Varlı olmaq üçün harada oxumaq lazımdır?

Tarix boyu insan “ən yaxşı”nın axtarışında olub. Ən yaxşı torpaqlar, ən yaxşı qida, bəzək əşyaları, geyim və ... təhsil. XXI əsrdə tək təhsil almaq yetərli deyil, hansı ixtisas və peşə üzrə oxumağın anlamı olduqca böyükdür. Və təbii ki, harada, hansı ali məktəbdə. Qərbdə istehsal olunmuş filmlərdəki süjetlərdən tutmuş gündəlik xəbərlərədək hər yerdən öyrənirik ki, cəmiyyətdə uğur qazanmış, sosial rifahı yüksək olan şəxslər təhsillərini dünyanın ən nüfuzlu təhsil ocaqlarında alıblar. Bu nə deməkdir? Həmin o varlı şəxslərin hamısı nüfuzlu ali məktəblərə öz savadları ilə daxil olublarmı?

 

Ötən saylarımızda ali təhsili olmayan və hətta varlı olmaq üçün təhsilə ehtiyac duymayan dünyanın ən tanınmış milyarderləri barədə yazı dərc etmişdik. Yazıdan göründüyü kimi, dünya iqtisadiyyatına və bir çox hallarda hətta siyasi proseslərə belə təsiri olan iri kapital sahiblərinin təqribən dörddə birinin ali təhsili yoxdur. Yaxud da eləsi var, elmlər doktorudur, ancaq düşünür ki, bu qədər var-dövlət yığmaq üçün təhsil əsas deyil. Bugünkü yazımızda isə biz yerdə qalan ali təhsilli varlıların hansı ali məktəblərdə oxuduqlarına toxunacağıq. Çünki xüsusilə Qərb dünyasında onların yalnız məhdud dairəli, sayı bir neçə ilə məhdudlaşan təhsil ocaqlarının yetirmələri olmaları barədə formalaşmış və kök salmış rəy mövcuddur.

 

Elita harada oxuyur?

 

Sinqapurun Wealth-X şirkəti və UBS bankının dünyanın müxtəlif ölkələrindən olan milyarderlər arasında apardıqları sorğunun nəticələrinə görə, onların təqribən üçdəikisi ali təhsillidirlər. Britaniyadan olan milyarderlərin 80%-i ali məktəb bitirib. Supervarlıların əksəriyyətinin ali təhsilli olmaları ilə yanaşı, onların dörddəbirinin magistr, təqribən 10%-nin isə doktor dərəcəsinə yiyələndikləri üzə çıxıb. Əldə edilmiş məlumatlardan görünür ki, dollar milyarderləri adəti üzrə dünyada ən nüfuzlu sayılan universitetlərin məzunları olurlar. Hazırda gələcəyin varlıları arasında ən populyar olan 20 universitetdən 16-ı ABŞ-da yerləşir.

 

2014-cü ilin məlumatına görə, belə prestijli təhsil ocaqları arasında birincilik Pensilvaniya Unversitetinə məxsusdur. Sonra sıra ilə Harvard, Yel, Cənubi Karolina, Prinston, Kornel və Stenford universitetləri gəlirlər. Bu ali təhsil ocaqlarının milyarder məzunlarının böyük qismi maliyyə və investisiya sektoru, bank əməliyyatları sahəsində uğur qazanıb.

 

Ancaq son illərdə varlı məzunların yaşayış və təhsil coğrafiyalarında dəyişikliklər də müşahidə olunur. Məsələn, Hindistanın iqtisadi tərəqqisinin güzgüsü olan Mumbay Universiteti həmin o nüfuzlu ali məktəblərin sıralamasında 9-cu yerdə qərarlaşmağa müvəffəq olub. Rusiya oliqarxları hesabına Lomonosov adına MDU 11-ci sıranı tuta bilib.

 

Prestijli ali məktəblərin reytinqində Amerika universitetlərinin dominantlıq etməsi, heç də ən ağıllıların bu ölkə vətəndaşı olmaları anlamına gəlməməlidir. ABŞ-da təhsil alan şəxslərin dörddə birindən çoxu bu ölkəyə planetin müxtəlif guşələrindən gəliblər. Milyarderlər ixrac edən universitetlərin reytinqi belədir:

 

1. Pensilvaniya Universiteti;

2. Harvard Universiteti;

3. Yel Universiteti;

4. Cənubi Karolina Universiteti;

5. Prinston Universiteti;

6. Kornell Universiteti;

7. Stenford Universiteti;

8. Kaliforniya Berkli Universiteti;

9. Mumbay Universiteti;

10. London İqtisadiyyat Məktəbi;

11. Lomonosov adına MDU;

12. Texas Universiteti;

13. Dortmund Kolleci;

14. Miçiqan Universiteti;

15. Nyu-York Universiteti;

16. Kolumbiya Universiteti;

17. Braun Universiteti.

 

Elita nə ilə məşğul olur?

 

Nüfuzlu ali məktəbləri bitirib dünyanın sayılıb-seçilən varlı şəxsləri olandan sonra da məzunların bəzilərinin təhsilə maraqları qalmaqda davam edir. Bu, özünü əsasən onların var-dövlətlərinin bir qismini təhsil və elm sahəsinə xeyriyyə məqsədilə xərcləmələrində büruzə verir. Statistikaya görə, hətta milyarderlərin tən yarısı təhsil, əsasən də ali təhsilin inkişafı üçün öz maliyyə imkanlarını xərcləyir. Məsələn, Harvard Universiteti müxtəlif elmi araşdırmalar üçün ianə toplayarkən qarşıya 6,5 milyard dollar vəsait yığmaq məqsədi qoyur. Həmin vəsait məhz sabiq məzunlar, indi isə olduqca varlı olan şəxslərdən gəlir.

 

Bill Geyts xeyriyyə məqsədlərilə 27 milyard dollar vəsait xərcləyib. Onun həyat yoldaşı ilə birlikdə təsis etdiyi fond müxtəlif məqsədlərə, o cümlədən təhsilin inkişafına külli miqdarda pul ayırır. Fond misal üçün, sırf müəllim hazırlığı ilə məşğul olan layihəyə vəsait ayırır. Bu işdə daha bir milyarder Uoren Baffet də Geytsə dəstək verir. Hindistandan olan milyarder Azim Premji xeyriyyə məqsədləri ilə 8 milyard dollar vəsait xərcləyib. Yaratdığı fond vasitəsilə Hindistanda məktəb islahatları ilə məşğul olur. Riteyl maqnatı Çarlz Frensis Fini ABŞ, Vyetnam və Bermud adalarında təhsil, səhiyyə və təbiətin qorunması işlərinə 6,3 milyard dollarından keçib. Ərəb milyarder Abdul Əziz Əl-Rachi üç oğlu ilə yaratdığı fond vasitəsilə müxtəlif məqsədlərə, o cümlədən təhsilin inkişafına ümumilikdə 5,7 milyard dollar xərcləyib. Milyarder Maykl Blumberq təhsil, səhiyyə və ətraf mühitin qorunması layihələrinə 3 milyard dollaradək vəsait ayırıb. Yeni nəsil milyarderlərdən olan Mark Zukerberq Kaliforniya və Nyu-Cersi məktəblərinin inkişafı üçün 220 milyon dollar vəsait ayırıb.

 

Təbii ki, belə nümunələr çoxdur. Çünki milyarderlərin sayı az deyil. “Forbes”in statistikasına görə, hazırda dünyada 2 min nəfərdən çox milyarder yaşayır. Təbii ki, onların bir qismi topladıqları var-dövlətin bir hissəsini, bəzi hallarda isə böyük hissəsini xeyriyyəyə, o cümlədən təhsili stimullaşdıran layihələrə yönəldir. Bu işdə təbii ki, onların yuxarıda adları çəkilən ali məktəblərdə təhsil almalarının ciddi təsiri olub. Çünki o universitetlər də öz növbəsində ciddi elmi nailiyyətlərin qazanılması üçün digər və yaşlı nəsil milyarderlərin ianələrinə ehtiyac duyublar.

 

Avropanın milyarder-məzunları

 

Araşdırmalara görə, Avropadan olan varlı şəxslərin 40%-i 10 şəhərdə yaşayır. Bu şəhərlər arasında London və Moskva liderlik edirlər. Milyarderlərin sayına görə dünya lideri isə Nyu-Yorkdur. Maraqlı məqamlar da var. Misal üçün, Nigeriya təhsilsiz uşaqların sayına görə Afrikada birincidir. Eyni zamanda milyarderlərinin sayına görə qitənin lideridir.

 

Müxtəlif reytinqlər göstərir ki, ABŞ-la yanaşı, Britaniya da təhsil sahəsinin öncüllərindəndir. Məsələn, Avropanın ali məktəbləri üzrə reytinqlərin ilk sıraları ənənəvi olaraq Britaniya məktəbləri tərəfindən “işğal” olunur. Bəs Britaniyanın hansı ali məktəbləri gələcək milyarderlər, yaxud hazırki varlıların uşaqları üçün prestijlidir?

 

Britaniyanın aparıcı investisiya şirkətlərindən olan “Scandia”nın milyarderlər arasında apardığı araşdırmanın nəticələrinə görə, varlılar üçün ən populyar ali təhsil ocağı London Universitetidir. Ən çox gələcəyin milyarderləri də buradan çıxır. Məlumdur ki, London Universitetinin 19 müxtəlif kolleci və 10 ixtisaslaşmış institutu, 120000 tələbəsi var və araşdırmada iştirak etmiş milyarderlərin 10,9%-i məhz bu təhsil ocağını bitirib. Universitetin London İqtisadiyyat Məktəbi bu istiqamətdə daha populyardır. London Universiteti əcnəbi tələbələr arasında ən çox arzulanan təhsil ocağıdır. Eyni zamanda, varlı ailələrin tələbə-uşaqlarının sayına görə bu ali məktəb ikincidir.

 

Britaniya milyarderlərinin 7,8%-i Oksford Universitetini bitirib. Bu ali məktəb yüzlərlə siyasət adamı, ictimai xadim, biznesmen və yazıçı yetişdirib. Seçilmiş peşədən asılı olmayaraq, buranın məzunlarının əksəriyyəti həyatda uğur qazanmağı bacarır. QS World University Rankings 2011/2012-nin reytinqinə görə, milyarderlərin 5,5%-i Kembricin məzunudur. Bu universitet dünyaya 88 Nobel mükafatçısı bəxş edib. Bu göstəriciyə görə ali məktəb dünyanın ilklərindəndir.

 

Tələbələrin maliyyə vəziyyətlərinə dair araşdırmaların nəticələrinə görə, onların ən kasıbları Lids Universitetində oxuyurlar. Bununla belə, bu ali məktəbin məzunları Britaniya milyarderlərinin 3,9%-ni təşkil edir. 40000 tələbəsi olan Mançester Universiteti 3,5%-lik göstərici ilə nüfuzunu qoruyur. Bu ali məktəb dünyaya 26 Nobel mükafatçısı verib. Britaniya milyarderlərinin oxuduqları ali məktəblərin sıralamasının sonrakı təmsilçiləri isə Sent-Endryu, Birmingem, Bristol, Edinburq, Aston və digər universitetlərdir.

 

“Hronika.İnfo”nun yazdığına əsasən, “Forbes”in siyahısına görə, 2017-ci ildə dünyada 2043 milyarder olub. Bu, 2016-cı ilə nisbətən 233 nəfər çoxdur. Hazırda milyarderlərin ümumi var-dövləti təqribən 8 trilyon dollar təşkil edir. Milyarderlərin 471 nəfəri avropalıdır, onlar dünyanın 208 ali məktəbində təhsil alıblar. “Business Insider” analitiklərinin hazırladıqları siyahıya görə, Avropada ən çox milyarder-məzunu olan ali məktəblərin ilk “beşliy”i belədir:

 

1.      Sent-Qallen Universiteti (İsveçrə) - 10 milyarder;

2.      London İqtisadi Məktəbi (Britaniya) - 8 milyarder;

3.      Sürix Ali Texniki Məktəbi (İsveçrə) - 7 milyarder;

4.      HEC Paris (Fransa) - 6 milyarder;

5.      Lund Universiteti (İsveç) - 6 milyarder.

 

Təbii ki, bu ali təhsil ocaqlarında oxumaq yüzdə-yüz varlı olmaq perspektivi vəd etmir. İngiltərənin Lids Universiteti ən kasıb məzunların oxuduqları yer olsa da, oradan da varlılar çıxır. Digər tərəfdən, belə ali məktəblərdə oxuyan gənclərin bir qismi məhz elə hazırki supervarlıların övladlarıdırlar. Bu amil onların valideynləri kimi gələcəkdə imkanlı olacaqlarının bir növ təminatıdır. Bununla belə, adları çəkilən ali məktəblərdə oxumağın gələcəkdə varlı şəxs olmaq üçün çox mühüm bir köməyi ola bilər: təsəvvür edin, ətrafınızdakılar hansısa milyarderlərin övladlarıdır. Yaxud gələcək milyarderlərdir. Bundan böyük şans?

 

Rüstəm QARAXANLI

 



31.08.2018 | 11:23