“İdman festivalı 2022”nin qalibi

Abdulla Əliyev 11 sentyabr 2008-ci ildə Bakı şəhərində anadan olub.  Bakıdakı 169 nömrəli tam orta məktəbin IX sinif şagirdidir. İdmanın yüngül atletika növünə uşaq yaşlarından marağı olub. Deyir ki, bu idman növünə həvəsini onda atası, cüdo üzrə idman ustası Gündüz Əliyev yaradıb. 

 

Abdulla bu yaxınlarda Şəki şəhərində 23 idman növü üzrə  keçirilən “İdman festivalı 2022”də uğurla çıxış edərək adını qaliblər siyahısına yazdırıb. Qalib idmançımızla söhbət edib onun uğurları ilə tanış olduq: “Balaca olanda, təxminən  3 yaşımdan atam mənə idmanla məşğul olmağı öyrədirdi. Özü məşq edəndə hər dəfə məni də zala aparırdı. Sonradan atam idmana olan həvəsimi  və bu sahəyə olan böyük sevgimi görüb yüngül atletika bölməsində məşqçi-müəllim  Anar Yusifovun yanına gətirərək bu idman növünün sirlərini öyrənməyə başladım. Uğurlarım bərədə onu deyə bilərəm ki, ölkə çempionatlarında yüngül atletika üzrə dəfələrlə iştirak edib çempion olmuşam.  Sonuncu dəfə 2022-ci ildə Azərbaycan çempionu olmuşam. Beynəlxalq  turnirlərdə də iştirak edərək uğurlu çıxışlarımla ölkəmizi təmsil etmişəm. Azərbaycanın yüngül atletika üzrə  milli yığma komandasının üzvüyəm.  Qeyd etmək istərdim ki, idmanda qazandığım uğurlarımda Anar Yusifovun və  Tural Sadıqlının əməyi böyükdür. İdmanla yanaşı, mən həm də dərslərimi də yaxşı oxuyuram. Fürsətdən istifadə edib təhsil aldığım məktəbin direkoru Lalə Fətiyeva  başda olmaqla bütün müəllimlərimə təşəkkürümü bildirirəm. Ən böyük arzum Olimpiya  çempionu olmaqla yanaşı, Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olmaqdır”.

 

Biz də gənc idmançımıza vəsiqə aldığı bütün yarışlarda qalib olmasını arzu edərək ona gələcək həyatında uğurlar diləyirik.

 

Rəşad ZİYADOV

 



18.12.2022 | 11:07