Paytaxt məktəbində filmin təqdimatı

Bakı şəhər R.Əliyev adına 3 nömrəli tam orta məktəbin IX,  X və  XI sinif şagirdləri üçün  unudulmaz bir gün oldu. Dekabrın 1-də, Laçının Ermənistanın işğalından azad edilməsinin ikinci ildönümündə Şuşa şəhərinin 270 illiyinə həsr edilmiş “Şuşanın 270 anı” adlı filmin təqdimatı oldu.

 

Filmi Xəzər TV-nin tanınmış jurnalisti, özünün milli-vətənpərvər mövqeyi ilə seçilən peşəkar təmsilçisi Lalə Azərtaş təqdim edib.

 

Təqdimatın açılışında çıxış edən məktəbin direktoru, Əməkdar müəllim Almaz Həsrət vurğulayıb ki, Azərbaycanın göz bəbəyi olan Şuşa artıq iki ildən çoxdur ki, düşmən işğalından azad edilib. Elə bir azərbaycanlı olmaz ki, Şuşa adı gələndə həyəcanlanmasın. Direktor qeyd edib ki, təqdimatı gerçəkləşən film də bu baxımdan müəllimlər və şagirdlər üçün yaddaqalan olacaq.

 

Daha sonra filmin müəllifi Lalə Azərtaş çıxış edərək deyib ki, film Cəmiyyətin və Medianın İnkişafı İctimai Birliyinin məhsuludur. Şuşanın 270 illiyinə ərməğan edilən filmin çəkilməsi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə mümkün olub.

 

Lalə Azərtaş filmin çəkilişi ilə bağlı ayrıntılar haqqında da qısa bilgi verib. O, çəkiliş zamanı yaşadığı duyğuları məktəb kollektivi ilə paylaşıb.

 

Bundan sonra film təqdim edilib.

 

Ekran əsəri şagirdlər və müəllimlərin duyğulu anlar yaşamasına səbəb olub. Sonda sürəkli alqışlarla qarşılanan film Azərbaycanın müqəddəs və əzəli bir yurd yerini düşmən tapdağından azad etməsinin önəminə işıq tutub.

 

Filmə baxışın ardından Lalə Azərtaş və Almaz Həsrət fikirlərini paylaşıblar.

 

Təqdimatda BAYRAQDAR MEDİA-nın baş redaktoru, Əməkdar jurnalist Azər Həsrət filmə baxdıqdan sonra fikirlərini paylaşıb, Lalə Azərtaşın bir jurnalist və vətəndaş kimi istər 44 günlük savaşa qədər, istər savaş günlərində, istərsə də savaşdan sonra informasiya cəbhəsində yorulmadan çalışdığını vurğulayıb.

 

Azər Həsrət eyni zamanda şagirdlərlə fikirlərini paylaşıb, Müzəffər Ali Baş Komandanın qətiyyəti və igid Azərbaycan oğullarının canı-qanı hesabına torpaqların düşmən tapdağından azad edildiyini bildirib.

 

Bundan sonra bədii hissə olub. Məktəbin şagirdlərinin bir-birindən gözəl ifaları, rəqsləri qonaqların, şagird və müəllimlərin alqış və rəğbəti ilə qarşılanıb.

 



02.12.2022 | 11:41