Azərbaycanda təhsil proqramlarında (kurikulumlarda) iqlim dəyişiklikləri ilə bağlı mövzular əksini tapacaq.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən İqlim fəaliyyəti üçün tədqiqat və əməkdaşlığın sürətləndirilməsi konfransında söyləyib.
 
Onun sözlərinə görə, bütün dövlətlər, o cümlədən Azərbaycan iqlim problemlərinin fəsadlarının qarşısını almağa çalışmalı, bu istiqamətdə müvafiq qərarlar qəbul etməlidir:
 
"2030-cu ilədək temperaturun artımı 1.5 faizdən daha yüksək olmamalıdır".
 
Nazir müavini həmçinin diqqətə çatdırıb ki, iqlim dəyişmələrinin nəticələri ilə mübarizədə təhsil olduqca vacib elementdir:
 
"İnsanları, xüsusilə gəncləri, uşaqları maarifləndirmənin ən yaxşı metodu təhsildir. Orta və ali təhsil müəssisələrində bununla bağlı addımlar atılmalıdır. 2024/2025-ci tədris ilində ali məktəbə qəbul olanların sayı ilə bərabər, iqlim dəyişiklikləri ilə bağlı ixtisasların sayı və onlara maraq da artıb. Təhsil proqramlarında bu istiqamətdə dəyişikliklər olacaq. Biz gənclərlə bağlı "Yaşıl bacarıqlar"ın aşılanması üçün strategiya müəyyənləşdirməli, təhsil və elmi müəssislərin ciddi fəallığı olmalıdır".
 
Ruhiyyə DAŞSALAHLI