Optimallaşmış motivasiya

İmperator Napoleonun Avropanı işğal etməsinə baxmayaraq, imtahandan bərk qorxduğunu çoxlarımız eşitmişik. Həqiqətdir, ya deyil, başqa məsələ. Ancaq imtahan tək Napoleon deyil, milyonlarla insanın qorxulu röyasıdır. Əslində, həyat özü saysız-hesabsız imtahanlardan ibarətdir - nə qədər çalışsan da, onlardan yaxa qurtara bilməyəcəksən. Dərslə bağlı sınaqlar bunların ən asanıdır. Odur ki, buraxılış və qəbul imtahanlarının başa çatması fonunda mövzuya daha “ürəklə” yer ayıra bilərik. Qorxanlar sakitləşsin, özündən arxayınlar isə bir az “ayıq” olsunlar.

 

Tarix imtahanı yox, imtahanın tarixi

 

Məktəblilərə təəccüblü görünə bilər, ancaq imtahan hələ antik dövrün təhsil ocaqlarında mövcud olub. Ümumi dövlət imtahanlarını ilk dəfə Çində tətbiq etməyə başlayıblar. Əsas məqsəd savadlı gəncləri dövlət idarəçiliyi prosesinə cəlb etmək idi. Dövlət işi tarixən nüfuz və dəb mənbəyi olub. Kəndlinin, kasıbın övladının dövlət işində çalışmasından böyük nə arzusu ola bilər?

 

Çində tətbiq edilmiş həmin ümumi imtahanlar sıravi çinlinin uşağının dövlət aparatında yer tutması üçün bir şans idi. Ona görə də o vaxtlar imtahanı, necə deyərlər, toy-bayramla yola verərdilər. Qorxmaqdan söhbət belə getməzdi.

 

1806-cı ildən etibarən Böyük Britaniya Çindən ümumi dövlət imtahanları təcrübəsini götürmək qərarına gəldi. Bu tarixdən etibarən britaniyalılar üçün də kral sarayında, yaxud dövlətin digər strukturlarında işləmək imkanı yarandı. Bu vaxtadək Avropanın heç bir yerində belə bir təcrübə yox idi, ona görə də tez bir zamanda bütün qitəyə yayılmağa müvəffəq oldu.

 

Dünyanın müxtəlif ölkələrində imtahanla bağlı maraqlı ənənələr və faktlar mövcuddur. Məsələn, “edunews.ru” saytının məlumatına görə, bəzi ölkələrdə ali məktəblərdə tələbələrin imtahandan əvvəl bərkdən qışqırmalarına icazə verilir. İbtidai qışqırıq təsiri bağışlayan bu səs sizə futbol fanatını, yaxud Hollivud personajı Tarzanı xatırlada bilər. Proses 5-10 dəqiqə davam edir. Yəni, icazə bu qədərə verilir. Hesab olunur ki, bu yolla gərginlik və həyəcana qalib gəlmək olar.

 

Prinston Universitetində isə imtahanda nəzarətçi müəllimlər olmur. Məsələ burasındadır ki, hər bir tələbə “Vicdan məcəlləsi”nə riayət edir. And içdinsə, yoldaşlarından köçürə bilməzsən.

 

Yapon tələbələr imtahana “Kit kat” şokoladları ilə gəlirlər. Yox, düşünməyin ki, onlar imtahan ərəfəsində beyinlərini “yemləyir”lər. Sadəcə olaraq şokolad yapon tələbələri üçün “gözmuncuğu” kimi bir məna kəsb edir.

 

Yapon dilində “Kit kat” bu anlamı verir: Mütləq qalib gələcəyik! Şokoladın imtahana götürülməsinin əsas səbəbi budur.

 

Çinlilər imtahan üçün kiçik gizli konspektləri hələ 1100-cü ildən hazırlamağa başlayıblar. Minillər keçsə də, tələbənin imtahana özü ilə köməkçi material keçirmək niyyəti aktuallığını itirməyib. Vyetnamda 2007-ci ildə 3 nəfəri bu səbəbdən hətta həbs ediblər. Sən demə, onlar 3 min ABŞ dolları müqabilində abituriyentlərə içində qulaqcıqlar yerləşdirilmiş parik və gizli cibi olan və burada mobil telefon gizlədilmiş köynək təklif edirmişlər. Həbs olunanlar bilirsiniz hansı maddə ilə ittiham olunublar? Dövlət sirrinin bilərəkdən yayılmasına cəhd maddəsi ilə!

 

Vahimə mənbəyi deyil, bilmək imkanı

 

İmtahan nədir? “Wikipediya”nı açsanız, deyəcək ki, “imtahan biliklərin son qiymətləndirilməsi formasıdır”. Latın dilindən mənşəyini götürüb və “sınaq”, “qiymət”, “tərəzinin oxu” mənalarını verir (examen). Bir az analiz etsək, maraqlananlara belə bir açıqlama verməliyik: İmtahan biliklərin yoxlanılması üçün üsullardan biridir və heç də müəllimə onun mühazirələrində iştirak etməmiş tələbə ilə haqq-hesab çürütmək üçün bir fürsət deyil. Bu kəlmə çoxlarında vahimə doğurur və büruzə verilmiş emosiyalar heç də xoş mənbəli deyil. Ancaq anlamaq yetərlidir ki, ilboyu keçilən dərsləri normal qaydada əxz edən adam üçün imtahan elə də böyük problem olmamalıdır.

 

Yüzillər boyu imtahan “haldan-hala” düşsə də, son məqsədi dəyişməz olaraq qalır: biliklərin yoxlanılması. Bu proses bir neçə formada həyata keçirilə bilər:

 

- Nəzəri və praktiki sınaqlar;

- Yazılı və şifahi imtahan;

- Bilet və ya testlərdən istifadə etməklə yoxlama.

 

Məqsəddən asılı olaraq imtahanlar aşağıdakı qruplara bölünür:

 

- Buraxılış imtahanı - məktəblərdə 9 və 11-ci siniflərdə, ali məktəbi bitirdikdə  verilir;

- Qəbul imtahanı - ali, yaxud orta ixtisas təhsil müəssisəsinə daxil olarkən verilir;

- Yerdəyişmə imtahanı - kursdan, yaxud bir sinifdən digərinə keçmək üçün verilməlidir.

 

“Dmitriyevin izahlı lüğəti”ndə imtahanların təsnifatı bir az geniş təqdim olunur. Məsələn, Profil imtahanı - kursda əsas sayılan fənn üzrə imtahana deyilir. Yaxud, Dövlət imtahanı - Dövlət təhsil orqanları tərəfindən keçirilmə qaydaları və proqramı hazırlanan imtahanlar. Ekstern imtahanı o kəs verir ki, həmin təhsil ocağında mühazirə və seminarlarda iştirak etməsə də, qiymətləndirmə prosesindən keçir. Vaxtından əvvəl verilən imtahanlar da mövcuddur.

 

İmtahansız keçinmək olarmı? Sual elə imtahan qədər tarixə malikdir. Belə görünür ki, imtahansız olmur. Elə ölkələr var ki, orada imtahanların sərtliyini gördükdə yalnız şükür etmək qalır. Çində ali məktəblərə qəbul imtahanları 9 saat davam edir. Gənclər bu imtahanları “İllik dəhşət” adlandırırlar. Çində qəbul imtahanlarına orta məktəbin 1-ci sinfindən başlanılır. Uşaqlar gün ərzində 14-16 saat dərslə məşğul olurlar. Başqa nəyəsə vaxt demək olar ki, qalmır. İmtahandan əvvəl gənclərin hətta vitaminlər qəbul etmələri adi haldır. Hubey vilayətinin məktəblərindən birindən çəkilmiş fotoşəkildə imtahan ərəfəsində uşaqların damarlarına amin turşusu yeridildiyi əks olunurdu. Bütün dünya şoka düşmüşdü. Ancaq məktəblərdən verilmiş rəsmi açıqlamalarda qeyd edilirdi ki, vitaminlər uşaqların uzun sürən imtahanlarda huşlarını itirmələrinin qarşısını almaq üçün effektiv üsuldur.

 

Qəti qorxusu yoxdur

 

Psixoloq Yakov Koçetkov imtahanı uğurla və qorxmadan vermək üçün sınaqdan çıxarılmış vasitələri 5 bənddə toplayıb. İstəyirsən hazır ol, istəyirsən olma, imtahanın vahiməsindən yaxa qurtarmaq elə də asan iş deyil. Nə etmək olar? Koçetkovun həmin o 5 bəndi köməyimizə çata bilər. Baxır kimə hansı. Beləliklə:

 

1. İmtahana bir gün qalmış maksimum məlumat toplamağa çalışmaq lazımdır. Yəni oxumaq və təkrarlamaq. Hesab olunur ki, qısamüddətli yaddaş oxunanların hamısını saxlayır və imtahan zamanı adamın işinə yarayır.

2. Bu bənd birinci ilə əks mövqedədir. Belə ki, imtahandan bir gün əvvəl heç nə oxumaq lazım deyil, qoy beynin və əsəb sistemin istirahət etsin.

3. İmtahandan əvvəl sakitlik ziyandır. Sən əsəbləşməli, həyəcanlanmalısan. Stress şəraitində beyin daha iti işləyir, səfərbər olur.

4. İmtahanı uğurla vermək üçün konspektlər hazırlamalısınız. Özü də mütləq əllə yazmaqla. Onda yaddaşa yaxşı həkk olunur.

5. Psixoloqlar hesab edir ki, imtahandan əvvəl abituriyentin nəyəsə inanması, hansısa işarəyə, yoxsa əlamətə güvənməsi lazımdır. Məsələn, idmançı qələbə çaldığı idman formasına bir müqəddəs əşya kimi yanaşır və qarşıdakı yarışlara özü ilə götürür. Belə ritual jestlər beynimizi sakitləşdirməyə imkan yaradır, sanki öz-özümüzə deyirik: Hər şey yaxşı olacaq!

 

Yerks-Dodsonun motivasiya optimumuna görə, qələbə çalan nə yüksək motivasiyalı olur, nə də motivasiyasız. Uğuru o kəs qazanır ki, motivasiyasını optimallaşdıra bilir. Əgər siz “ya öləcəm, ya birinci olacam” deyirsinizsə, “yana” bilərsiniz - bu yanaşma stress mənbəyidir. Normal stress hormonu üçün motivasiya optimallaşmalıdır. Məsələn: “Mən 100 bal toplamaq istəyirəm, amma 80 yığsam da pis olmaz”.

 

Sovet dövrünün məşhur lətifələrindən birində bəhs olunurdu ki, amerikalı tələbəni çağırıb soruşurlar: Çin dilini hansı müddətə öyrənərsən? Deyir, 6 aya. Fransızı dəvət edirlər, söz verir ki, 3 aya öyrənə bilər. Sovet tələbəsindən soruşanda isə qayıdır ki, nə olub, sabah imtahandır?

 

Aforizmlərdən biri imtahana belə tərif verir: iki-üç günə il, yaxud semestr ərzində keçilən dərs barədə nələrisə yadda saxlamaq üçün imkan. Lətifədəki sovet tələbəsi məhz bu aforizmdən çıxış edir. Ancaq kim deyə bilər ki, bu yanaşma özünü doğrultmur?

 

Rüstəm QARAXANLI

 



13.07.2018 | 12:31