinqapurdadır: orta yaş həddi 36-dır.
Frau doktor Şmit
Almaniyada məktəb müəlliminin orta əməkhaqqı 3,5 min avrodur. Ali məktəb müəlliminin dolanışığı bir az da yüksəkdir. Ancaq hər hansı elm sahəsi üzrə mütəxəssis istənilən müəllimdən çox qazanır. Məsələn, adi şirkətdə işləyən mühəndisin məvacibi universitet müəlliminin maaşından çoxdur. Universitetdə müəllimin həftə ərzində 4-5 qoşasaat dərsi olur. Qalan dövrünü o, mütləq elmi işinə həsr etməlidir. Alman ali məktəbləri hər növ elmi və texnoloji nou-haunun mərkəzi olduqlarına görə müəllim daima təkmilləşməlidir.
Alman müəllimi orta statistik alman kimi soyuqqanlı olmalıdır. O, adətən dəcəl şagirdini sakitləşdirməyə xüsusi can atmır. Müəllimin alman cəmiyyətindəki xüsusi yeri onun tələbələrinə “Siz” deyə müraciət etməsini şərtləndirən əsas amildir. Qarşı tərəf də eyni nəzakəti göstərməlidir. Məktəbdə istənilən hədiyyə yolverilməzdir, hətta bir dəstə gül belə. Müəllimin elmi dərəcəsi varsa, hörməti daha da çoxdur. Məsələn, adi müəllimə “Frau Şmit” deyə müraciət olunursa, elmi dərəcəsi olana mütləq “Frau doktor Şmit” deyəcəklər.
İsrail: dindar köməkçilər
İsrail müəlliminin orta əməkhaqqı Avropadakı həmkarlarınkından 35-37% azdır. Maaş artımının iki yolu var: iş stajı və təkmilləşdirmə proqramlarından keçməklə.
Həftəlik orta yük 25 saatdır. Ancaq gənc müəllimlər daha çox qazanmaq üçün əlavə saatlar götürüb həftəlik yükü 40 saatadək artırırlar. Müəllimlərin ən dəyərli bonusları isə budur: 6 il işləyən pedaqoq dövlət hesabına 1 illik məzuniyyətə çıxa bilər. 6 il işlə, 1 il gəz, istirahət et!
1 milyon dollarlıq müəllim
ABŞ-da müəllimlərin əməkhaqqı təqribən 4-5 min dollar təşkil edir. Müqayisə üçün qeyd etmək olar ki, amerikalı polislərin də aylıq məvacibi bu qədərdir. Əməkhaqqına əlavə amerikalı müəllimlərin qulaqları üçün qeyri-adi səslənə bilər: burada hesab edirlər ki, maliyyə təhsilin keyfiyyətinə köklü təsir göstərə bilməz.
Amerika məhkəmələr ölkəsidir. Bu səbəbdən müəllimlərin həmkarlar ittifaqları onları 1 milyon dollarlıq sığorta edirlər. ABŞ-da müəllimin məhkəməyə çəkilməsi çox asandır. Məsələn, qaradərili şagirdlər bir yerə yığışıb onu irqçilikdə suçlaya bilərlər. Həmkarlar ittifaqları həmçinin müəllimin Pensiya Fonduna köçürmələrini təmin edir, tibbi sığortanın 70%-ni öz üzərlərinə götürürlər.
Amerikalı müəllimlərin vəzifələrinə tək dərs keçmək deyil, həmçinin elektron poçt, yaxud məktəbin saytı vasitəsilə valideynlərlə daimi ünsiyyətdə olmaq daxildir. Həftəlik dərs yükləri 40 saatdır. İldə iki ay istirahət edirlər, çünki Amerikada məktəb iyunadək davam edir. ABŞ-da müəllim olmaq üçün tək univesiteti bitirmək kifayət deyil: dərs demək üçün lisenziya almaq lazımdır. Əgər müəllim başqa ştata köçürsə, lisenziyanı yenidən almalıdır.
Darıxdırıcı yazı-pozu işləri
Britaniyada məktəb müəllimlərinin əməkhaqqı 2000-2500 funt təşkil edir. Bununla yanaşı, onlar idarəetmədə iştirak edib maaşlarına əlavə ala bilərlər. Londonda yaşamaq da müəllim üçün əlavə maddi dividentdir, burada həyat şəraiti ölkənin digər yerlərindən yüksədir.
Britaniya müəllimlərinin azadlıqları çoxdur. Təhsil Nazirliyi tədris proqramını hazırlayır, müəllim isə bu proqramı hansı ardıcıllıqla nə qədər vaxta bitirəcəyini özü müəyyən edir. İllik yük 1256 saatdır. Bu saatların ilboyu bölünməsi məktəb administrasiyasının işidir. Adətən məktəblərdə müəllimin iş vaxtı 8:30-dan 15:30-dək davam edir.
Bununla belə, onların da başağrısı var: çoxlu yazı-pozu işləri. O, günlük plana malik olmalı, uşaqlar barədə direktora, hətta bəzən valideynə də hər gün məlumat verməlidir. 1997-ci ildə müəllimlər gündəlik hesabatların azaldılması tələbi ilə tətillər də ediblər, ancaq heç bir güzəşt əldə etməyiblər.
Dumanlı Albionun müəllimləri valideyn iclasları keçirmirlər. Ancaq hər bir valideynin tələbi ilə istənilən vaxt ona 10-15 dəqiqə vaxt ayırmağa borcludurlar.
Kişilər və güzəştlər
Yaponiyalı müəllimlər standart əməkhaqqından başqa, əlavə xeyli qazanca da malikdirlər. İşində uğurludursa, habelə ailəlidirlərsə, bonusa sahib olurlar. Əgər işlədiyi məktəb imkanlı rayonda yerləşirsə, maaşa əlavə edilir. Evi yoxdursa, kirayə üçün əməkhaqqının 10%-i qədər vəsait alır.
Yaponlar əməksevərlilikləri ilə seçilirlər. Müəllimlər də istisna deyil. Həftəlik dərs yükləri 54 saat təşkil edir. Standart iş günü 9-dan 16-dək davam edir. Ancaq reallıqda onlar 18-dək məktəbdə olurlar.
Yaponiyada məktəb üç mərhələyə ayrılır: ibtidai, orta və yuxarı. Siniflər nə qədər yuxarıdırsa, müəllimlərin cinsində ağırlıq kişilərə tərəf salınır. Statistikaya əsasən, kişi müəllimlərin payı belədir: 40, 60 və 80%.
Hər il yeni müqavilə
Finlandiyada müəllim işləmək istəyən şəxsin magistr dərəcəsi olmalıdır. Orta əməkhaqqı 2500 avrodur. Ancaq müəllimlərin maaşlarının məbləği hansı sinifdə dərs demələrindən asılıdır. Kiçik siniflərin pedaqoqu bir, yuxarı sinfin müəllimi başqa maaş alır. Müəllimin təcrübəsi, uğurları və təhsil səviyyəsi onun əməkhaqqına dividentlər əlavə edə bilər.
Finlandiyada müəllimlər məktəblərdə müqavilə əsasında işləyirlər. Müqavilə hər il yenilənir, çünki adətən bir mövsümlük - 190 günə imzalanır. Vaxt bitdikdə o, yenidən müsabiqədən keçməlidir. Bir yerə 12 nəfər iddia edir. Məktəblərdə üstünlük adətən gənc pedaqoqlara verilir. Pensiya vaxtında müəllim işləmək olmaz. Burada “sevimli müəllim” anlayışı yoxdur. Müəllim xidmət sferasının işçisi sayılır. Əgər direktor görsə ki, müəllim hansısa şagirdə xüsusi münasibət bəsləyir, həmin pedaqoqu dərhal işdən azad etmək səlahiyyətinə malidir.
İş günü adətən 8-dən 15-dək davam edir, orta həftəlik yük 32 saatdır. Qalan vaxtda müəllim şagirdlərə məsləhət verir, birgə yaradıcı layihələrin hazırlanmasında iştirak edir. Müəllimlərin təkmilləşməsinə ciddi önəm verilir, ancaq pedaqoqlar bunu özləri etməlidirlər. Özünütəkmilləşdirmə yolu ilə. Fin məktəblərində xüsusi müəllimlər də var: onlar uşaqların maraqlarını müəyyən edir, gələcəkdə hansı peşənin sahibi olmaq istəklərindən irəli gələrək onlara yol göstərirlər.
“Tüstülü” məktəb
İspan müəlliminin həftəlik yükü 40 saat, əməkhaqqı 2000-2500 avro təşkil edir. İş vaxtı 9-dan 16-dəkdir. Ancaq hətta dərs olmasa belə, müəllimin xeyli işi var: ev tapşırıqlarının yoxlanılması, dərs vəsaitlərinin hazırlanması, şagirdlərə nəzarət və valideynlərlə ünsiyyət.
İspaniyada marixuana leqallaşıb. Bu səbəbdən məktəb həyətində ondan istifadə edən müəllimi görmək adi mənzərədir. Hesab olunur ki, onlar marixuanadan gərginlik və stressə qarşı istifadə edirlər.
Özəl və beynəlxalq məktəblərdə işləmək ispan müəllimlərinin ən böyük arzusudur. Belə məktəblərdə işləmək olduqca nüfuzludur, müəllimə hədsiz hörmət və sayğı var, şagird pedaqoqa qarşı hörmətsizliyə cəhd belə etməz. Eyni zamanda, müəllim də uşağa barmağı ilə toxuna bilməz. Belə müəllim işdən dərhal qovulur.
Rüstəm QARAXANLI |
|
05.10.2018 | 11:17 | |
|
|
|