Bəzi deputatlar üçün xatırlatmalar

Milli Məclisin iyunun 12-də keçirilən növbədənkənar plenar iclasında “Təhsil haqqında” Qanuna dəyişikliklər müzakirə olunub. Müzakirələrdə deputatlar maraqlı haşiyələrə çıxıblar. Bəzi millət vəkillərinin çıxışları təəccüb doğurmaqla yanaşı, məlumatsızlıq mühitində olduqlarını göstərib.

 

Məsələn, deputat Vahid Əhmədov Milli Məclisdə çıxış edərək müəllimlərin sertifikatlaşdırılmasının keçirilməsinə etiraz edib. Onun iddiasına görə, imtahan verən müəllimlər həyəcanlanacaq: “Tələb edirik ki, elmlər namizədləri və elmlər doktorları da mütləq imtahan verib sertifikat almalıdır. Yəni 5 ildən sonra o stressi bir də yaşamalıdırlar. Əgər islahat budursa, əhali, müəllimlər, alimlər arasında stress yaratmaqdan ibarətdirsə, bu, islahat deyil! Ümumiyyətlə, sertifikatlaşdırma nə ilə əlaqədardır? Elmlər namizədi müdafiə edib elmlər namizədi adını alıb, elmlər doktoru müdafiə edib, sertifikatını alıb, onda onlar niyə təzədən sertifikat almalıdır?”.

 

Deputat bir məqamda haqlıdır. İmtahan hər zaman həyəcanvericidir. Hansı yaşda nə məqsədlə imtahan edilməyindən asılı olmayaraq, həyəcan yaradır. Yəni, sertifikatlaşdırmanın stresslə müşayiət olunacağı həqiqətdir. Ancaq buradan başqa bir nəticə də çıxır: stress yaratdığı üçün sertifikatlaşdırma aparılmamalıdır?! Deputatın fikri nədir, bəlkə ümumiyyətlə, ölkədə həyəcanla müşayiət olunan bütün imtahanlar ləğv edilsin?! Eyni zamanda, sertifikatlaşma proseduru ancaq imtahan deməkdirmi?

 

Bircə onu unutmamalıyıq ki, müəllimlik dünyanın hər yerində ən çətin və ən məsuliyyətli peşə sahələrindəndir. Gələcəyimizin müəllimlərin yetişdirdiyi nəsildən asılı olduğunu da nəzərə alsaq, cəmiyyət müəllimləri imtahanlardan yayındırmaq deyil, əksinə, onları öz üzərində işləməyə məcbur edən saysız sınaqlara cəlb etməyin tərəfdarı olmalıdır.

 

Bir də ki, elmlər namizədliyini, doktorluğu müdafiə edərkən həyəcanlanmayan müəllim sertifikat alarkən niyə stress keçirsin ki?

 

Deputat Siyavuş Novruzov isə qanuna edilən dəyişikliklərdən danışarkən məktəbəqədər təhsillə bağlı sahib olduğu yanlış informasiyaya əsaslanıb: “Qanunda yazılır ki, məktəbəqədər təhsil almayan şəxs birinci sinfə gedə bilməz. Lakin bu gün ölkədə məktəbəqədər təhsilin səviyyəsi 20 faizdir. Əgər bu yoxdursa, bəs, uşaq birinci sinfə necə getsin”.

 

Bu yerdə xatırlatma edək ki, 2017-2018-ci tədris ilində məktəbəhazırlığın əhatəliliyi əvvəlki illə müqayisədə 10 faiz artırılaraq 65 faizə çatıb. Millət vəkilinin parlamentdə səsləndirdiyi rəqəmlə bu göstərici arasında fərq cəmi 45 faizdir.

 

Milli Məclisdə “Təhsil haqqında” Qanunun müzakirəsinə “Mən problemləri Milli Məclisdə çıxış etmək əvəzinə, çox zaman kiçik çevrədə diqqətə çatdırmağa çalışıram. Bura gəlməzdən əvvəl Təhsil Nazirliyinin hər iki müavininə xidməti telefonumdan zəng etdim, heç biri cavab vermədi”, - sözləri ilə başlayan deputat Elşən Musayevin fikrinə isə təəccüblənməmək mümkün deyil. Görəsən, təhsildəki problemləri telefonda müzakirə etmək üçün deputatın zəng etdiyi ikinci müavin kimdir? Axı, təhsil nazirinin hazırda bir müavini var.

 

Deputat Aqil Abbas isə çox mətləbdən danışıb. Onu da deyib ki, əvvəllər dərslər sentyabrın 1-i başlayıb, mayın axırında bitirdi. Köhnə əyyamları xatırlayan deputat “Bu da cəhənnəm olsun. Dərslərin 15 iyunda başa çatması nə deməkdir? Məktəbdə bu uşaqları niyə süründürürlər? Bu nə deməkdir? İsa müəllim (İsa Həbibbəyli-red) bundan danışın e. Bu gün hər kəs deyir ki, 1-ci sinifə gedən uşağın çantasının çəkisi 7 kiloqramdır. Ştanqist yetişdirirlər? 15 sentyabrı başa düşdük. 15 iyun nə deməkdir? Çox xahiş edirəm ki, bu məsələni qaldırsınlar. Bir də bu 7 kiloqramlıq çanta məsələsinə baxılsın”, - deyərək həyəcan təbili çalıb.

 

Milli Məclis sədri Oqtay Əsədov Aqil Abbasın çıxışına qismən cavab verib. O, deputatın diqqətinə çatdırıb ki, 15 iyun məsələsi elə 15 sentyabrın məntiqi nəticəsidir: “Alimlər məsələsinə gəldikdə isə deyə bilərəm ki, onlar gənc olduğundan yəqin siz onlardan xəbərsizsiniz. Səsləri bir azdan çıxacaq”.

 

Spikerin təbirincə desək, cənab deputat çox şeydən məlumatsız olub. Yalnız son tədris ilində Amerikada, Hindistanda öz kəşfləri ilə dünyaya səs salan azərbaycanlı məktəblilər, ortaya elmi nəticələr qoymağa məktəbdən başlayan  “Sabahın alimləri” barədə nə oxuyub, nə də eşidib. Bunlar bir yana, müzakirəyə çıxardığı təhsil ilinin başlanma və bitmə vaxtları da artıq mövzu kimi gündəmdən düşüb.

 

Bu yerdə hörmətli Aqil Abbasın nəzərinə çatdıraq ki, qaldırdığı iki məsələ, şagirdlərin ağırlaşan dərs yükü və uzadılan dərs ili bir-biri ilə bağlıdır. Məsələ burasındadır ki, dərs ili həm də məktəblilərin dərs yükünün azaldılması məqsədi ilə uzadılıb. May ayından dərslərin keçirilməməsi, vaxtın iyunun 14-dək boşuna uzadılması barədə söylənənlər isə əsassızdır. Tədris proqramı iyunun 14-də yekunlaşır. Proqramın bundan daha tez yekunlaşdırılması, dərs keçilməməsi ayrı-ayrı müəllimlərin yaratdığı problemdir, ümumilikdə təhsil sisteminin yox.

 

Maraqlıdır ki, dünyada ziyalı təbəqəsinin tədris ilinin, dərs saatlarının qısaldılması ilə bağlı təkliflərinə ölkəmizdə olduğu qədər çox rast gəlinmir. Nə qədər qəribə olsa da, Aqil Abbas məktəbdə daha çox olmağı, tədrisə daha uzun müddət cəlb olunmağı süründürməçilik kimi təqdim edir. Keyfiyyətli təhsil istəməyimizlə yanaşı, tədris ilinin uzadılmasını süründürməçilik adlandırırıq.

 

Qaldı ki, 7 kiloluq çanta məsələsinə (yeri gəlmişkən, bu məsələ deputat Elşən Musayevin də yaralı yeridir), çantaların çəkisi ilə bağlı aidiyyəti qurum dəfələrlə aydınlıq gətirib. Hətta çantalarda dərslik daşımağa alternativ olaraq elektron dərsliklər təqdim etdiyini də bildirib. Görünür, həddən ziyadə məşğul olan millət vəkillərimizin bu açıqlamalarla da tanış olmağa vaxtları olmayıb. Amma bu heç də onlara “məktəbdə ştanqist yetişdirirsiz?” sualını verməyə əsas yaratmır.

 

Bəli, məktəbin bir hədəfi də fiziki sağlam olan nəsil formalaşdırmaqdır. Amma bunu deputatların dediyi kimi ağır çantalarla etmir. Məktəbdə “ştanqist” də, futbolçu da, şahmatçının da yetişdirilməsinə çalışılır. Son illərdə məktəblərdə idmanın kütləviliyinin artırılması istiqamətində ciddi bir hərəkata start verilib. Odur ki, millət vəkillərinin bu təşəbbüslər üzərində köklənməsi daha maraqlı olar, onların seçicilərini də yeniliklərə dəstək olmağa istiqamətləndirərdi.

 

Cənab deputatlar, bəlkə məsələlərə baxış bucağımızı dəyişək?

 

“Azərbaycan müəllimi”

 

 



14.06.2018 | 12:49