Elmi müəssisələrin işğaldan qurtarılan ərazilərə dair prioritetləri müzakirə olunub | |
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Elmi şurasının növbəti onlayn iclası keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, Elmi şuranın sədri, akademik Rasim Əliquliyev, “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev, elmi müəssisələrin rəhbərləri, elmi katibləri, həmkarlar təşkilatlarının nümayəndələri, gənc alim və mütəxəssislər, eləcə də qadınlar və veteranlar şuralarının sədrləri iştirak ediblər.
İclasın gündəliyindəki ilk məsələ – erməni təcavüzünə məruz qalmış və hazırda işğaldan qurtarılan ərazilərimizlə əlaqədar FRTEB-in elmi müəssisələrinin təxirəsalınmaz vəzifələri, elmi prioritetləri geniş müzakirə olunub.
Akademik Rasim Əliquliyev qeyd edib ki, adıçəkilən məsələ AMEA-nın Rəyasət Heyətinin bir neçə gün öncə keçirilən iclasında da xüsusi diqqət mərkəzində olub. Onun sözlərinə görə, erməni vandalizmi nəticəsində viran qalan yaşayış məntəqələrimizin sənaye infrastrukturunun, kommunikasiya və nəqliyyat xətlərinin, kənd təsərrüfatı, ekologiya, su ehtiyatları, flora və fauna, eləcə də Qarabağ mədəni mühitinin – tarixi memarlıq və dini abidələrinin, folklorunun və s. bərpa olunması istiqamətində müasir texnologiyalar əsasında yeni elmi infrastruktur layihələrinin həyata keçirilməsi və burada informasiya texnologiyalarının geniş tətbiq edilməsi, həmçinin Elektron Qarabağ çərçivəsində müəyyən işlərin görülməsi yaxın gələcək üçün FRTEB-in elmi müəssisələri qarşısında duran mühüm vəzifələrdəndir.
Elmi şuranın iclasının gündəliyində yer alan növbəti məsələ Bakıda keçiriləcək 73-cü Beynəlxalq Astronavtika Konqresində Bölmənin elmi müəssisələrinin iştirakı haqqında olub.
Akademik R.Əliquliyev 1973-cü ildə Ulu öndər Heydər Əliyevin dəstəyi ilə Azərbaycanda Beynəlxalq Astronavtika Konqresinin keçirilməsinin ölkəmizdə kosmik sənayenin əsasının qoyulması və inkişafı üçün tarixi nailiyyət olduğunu vurğulayıb.
İclasda çıxış edən “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev diqqətə çatdırıb ki, 2019-cu ildə Vaşinqton şəhərində keçirilən Astronavtika Federasiyasının Baş Assambleyasında Bakı şəhəri 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanıb:” 73-cü Beynəlxalq Astronavtika Konqresinə namizəd ev sahibləri arasında Nyu-Delhi, Rio-de-Janeyro kimi dünya texnologiya sənayesinin qabaqcıl şəhərləri vardı. Doğma Bakımızın bu cür mötəbər tədbirə ev sahibliyi etmək hüququnu qazanması ölkəmizin kosmik sənaye, innovasiyalar, İKT sahəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi və uzaqgörən siyasətinə söykənən uğurlarına, onun beynəlxalq nüfuzuna verilən mühüm qiymətdir”.
Elmi şuranın üzvləri ölkəmizdə kosmik tədqiqatlar sahəsində beynəlxalq əməkdaşlığın perspektivləri, “Azərkosmos” ASC ilə yeni elmi əlaqələrin qurulmasını müzakirə edib, həmçinin xarici ölkə alimləri ilə birgə tədqiqatların aparılması, xüsusilə, bu sahədə gənc kadrların hazırlanması barədə təkliflərini irəli sürüblər.
İclasda AMEA-nın Fizika İnstitutunun Elmi şurasının tərkibində, eləcə də İdarəetmə Sistemləri İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi, Biofizika İnstitutunda doktorantura və magistratura təhsilinin təşkil edilməsi və digər məsələlər də müzakirə olunub. |
|
![]() |
05.11.2020 | 12:25 |
|
|
|