Dərin laboratoriyalar

Dünyanın bir sıra nöqtələrində yerin dərinliklərində fəaliyyət göstərən laboratoriya və elmi mərkəzlərdə alimlər Yer kürəsinin indiyədək açılmamış sirlərini öyrənməyə çalışırlar. Belə dərin laboratoriyaların ən yaxın olanı təqribən 1000 metrlikdədir. Yerin üst qatına dayanmadan energetik subatom hissəciklərindən ibarət “yağıntı seli” axır. Kosmik şüaların atmosferin üst qatı ilə təması nəticəsində bu görünməz “yağıntı” səsli fon reaksiyası yaradır ki, bu da alimlərin axtarış imkanlarını məhdudlaşdırır. Ona görə də hesab olunur ki, Yer kürəsinin hələ də bizə məlum olmayan bilinməzlərini tapmaq və öyrənmək üçün ən əlverişli şərait yerin altındadır.

 

Belə laboratoriyaların tikinti və logistika baxımından mürəkkəb olmalarına baxmayaraq, hissəciklərin fəaliyyəti və bir-birləri ilə münasibətlərinin öyrənilməsi nöqteyi-nəzərdən ideal sayılırlar. Belə elmi mərkəzlərdə işləmək nisbətən asan olur, çünki hər hansı kənar müdaxilə və təsirlərdən uzaqdırlar. Statistikaya görə, son bir neçə onillik ərzində əksər fiziki kəşflər məhz yeraltı laboratoriyalarda edilib.

 

“60-cı illərin əvvəllərində Hindistanın Kolar-Qoldfilds və Cənubi Afrikanın İst-Rand mərkəzlərinin mütəxəssisləri bildirdilər ki, yerin dərinliyinə getdikcə atmosferdə kosmik şüaların toqquşması nəticəsində yüksək enerjili hissəciklərin davranışlarını izləmək daha asandır. Hər iki mərkəzin mütəxəssisləri bunu demək olar eyni vaxtda yerin müxtəlif qatlarında izləmişdilər”- deyə Henri Soubel bildirir.

 

Onun özü aşağıda söhbət açılacaq Kamioka rəsədxanasındakı eksperimentlərin iştirakçısıdır. Soubel hesab edir ki, dərinliyə getdikcə radioaktiv təsirlər azalır. Bu səbəbdən vaxtilə müxtəlif faydalı qazıntıların çıxarılması üçün mövcud olan yataqlar və mədənlər indi mütərəqqi yeniliklərin aşkar olunmasında əvəzolunmaz rol oynayan elmi mərkəzlərə çevriliblər.

 

KAMİOKA rəsədxanası. Yerin 1000 metr dərinliyində olan bu mərkəz 1983-cü ildən fəaliyyət göstərir. Yaponiyanın Gife bölgəsindədir. “The village” portalının məlumatına görə, vaxtilə mədənlərdən ibarət bu kompleks hazırda elmə xidmət edir. Əvvəl rəsədxana protonların spontan parçalanmasının sabitliyini öyrənib. Zamanla mərkəzin araşdırma sahələrindən biri də neytrino olub. Çünki neytrino protonların parçalanmasının axtarılması üçün yaxşı fondur. Əlavə edək ki, neytrino kütləsi sıfıra bərabər, yaxud ona yaxın olan neytral elementar hissəcikdir. Hazırda Kamiokada yeni ulduzlar, Günəş və atmosferdən gələn neytrinoların öyrənilməsi ilə məşğuldurlar. 2015-ci ildə yapon alim Taakaki Kadzita məhz bu sahədə Nobel mükafatını qazanmağa müvəffəq olub.

 

SUPL - Stoul yeraltı fizika laboratoriyası. Yerin altında 1000 metr dərinlikdə tikilməkdədir. Avstraliyanın Viktoriya ştatındakı qızıl yatağında fəaliyyət göstərəcək.

 

Mərkəz İtaliyanın Qran Sasso milli laboratoriyası ilə sıx əməkdaşlıq edəcək. Məhz İtaliyada qara materiyanın vimplər vasitəsilə aşkar olunması sahəsində inqilabi kəşflər edilib. SUPL-un əsas məqsədi bunu öyrənmək olacaq: Yer kürəsinin mövqeyindən asılı olaraq qalaktikalarda qara materiyanın miqdarında dəyişiklik baş verir, ya yox.

 

BOULBİ yeraltı laboratoriyası. 1100 metr dərinlikdədir. Əsası 1998-ci ildə qoyulub. İngiltərənin şimal-şərq sahillərində Boulbi mədəninin yerində fəaliyyət göstərir və Britaniyanın Elmi və texnoloji vasitələr üzrə Şurası tərəfindən idarə olunur. Mərkəzin infrastrukturu və yerləşdiyi dərinlik aşağıfonlu yeraltı tədqiqatlar üçün əlverişlidir: qara materiya və kosmik şüalar sahəsində yeniliklər etmək üçün bundan yaxşı şərait ola bilməz. Bu laboratoriya multiistiqamətli sayılır. Belə ki, alimlər burada fizika ilə yanaşı, geologiya, geofizika, ətraf mühit, təbiət, Yerdə ekstremal vəziyyətlərdə və yerdən kənar həyata dair araşdırmalar aparırlar.

 

Hindistan NEYTRİN rəsədxanası. Yerin 1200 metr dərinliyində tikilməkdədir. Bu layihə TATA Fundamental Tədqiqatlar İnstitutu nəzdindəki 25 milli institut və universitetin birgə təşəbbüsüdür. Əsas məqsəd sürətləndiricilərsiz yüksək enerji fizikası sahəsində araşdırmalar aparmaqdır. Atmosfer myüon neytrinolarının öyrənilməsi məqsədilə 50 kilotonluq polad kalorimetrdən istifadə ediləcək.

 

Mərkəz genişprofilli olacaq. Burada həmçinin geoloji, bioloji və hidroloji araşdırmalar aparılacaq. Hindistanın Tamilnad ştatındakı Pottiperam qəsəbəsində tikilməsi planlaşdırılan mərkəz üçün hökumətdən icazə gözlənilir.

 

 

QRAN-SASSO milli laboratoriyası. Əsası 1987-ci ildə qoyulub, yerin altında 1400 metrlikdə fəaliyyət göstərir. İtaliyanın elmi mərkəzi dünyada bu qəbildən olan ən irisidir. Yüksək enerjilər fizikası laboratoriyasında neytrino, astrofizika və qara materiya sahəsində uzunmüddətli tədqiqatlar həyata keçirilir. Enriko Fermi adına milli laboratoriya ilə əməkdaşlıq edən Qran-Sasso İCARUS proqramı çərçivəsində dördüncü növ neytrino araşdırmalarına start verəcək.

 

PYUXSALMİ yeraltı fizika laboratoriyası. 1997-ci ildə yaradılıb, 1440 metr dərinlikdə yerləşir. Oulu Universiteti tərəfindən idarə olunan yeraltı fizika mərkəzi Avropanın ən dərin mədənində yerləşir. Pyuxsalmi yaxın 10 ildə qapadılacaq. Bu səbəbdən qərara gəlinib ki, burada “Callio Lab” (CLab) laboratoriyasının əsası qoyulsun. Mərkəzin 1420 metrliyində qurğularla yanaşı, ofislər, restoranlar və hətta sauna da mövcuddur. Başlıca layihə EMMA adlanır və 75 metr dərinlikdə həyata keçirilir. Kosmik şüalar və yüksək enerji myüonları öyrənilir. Bu yolla atmosfer və kosmik hissəciklərin təmasına dair yeni-yeni təfərrüatlar ortaya çıxır.

 

SENFORD yeraltı tədqiqatlar mərkəzinin əsası 2011-ci ildə qoyulub. 1480 metrlik dərinlikdə yerləşir. ABŞ-ın ən iri yeraltı fiziki laboratoriyası hesab olunur. Burada Raymond Devisin Günəş neytrinolarına dair məşhur eksperimenti həyata keçirilib. Devis prosesdə xlor əsaslı mayedən istifadə edib və Günəş neytrinolarının çatışmazlığını ortaya çıxarıb. Belə ki, proses zamanı neytrinoların ehtimal edilən həcminin yalnız üçdəbirini aşkarlamaq mümkün olub.

 

Hazırda laboratoriyada qara materiya sahəsində LUX, neytrinonun xüsusiyyətlərinin tədqiqi sahəsində “Majorana Demonstrator”, geoloji, texnoloji və bioloji layihələr həyata keçirilir. Senfordda neytrinonun yeraltı öyrənilməsi eksperimenti - “Deep Underground Neutrino Experiment” reallaşdırılacaq. Proses zamanı 70000 ton maye arqonu ilə doldurulmuş detektorlardan istifadə olunacaq.

 

 

MODAN yeraltı laboratoriyası. Əsası 1982-ci ildə qoyulub, 1700 metr dərinlikdə yerləşir. Çoxprofilli laboratoriyadır. Fransada Modan şəhərində “Frejüs” avtomobil tunelinin ortasında yerləşir. Burada nüvə fizikası, elementar hissəcik və astrohissəciklər fizikası, biologiya, nano və mikroelektronika, ətraf mühitə dair araşdırmalar aparılır. Laboratoriya Fransa Elmi araşdırmalara dair Milli Mərkəzi və Qrenobl-Alp Universiteti nəzdində fəaliyyət göstətir.

 

BAKSAN neytrin rəsədxanası. 1973-cü ildə tikilib, 1750 metr dərinlikdədir. Qafqaz dağları arasında, Baksan çayının vadisində tikilmiş bu mərkəz elementar hissəciklər fizikası sahəsində dünyada ilklərdən hesab olunur. Bu qəbildən olan digər qurğularda olduğu kimi, Baksanda da fon radiasiyasının səviyyəsinin minimuma endirilməsinə çalışılıb. Əsas məqsəd o olub ki, laboratoriya tək yerin alt qatlarında deyil, həm də müxtəlif Atom Elektrik Stansiyalarından uzaq olsun. AES-lər eksperimentlər zamanı güclü fon radiasiyası mənbəyidir.

 

 

ANDES. Aqua Neqra dərin araşdırmalar obyekti. 1750 dərinlikdə tikilməkdədir. Çili və Argentina sərhəddində, dağlıq ərazidə yerləşir. Burada neytrino və qara materiya ilə yanaşı, platformaların tektonikası, biologiya, nüvə astrofizikası və ətraf mühiti öyrənəcəklər. ANDES SUPL-la yanaşı Cənub yarımkürəsində yerləşən ikinci bu növ obyektdir. Laboratoriya beynəlxalq səviyyəli elmi mərkəz olmaqla bərabər, həm də iri neytrino-detektor kimi fəaliyyət göstərəcək. Obyekt coğrafi baxımdan ideal yerləşməyə malikdir: həm AES-lərdən uzaqdır, həm də dağların arasındadır.

 

Dünyanın ən dərin yeraltı laboratoriyası - CJPL Çində yerləşir. 2010-cu ildə əsası qoyulan mərkəz 2400 metr dərinlikdə fəaliyyət göstərir. CJPL dağın altında yerləşir, bu səbəbdən rahat logistik infrastruktura malikdir. Ərazi fon radiasiyasından maksimum neytrallaşdırılıb, burada kosmik hissəciklərin myüon axını olduqca zəifdir.

 

Hazırda mərkəzdə qara materiyanın birbaşa aşkarlanmasına cəhdlər edilir. Həmçinin müxtəlif mənbələr - Günəş, Yer, atmosfer, yeni ulduzlardan istifadə etməklə neytrinonun müşahidəsi planlaşdırılır.

 

 

Çox güman ki, bu elmi mərkəzlərdən birində və ya bir neçəsində qarşıdakı illərdə Yerdə həyatın mənşəyinə dair hər hansı bir sirrin üstü açılacaq. İnsanı minillər boyu maraqlandıran, narahat edən, din və elmin mübahisə obyektinə çevrilən bir çox mətləblərin mənbəyi bizdən o qədər də uzaqda deyilmiş: təqribən 1 km yerin altında.

 

Rüstəm QARAXANLI



28.09.2018 | 11:01