Beynəlxalq “Təhsil” turnirinin medalçıları | |
Elm və Təhsil Nazirliyinin Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yunan-Roma və sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq “Təhsil” turnirinə yekun vurulub. Güclü güləşçilərin iştirak etdiyi yarışda çempion və qabaqcıl yerləri tutan idmançılarla görüşüb onları təbrik etdik. Fürsətdən istifadə edib fərqlənən güləşçilərin idmanda əldə etdikləri uğurlarla tanış olduq, onların yarış barədə fikirlərini öyrəndik.
“Qızıl medala sahib oldum”
Tural Əhmədov, “Təhsil” Respublika İdman Mərkəzi 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi “Təhsil” turnirində yunan-Roma güləş növü üzrə I yerin sahibi: “2006-cı ildə Bakı şəhərində anadan olmuşam. 2015-ci ildən bu idman növü ilə məşğul oluram. 2016-cı ildən başlayaraq cəmiyyətlərarası və digər ölkədaxili yarışlarda iştirak etmişəm. 2020-ci ildə Türkiyədə keçirilən Avropa çempionatının iştirakçısıyam. 2022-ci ildə Azərbaycan çempionu olmuşam. Həmin ilin may ayında Türkiyədə 10-a yaxın ölkənin iştirak etdiyi beynəlxalq turnirdə güləşçilər arasında fərqlənərək III yerə sahib olmuşam. Bu yarış haqqında onu deyə bilərəm ki, 10 ölkədən kifayət qədər güclü idmançılar iştirak edirdi. Gərgin qarşılaşmalar oldu, 60 kq çəki dərəcəsində bütün rəqiblərimi tam qələbə ilə məğlub etdim və qızıl medala sahib oldum”.
“Arzum olimpiya və dünya çempionu olmaqdır”
Məhəmməd Abbaszadə, “Təhsil” Respublika İdman Mərkəzi 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi “Təhsil” turnirində səbəst güləş növü üzrə III yerin sahibi: “2007-ci ildə Bakıda anadan olmuşam. 2012-ci ildə dayımın istəyi ilə 5 yaşımdan sərbəst güləşlə məşğul oluram. 2022-ci ildə Bakıda II yerə, ardınca isə Azərbaycan çempionu olmuşam. Həmin ildə Avropa çempionatında III yerə çıxmışam. “Təhsil” turnirində III yer uğrunda Qazaxıstan təmsilçisi ilə mübarizə apardım, 7:2 hesabı ilə rəqibi məğlub etdim. Bu nəticə ilə razı deyiləm. Çox istəyirdim ki, çempion olum. Amma alınmadı. İnşallah qarşıdakı yarışlarda bu mübarizədə etdiyim səhvləri təkrarlamayacağam. Yoldaşlarımın dediyi kimi, bu turnirə çox güclü və təcrübəli idmançılar qatılmışdı. Arzum olimpiya və dünya çempionu olmaqdır”.
“Mən bu turnirdə III yerə sahib oldum”
Yusif Əlizadə, “Təhsil” Respublika İdman Mərkəzi 10 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi “Təhsil” turnirində yunan-Roma güləş növü üzrə III yerin sahibi: “2006-cı ildə Biləsuvar rayonunun Bəydilli kəndində anadan olmuşam. 8 yaşımdan güləşlə məşğul olmağa başlamışam. Dəfələrlə Bakı və Azərbaycan çempionatlarında iştirak etmişəm və qabaqcıl yerləri tutmuşam. “Təhsil” Respublika İdman Mərkəzinin yarışlarında iştirak edərək I yerə çıxmışam. 2018-ci ildə Ukraynada təşkil olunan dünyanın ən güclü güləşçilərinin iştirak etdiyi beynəlxalq turnirdə I yerə sahib olmuşam. Həmin ildə İran İslam Respublikasında keçirilən yarışda da fəxri kürsünün ən yüksək pilləsinə qalxmışam. Bundan başqa, 2022-ci ildə qardaş Türkiyədə keçirilən yunan-Roma güləşi üzrə beynəlxalq turnirdə iştirak edərək çempion olmuşam. Milli komandanın üzvüyəm. Yarış haqqında onu deyə bilərəm ki, olduqca gərgin keçdi. Çox güclü idmançılar iştirak edirdi. Mən bu turnirdə 51 kq çəki dərəcəsində III yerə sahib oldum. Ürəyimcə iştirak edə bilmədim, özümü bağışlaya bilmirəm”.
“Mən bu nəticə ilə razılaşmıram”
Turan Daşdəmirov, “Təhsil” Respublika İdman Mərkəzi 10 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi “Təhsil” turnirində yunan-Roma güləş növü üzrə II yerin sahibi: “2007-ci ildə Bakı şəhərində anadan olmuşam. 2016-cı ildən bu idman növü ilə məşğul oluram. Dəfələrlə “Təhsil” Respublika İdman Mərkəzinin təşkil etdiyi yarışlarda iştirak edərək qabacıl yerləri tutmuşam. Yunan-Roma güləş növü üzrə Azərbaycan və Bakı çempionu olmuşam. 2021-ci ildə Avropa çempionatında iştirak edərək II yeri tutmuşam. 2022-ci ildə yenidən Avropa çempionatında iştirak edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Avropa çempionu oldum. Həmin ildə Türkiyənin Rizə şəhərində keçirilən beynəlxalq turnirdə də I yerə layiq görüldüm. Yarış haqqında onu deyə bilərəm ki, burada favorit güləşçilər iştirak edirdi. Mən bu yarışda 45 kq çəki dərəcəsində çıxış etdim. Finalda Qazaxıstan təmsilçisi ilə mübarizə apardım. Həmin güləşçi də çox təcrübəli idi. Onu 4:1 hesabı ilə məğlub edərək II yerə sahib oldum. Mən bu nəticə ilə razılaşmıram. Gərək birinci yerə çıxardım. Burada etdiyim səhvləri növbəti yarışda təkrarlamayacağam”.
“Fəxri kürsünün ən yüksək pilləsinə qalxmışam”
Rəvan Həsənzadə, “Təhsil” Respublika İdman Mərkəzi 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəbinin yetirməsi “Təhsil” turnirində yunan-Roma güləş növü üzrə I yerin sahibi: “2006-cı il yanvarın 5-də Bakıda anadan olmuşam. Bu idman növünə marağı, sevgini məndə qonşumuz, yaxın dostum yaratdı. Yeddi yaşımdan yunan-Roma güləşi ilə məşğul olmağa başlamışam. 2019-cu ildə Balakən rayonunda keçirilən Azərbaycan çempionatında iştirak edərək bu idman növü üzrə ölkə çempionu adına layiq görülmüşəm. Həmin ilin iyun ayında Türkiyədə keçirilən beynəlxalq turnirdə iştirak edərək 48 kq çəki dərəcəsində qalib olmuşam. Bundan başqa, dəfələrlə iştirak etdiyim Bakı çempionatının qalibiyəm. Dəfələrlə “Təhsil” Respublika İdman Mərkəzinin təşkil etdiyi yarışlarda da iştirak edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışam. Beynəlxalq “Təhsil” turniri haqqında onu deyə bilərəm ki, buraya çox güclü güləşçilər dəvət olunub. Mübarizəyə qatılanda bunun bir daha şahidi oldum. Mən də Kazandan olan təcrübəli yunan-Roma güləşçi ilə qarşılaşdım. Ən çətin görüşüm də bu oldu. Bu güləşçi Asiya çempionu idi. Mübarizə çətin olsa da rəqibi məğlub etdim. Yarımfinalda da digər Kazan idmançısı ilə qarşılaşdım. 12:10 hesabı ilə məğlub edərək finala yüksəldim. Final oyununda da həmyerlimizə qalib gələrək qızıl medala sahib oldum”.
Qeyd edək ki, yunan-Roma və sərbəst güləş üzrə yeniyetmələr (U-17) arasında beynəlxalq “Təhsil” turnirinin keçirilməsində məqsəd güləşin məktəblilər arasında kütləviliyinin, yeniyetmə idmançıların yarış təcrübələrinin artırılması, onlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və bu idman növü üzrə yeniyetmələrdən ibarət ölkə və “Təhsil” Respublika İdman Mərkəzinin yığma komandalarına namizədlərin seçilməsindən ibarətdir. Mükafatlandırma mərasimində qaliblərə medallar təqdim olunub.
Rəşad ZİYADOV
|
|
24.12.2022 | 10:32 | |
|
|
|