Deməyə sözümüz var!.. | |
Araşdırsaq, bəlkə də bütün ölkələrdə sağlam sistemlərin yolu belə cızılır. Təkcə özünə deyil, cəmiyyətə, ölkəyə, vətəndaşlara hesabat vermək. Bir neçə ildir Təhsil Nazirliyinin tətbiq etdiyi bu qayda təbii olaraq insanlara və cəmiyyətə faydasız ötüşməyib. Bu həm də daxili rəqabəti gücləndirir. Nazirliyin ayrı-ayrı şöbə və idarələri ilin sonunda rəhbərliyə verəcəkləri hesabata hazır olmaq üçün real nəticəli işlər görür. Doğrudan da nəticə o zaman yaxşı olur ki, sağlam rəqabət və sürətli iş gedir. Bu üzdən də bir neçə ildir nazirliyin qeyd edilən fəallığı yaxşı nəticələr verir.
Yaxşı nəticələr insanları təkcə vətəndaş olaraq sevindirmir, həm də valideyn olaraq məktəbdən umduğunu almağa başlayırsan deyə, rahatlayırsan. Əslində, bu, valideyn və şagirdlərin özündən də çox ölkə üçün vacibdir. Çünki möhkəm və bünövrəli qoyulduğu iddia edilən sistemlər, dövlətlər təhsildə fiasko yaşayandan sonra öz statuslarını itirir, müstəmləkə olur və ya intellekti olmayan cəmiyyət halına düşürlər. Yəni xaricdən bir ölkəyə girməyin mütləq yolu həm də orada təhsil sistemini bərbad hala salmaqdan keçir. Bu mənada təhsil həm də təhlükəsizlik məsələsidir. Demək, əslində, 2017-ci ilin yekunlarına dair Təhsil Nazirliyinin hesabatı həm də ölkədə təhsil təhlükəsizliyinin hansı həddə olmasının göstəricisi idi.
Sevindirici olan məqam budur ki, sistemi quranlar və idarə edənlər ciddi işin öhdəsindən hələlik nə qədər çətin olsa da, gələ bilirlər. Çünki vətənpərvərliyi və proqnozlaşdırma bacarığı olan insanlardan ibarət sistem qurulub.
Qeyd etmək lazımdır ki, bu həm də təhsildə keyfiyyət ilinin böyük uğuru hesab oluna bilər. Məhz bu elandan sonra məktəblərdə Azərbaycanın milli-mənəvi dəyərlərini şagirdlərə anlatmaq üçün xeyli iş görüldü. Əminlik yaranır ki, yaxın perspektivdə bu istiqamətdə daha böyük addımlar atılacaq. Məsələn, daha sadə dillə kitablar yazılacaq, dərs yükünun azaldılması istiqamətində ciddi addımlar atılacaq. Eyni zamanda, Azərbaycanın milli-mənəvi dəyərlərindən danışmağı haqq edən böyük insanlar məktəb, məktəbli qarşısına çıxarılacaq.
Bu sistemi və şəffaflığı inkişaf etdirə bilsək, cəmiyyət, ölkə təkcə yaxşı təhsil vermək işində uğur qazanmayacaq. Həm də öz hesabatını müqayisəli şəkildə daha geniş və aydın təqdim edə biləcək Təhsli Nazirliyi. Necə ki, 2017-ci illə bağlı bu edildi.
Yeri gəlmişkən, belə hesabatlar həm də aşağı instansiyaları daha məsuliyyətli edir. Yəni hər şeyin daha şəffaf və aydın olduğunu anlayan müəllim, şagird və sistemdə idarəçilər, hətta valideynlər ancaq işləmək, müşahidə etmək, oxumaq yolunu tutur.
Yəni indi dərindən nəfəs alıb deyə bilərik ki, bəli, biz təkcə savadlı şagird və müəllim, təhsil sahəsində yaxşı idarəçi yetişdirmirik. Yəni sırf beyin yox, həm də xarakter formalaşdıra, yaxşı İNSAN, vətənpərvər vətəndaş yetişdirə bilirik...
...Təkcə Azərbaycan yox, bütün dünyaya örnək olacaq bir təhsil olayı. Konslagerdə çalışmaq məcburiyyətində olan, əlinə fürsət düşdükcə ən müxtəlif millətin nümayəndələrini xilas etməyə çalışan, milliyyətcə alman gözətçi müharibədən sonra Berlində məktəb açır. Hər dərs ilinin başlanğıcında eyni mətndə və tərtibatda məktub paylayır müəllimlərə: “İllər öncə konslagerdə çalışdım. Orda savadlı həkimlər gördüm, insanların əzalarını diri-diri kəsə biləcək qədər qəlbsiz idilər. Orda savadlı alimlər gördüm, adamları daha tez öldürəcək kimyəvi preparatlar hazırlayırdılar. Orda savadlı hərbçilər gördüm, insanları alçaldıb öldürməkdən zövq alırdılar. Hamısı alman idi. Mən konslagerdə insan alman görmədim. Almaniya üçün belə savadlı mütəxəssislər yox, kamil və sevgi dolu insanlar yetişdirin. Kamil olan vətəndaş, oxumağın da, insanın da, dövlət və dövlətçiliyin də qədrini bilməyin yolunun ancaq oxumaqdan keçdiyini özü mütləq anlayır”.
Demək ki, bizə də lazım olan budur, yaxşı insan yetişdirək ki, sağlam cəmiyyət, yenilməz dövlət və onu idarə edə biləcək kadrlar formalaşdıraq. Bu işdə Təhsil Nazirliyinin üzərinə böyük məsuliyyət düşür. Və bu mənada nazirliyin təqdim etdiyi illik hesabatları sözbəsöz izləyib, oxumaq, vəziyyətin necəliyini dəqiq öyrənmək də mütləqdir.
Jalə MÜTƏLLİMOVA
|
|
29.06.2018 | 13:04 | |
|
|
|