Uğurlu pedaqoji fəaliyyəti həyata keçirmək üçün vacib olan peşə və şəxsi keyfiyyətlərin cəmidir
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın 2-ci strateji istiqaməti təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, təhsilalanların istedadının aşkar olunması və inkişafı ilə bağlı, habelə xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasının yaradılmasını ehtiva edir.
Son 30-40 il ərzindəki elmi-texnoloji tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində praktiki bilik və vərdişlərlə zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir. Bu baxımdan təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyi önə çəkilir.
Səriştə - əldə olunmuş bilik və bacarıqları praktik fəaliyyətdə effektiv və səmərəli tətbiq etmək qabiliyyətidir. O, şəxsin qazandığı bilik və bacarıqların konkret fəaliyyətin nəticəsinə çevrilməsini təmin edir. Səriştəyə əsaslanan təhsil sosial-iqtisadi inkişafa daha effektli xidmət göstərir. Belə təhsil prosesini isə məhz yüksək peşə kompetensiyasına malik müəllim həyata keçirə bilər.
Amerika iqtisadçıları Radj Çetti, Con Fridman və Cona Rakoff 2,5 milyon Amerika məktəblisini öyrənərkən aşkara çıxarıblar ki, kimin uşaqlıqdan yaxşı müəllimləri olubsa, böyüyəndə onlar daha çox qazanc əldə ediblər, yaxud böyük ehtimalla ən yaxşı kolleclərə daxil olublar. Dünyada müəllimlərin peşəkar kompetensiyalarının artırılması istiqamətində ciddi işlər görülür. Bəs, müəllimin peşə kompetensiyası dedikdə nə başa düşülür? Bu, uğurlu pedaqoji fəaliyyəti həyata keçirmək üçün vacib olan peşə və şəxsi keyfiyyətlərin cəmidir.
Bəs uğurlu pedaqoji fəaliyyət nəyi nəzərdə tutur? Əldə edilən bilik və bacarıqları praktik fəaliyyətdə səmərəli tətbiq etmək qabiliyyəti; sosial həyatda özünü ifadə etməkdən çəkinməmək; işinə dürüst və vicdanlı yanaşmaq; nümunəvi şagirdlər yetişdirmək bacarıqlarını birləşdirir.
Müəllim öz ixtisası üzrə fəaliyyətini həyata keçirmək üçün tələb olunan qədər yüksək biliyə malik olmalıdır. O, sistem təfəkkürə sahib olmaqla yanaşı, pedaqoji innovasiyaları mənimsəmək keyfiyyətinə malik olmalı və dəyişən pedaqoji mühitə uyğunlaşmağı bacarmalıdır. Müəllim həm də zəngin mənəvi-əxlaqi keyfiyyətlərə sahib olmalıdır. Odur ki, müəllimin peşə kompetensiyalarının artırılması çox vacibdir. Bəs bunu hansı yollarla etmək mümkündür?!
Tanınmış təhsil mütəxəssisi Vebler müəllimlərin uğurlu tədris prosesi üçün onlara gərək olan bir sıra şəxsi keyfiyyətləri ayırır:
- öyrənənlərə dostcasına yanaşmalı, onların konstruktiv tənqidinə hazır olmalı və fəaliyyətini tənqidə uyğun olaraq korrektə etməyi bacarmalıdır;
- “hər şeyi bilən” modeli üzrə deyil, “axtaranlar” və “öyrədənlər” modeli üzrə hərəkət etməli, özünə tənqidi yanaşmalıdır;
- tədris etdiyi fənnə hazır biliklər toplusu kimi deyil, daimi dərketmə prosesi kimi baxmalıdıır.
“Təhsil strukturlarının nizamlanması” Avropa layihəsi çərçivəsində Bolonya razılaşmasının məqsədlərini reallaşdırmağa yönəlmiş kompetensiyalar paketinin müəyyənləşdirilməsinə cəhd edilib. Bunlar bakalavr və magistratura təhsil pillələri üçün ümumidir. Bu işdə Bolonya Bəyannaməsini imzalamış 16 ölkənin 100 universitetindən sorğu və məsləhətlərdə 5183 məzun, 988 professor, 944 ekspert iştirak edib. Əldə olunan kompetensiyalar 3 qrupa bölünüb: instrumental, fərdlərarası və sistem kompetensiyalar.
İnstrumental kompetensiyalara bunlar daxildir: koqnitiv qabiliyyətlər, ideyanı başa düşmək və istifadə etmək, ətraf mühiti başa düşmək və idarə etmək, vaxtı düzgün bölmək, öyrətmə strategiyasını çeşidləmək, qərar qəbul etmək, problemi həll etmək, texnoloji bacarıqlar, texnikadan istifadə etmək bacarıqları, kompüter bacarıqları, informasiyanı idarə etmək bacarığı, linqvistik bacarıqlar, kommunikativ kompetensiyalar.
Konkretləşdirilmiş kompetensiya dəsti bu şəkildədir:
- analiz və sintez etmək qabiliyyəti;
- təşkilatçılıq və planlaşdırma qabiliyyətləri;
- ümumi baza bilikləri;
- ixtisas üzrə baza bilikləri;
- kommunikativ vərdişlər;
- elementar kompüter vərdişləri;
- informasiyanı idarəetmə vərdişləri;
- problemi həll etmək qabiliyyəti;
- qərar qəbul etmək qabiliyyəti.
Fərdlərarası kompetensiyaların inkişafı hər bir müəllim üçün olduqca əhəmiyyətlidir. Bura tənqid və özünütənqid qabiliyyəti, komandada işləmək bacarığı, fərdlərarası vərdişlər, digər fənn sahələri mütəxəssisləri və ekspertlərlə qarşılıqlı işləmək, qruplarda işləmək qabiliyyəti, mədəni müxtəliflikləri qavramaq qabiliyyəti.
Hesab edirik ki, sistem kompetensiyaları fərdlərarası kompetensiyaları tamamlamalıdır.
Sistem kompetensiyalar instrumental və baza kompetensiyaları mənimsəməyi tələb edir. Bunlar aşağıdakılardır:
- Biliyi praktikada tətbiq etmək;
- Tədqiqat qabiliyyətləri;
- Öyrənə bilmək qabiliyyəti;
- Yeni situasiyalara adaptasiya etmək qabiliyyəti;
- Yeni ideyaları generasiya etmək qabiliyyəti;
- Liderlik qabiliyyəti;
- Müstəqil işləmək qabiliyyəti;
- Layihələrlə işləmək və idarəetmək qabiliyyəti;
- Keyfiyyətə cavabdehlik daşımaq;
- Uğurlara doğru iradə.
Təhsilin birinci pilləsinin məzunları üçün aşağıdakı bacarıqlar müəyyən olunub:
- Biliyi fənnin tarixi əsasında nümayiş etdirmək;
- Biliyin mənimsənilməsini məntiqli və ardıcıl şəkildə təqdim etmək;
- Fənnin ümumi strukturunun başa düşülməsini nümayiş etdirmək və onun ayrı-ayrı bölmələri ilə əlaqələndirmək;
- Kritik analizin metodlarını başa düşmək və tətbiq etmək.
Oksford və Kembric universitetlərinin əməkdaşlarının birgə işlədiyi “Açar kompetensiyalar 2000” proqramında məktəb, kollec, bütün tip tədris müəssisələri və tələbələr üçün təkmilləşmə xarakteristikası (açar kompetensiyalar) hazırlanıb. Onların içərisində açar kompetensiyalar bunlardır:
Kommunikasiya. Öyrənən bu səviyyədə kommunikativ kompetensiyalara yiyələnmək üçün diskussiyaların mövzusunu anlamalı, əlavə lazımi materialları toplamalı, təşəbbüslər irəli sürməkdənsə, daha çox dinləyib, cavab verməlidir.
İnformasiya texnologiyaları. Bu kompetensiyalar kompüter vasitəsilə cədvəl və qrafiklərin qurulmasını, məktub və hesabat yazmağı tələb edir.
İnsanlarla işləmək. Bu kompetensiya vasitəsilə ümumi məqsədlərin əldə olunması üçün birgə işlərin görülməsi nəzərdə tutulur.
Öyrətmədə qabiliyyətlərin təkmilləşdirilməsi, nəticəliliyin artırılması. Bu kompetensiya personalın idarə olunması və öyrənmək qabiliyyətlərinin inkişafı ilə əlaqəlidir.
Problemi həll etmək: Bu kompetensiya şəxsi həyatda və təhsildə işçi xarakterli problemlərin həlli üçün vacibdir.
Proqram hər bacarıq qrupu üçün 5 mənimsəmə səviyyəsini müəyyənləşdirir. Birincisi baza xarakteri daşıyır. Hər sonrakı səviyyə təhsilalanların yerinə yetirəcəyi mürəkkəb fəaliyyətlə xarakterizə olunur. Məsələn, kommunikasiya - bura diskussiya, oxu, informasiyanı ümumiləşdirmə, yazı, çıxış daxildir.
Rəqəmlərlə işləmək - bu, informasiyanı əldə etməyi, interpretasiya və informasiyadan istifadə etməyi bacarmağı, həmçinin nəticələrin təqdimatını nəzərdə tutur. Buraya həmçinin hesablamanın həyata keçirilməsi də daxildir.
Məsələn, əgər birinci səviyyədə öyrənənin kommunikativ kompetensiyası diskussiyalar, lazımi informasiyaların toplanması, daha çox eşitmək və cavab vermək, təşəbbüs göstərməklə qaydaya salınırsa, ikinci mərhələdə o, məqsəd və situasiyadan istifadə etməklə problemin həllində aktiv iştirak etməlidir. Bununla yanaşı, bu səviyyədə o, kiçik çıxışları etməyi də bacarmalıdır.
Üçüncü mərhələdə öyrənənin vəzifələri daha da çoxalır. O, mövzunu dərinləşmiş şəkildə işləməklə yanaşı, elə imkanlar yaratmalıdır ki, başqaları da problemin həllində iştirak etsin.
Dördüncü mərhələdə öyrənən layihənin həyata keçirilməsində müxtəlif kommunikativ bacarıqlardan istifadə etməlidir. Bu mərhələdə o, idarəedici funksiyasını daşımalıdır. Qrup şəklində müzakirələrdə lider mövqeyini tutmalı, yeni kommunikativ bacarıqları inkişaf etdirməli, müstəqillik və cavabdehlik daşımalıdır.
Beşinci mərhələ daha mürəkkəbdir. Daha dinamik və kompleks fəaliyyət həyata keçirmək üçün mövcud potensialı işə salınmalıdır.
Hər bir səviyyəyə çatmaq üçün müxtəlif bacarıqlar lazımdır:
Məsələn;
- müxtəlif lüğət ehtiyatları və dayanıqlı ifadələrdən istifadə etmək (məsələn, arqumentlər gətirmək, ideya və rəylər söyləmək, informasiya mübadiləsi aparmaq);
- Müxtəlif situasiyalarda kommunikasiyaları himayə etmək.
Ümumiləşdirsək, ümumtəhsil məktəbləri üçün belə bir kompetentlik modeli təklif etmək olar:
- müxtəlif fəaliyyət sahəsində əldə edilən kompetensiyalar;
- sosial kompetensiyalar;
- özünü reallaşdırmağa yönəlik kompetensiyalar (şəxsi kompetensiyalar).
Müxtəlif fəaliyyət sahəsində kompetensiyaları bir neçə qrupa bölmək olar ki, bunlar aşağıdakı fənlərdə müəyyənləşə bilərlər: xarici dil, tarix, coğrafiya, riyaziyyat, rəsm, biologiya, kimya, fizika, musiqi, əmək tərbiyəsi, rasional qidalanma, idman.
Tədqiqatlar göstərir ki, müəyyən fəaliyyət sahəsində kompetensiyalarla yanaşı, öyrənənlərə həm də dinamik bacarıqlar aşılanmalıdır. Dinamik bacarıqlara fərdi qabiliyyətlərin inkişafı, öz zəif və güclü tərəflərini bilmək, özünü yeni situasiyalarda sınamaq daxildir. Öz üzərinə cavabdehlik götürmək bacarığı, kommunikasiya bacarığı, komandada işləmək, münaqişələri həll etmək, adaptasiya bacarığı, başqasını dərk etmək bacarığı, əlaqə qurmaq kimi bacarıqların məcmusu sosial kompetensiyalara aiddir.
Bütün bunları əsas götürməklə belə qənaətə gəlmək olar ki, müəllimlərin peşəkar kompetensiyalarının artırılmasına yardımçı ola biləcək vəsaitin, yaxud ensiklopediyanın hazırlanmasına böyük ehtiyac var.
Etibar ƏLİYEV,
“XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru