Sanballı tarixə və zəngin ənənələrə malik “Azərbaycan müəllimi” qəzeti 90 illik Azərbaycan təhsilinin salnaməçisi olmaqla yanaşı, həm də müasir dövrdə ölkədə uğurla həyata keçirilən təhsil islahatlarının mühüm istiqamətlərini, təhsilin bütün pillə və səviyyələrinin fəaliyyətini əks etdirən pedaqoji mətbuat orqanı, müəllimlərin bilik və bacarıqlarını artırmaq üçün əhəmiyyətli bir platformadır. Həmişə olduğu kimi, bu gün də qəzet təhsil müəssisələrinə elmi-metodiki və informasiya xidməti göstərməklə yanaşı, həm də çox vacib istiqamətverici, öyrədici, maarifləndirici funksiyaları həyata keçirir. Azərbaycanda təhsilin inkişafına yönəlmiş bir çox ideyalar, elmi və metodik yeniliklər, elmi-tədqiqatların nəticələri ilk növbədə “Azərbaycan müəllimi” qəzetinin səhifələrində işıq üzü görür, oradan praktikaya gəlməklə həyata vəsiqə alır, elmi-pedaqoji dövriyyəyə daxil edilir. “Azərbaycan müəllimi” qəzetinin çoxşaxəli fəaliyyəti haqqında onlarla elmi-pedaqoji və publisistik məqalələr yazılıb, yubileyləri keçirilib.
Yenicə nəşr edilən “Azərbaycan müəllimi”: 90 ilin izi ilə” kitabını qəzetin 90 illik yubileyinə ən dəyərli töhfə hesab edirik. “Azərbaycan müəllimi” qəzetindən seçmə məqalələr əsasında meydana gələn bu kitab elm və təhsil nazirinin müavini Firudin Qurbanovun elmi redaktorluğu, ETN-nin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayevin layihəsi, Oruc Mustafayevin, Çingiz Səfərlinin (müəllif-tərtibçilər), Sədaqət Ələkbərovanın (texniki redaktor) gərgin zəhməti hesabına ərsəyə gəlib.
Kitaba dəyərli “Ön söz” yazan elm və təhsil naziri Emin Əmrullayev ən mütərəqqi pedaqoji ideyaların daşıyıcısı olan “Azərbaycan müəllimi” qəzetinin fəaliyyət göstərdiyi illər ərzində maarif, təhsil, elm, mədəniyyət, yeni insan yetişdirilməsi sahəsindəki xidmətlərini yüksək dəyərləndirərək onun keşməkeşli və şərəfli bir inkişaf yolu keçdiyini, millətin təhsil almaq, elmə yiyələnmək və müasirləşmək arzularına cavab verdiyini bildirmişdir. Qəzet səhifələrində pedaqogikanın nəzəri-metodoloji və tarixi problemlərinin araşdırılması, ümumi icbari təhsilin həyata keçirilməsi, dünya pedaqoqlarının pedaqoji irsinin azərbaycanlı oxuculara çatdırılması, təlimin həyatla, əməklə əlaqələndirilməsi, böyüyən nəslin tərbiyəsi, müəllimlərin şəxsi təhsillərinin artması və iş fəaliyyətinin səmərəli təşkili ilə bağlı yazan müqtədir alimlər (M.İbrahimov, H.Araslı, M.Mehdizadə, M.Muradxanov, Ə.Seyidov, H.Əhmədov, Ə.Əlizadə Ş.Hüseynov və b.), bəstəkarlar, şair və yazıçılar (M.Paşayev, B.Vahabzadə), tanınmış müəllimlər (Z.Səmədov, S.Tağıyeva və b.) nazir tərəfindən hörmət və ehtiramla yad edilmişdir.
“Tariximizin təhsil güzgüsü” adlı yazı 478 səhifəlik kitabın əsas məğzinin ifadəsi kimi diqqəti cəlb edir. Mətndən aydın olur ki, “Azərbaycan müəllimi” qəzetinin nəşri respublikamızda təhsil tarixinin inkişafı ilə qırılmaz surətdə bağlıdır. İlk sayı 1934-cü il sentyabrın 2-də “Qommunist Məarifi” adı ilə nəşr olunan qəzet respublikada elmi-pedaqoji fikrin inkişafına təkan verib, çoxmilli müəllimlər və xalq maarifi işçilərinin pedaqoji tribunasına, ildən-ilə öz fəaliyyətini genişləndirərək respublikamızda milli maarifimizin salnaməsinə çevrilib. “Qommunist Məarifi” qəzeti sovet hakimiyyəti illərində dövrün siyasi-ideoloji basqılarına baxmayaraq xalq maarifinin dəyərinin yüksək pilləyə qaldırılması, məktəbdə təlimin keyfiyyətinin yüksəldilməsi, yeni insan tərbiyəsi, müəllimlərin materialist dünyagörüşünə yiyələnməsi uğrunda maarif işçilərinin həqiqi və kütləvi təbliğatçısı, təşviqatçısı və təşkilatçısı missiyasını şərəflə yerinə yetirib, Azərbaycan Respublikası ilə yanaşı, həm də Qərbi Azərbaycandakı və Gürcüstandakı Azərbaycan məktəblərində milli mədəniyyətimizin, təhsil və tərbiyə ənənələrimizin təbliğində, maarifçiliyin inkişafında müstəsna rol oynayıb.
Respublikanın mətbuat tarixində və pedaqoji jurnalistikanın inkişafında məxsusi yeri, öz üslubu və yaradıcılıq kredosu “Azərbaycan müəllimi” qəzetinin 90 illik şöhrət və şərəf payında onun redaktorlarının (M.Ağayev, Z.Əliyeva, R.Hüseynov, A.Məhərrəmov, A.Bədəlov, M.Aslanov, Ş.Səfərov, M.Baharlı, V.Mirzə, B.Hüseynzadə, N.Heydərov, S.İbrahimov) xüsusi payı var. Elektron çap məhsullarının üstünlük təşkil etdiyi bir dövrdə “Azərbaycan müəllimi” qəzetinin oxucu sayının ildən-ilə artması, dayanıqlılığının qorunub saxlanılması, oxunaqlı və məzmunlu olması yaradıcı kollektivin zəhmətinin bəhrəsidir.
Kitab ayrı-ayrı məqalələrdən ibarət olsa da maraqlı struktura və vahid süjet xəttinə malikdir. Məqalələri oxuduqca hiss edirsən ki, ildən-ilə qəzetin müdaxilə etdiyi problemlər genişlənib, məqalələrin elmi səviyyəsi yüksəlib, praktik istiqamətliliyi artıb, elmi-nəzəri, pedaqoji-psixoloji problemlərin şərhinə həsr edilən məqalələr üstünlük təşkil edib. Yeni elmi qüvvələrin formalaşmasında və yetişməsində “Azərbaycan müəllimi” qəzetinin mühüm rolu olub. Cəsarətlə demək olar ki, pedaqoq-alimlərin hamısının qələmi məhz “Azərbaycan müəllimi” qəzetinin səhifələrində püxtələşib.
Kitabın ilk fəslində 1934-1938-ci illərdə “Qommunist Məarifi” qəzetində, əsasən qızların məktəbdən çıxarılması, erkən yaşdan ərə verilməsi kimi konkret faktları kəskin tənqid edən, gənc müəllimlərə pedaqoji dəstəyin təşkili xüsusiyyətlərini izah edən məqalələr öz əksini tapıb.
Kitabın ikinci fəslinə “Müəllim” qəzetinin 1938-1941-ci illər sayında Yeni Əlifba Komissiyası, ali pedaqoji məktəblər, ümumtəhsil məktəblərinin tədris ilinə hazırlığı və könüllü olaraq sovet-alman müharibəsinə yola düşən tələbə qızlar haqqındakı məqalələr daxil edilib.
Kitabın üçüncü fəslinə “Azərbaycan müəllimi” qəzetində 1946-cı ildən sonra nəşr edilən çox maraqlı məqalələr daxil edilib. Qeyd edək ki, 1941-ci ilin iyulundan maliyyə və kadr çatışmazlığı səbəbindən qəzet çap edilməmiş, 1946-cı ilin aprelindən isə “Azərbaycan müəllimi” adı ilə fəaliyyətini davam etdirmişdir. Həmin dövrdə də qəzet təhsil sistemi işçilərinin etibarlı köməkçisi kimi müəllimlərin yeni məktəb quruculuğuna, böyüyən nəslin tərbiyəsi işinə cəlb edilməsində mühüm rol oynamış, ümumi icbari yeddiillik, səkkizillik və ümumi orta təhsilin həyata keçirilməsində müəllimlərə nəzəri, metodiki və praktik cəhətdən faydalı materiallar vermiş, pedaqoji ictimaiyyətin qüvvəsini məktəb və maarifin tərəqqisinə, vahid əmək və politexnik məktəbin tələblərinin həyata keçirməsinə istiqamətləndirmişdir. Məktəblərin maddi-tədris bazasının dinamik surətdə möhkəmləndirilməsi, məktəbəqədər və məktəbdənkənar tərbiyə müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, yüksəkixtisaslı müəllim kadrlarının hazırlanması və onların peşə ustalığının təkmilləşdirilməsi, qabaqcıl pedaqoji təcrübənin öyrənilib yayılması məsələləri də qəzetdə geniş işıqlandırılmışdır. Böyüməkdə olan nəslin şəxsiyyət kimi formalaşdırılmasında ailə və ictimaiyyətin rolunu önə çəkən “Azərbaycan müəllimi” qəzeti tərbiyənin tərbiyəvi təsir imkanlarını üzə çıxaran, qarşılıqlı əməkdaşlığı təqdir edən yazıların da dərc edilməsinə xüsusi diqqət yetirmişdir.
“Azərbaycan müəllimi” qəzetində görkəmli pedaqoq-alimlər, tanınmış məktəb direktorları, pedaqoji əməyin ustaları olan müəllimlər, metodistlər, xalq təhsili işçiləri çıxış etmiş, pedaqogika elmini zənginləşdirən maraqlı ideyalar, nəzəri fikirlər irəli sürmüş, məktəbin yenidən qurulmasının mühüm problemlərini müzakirə predmetinə çevirmiş, elmi-pedaqoji diskussiyalar açmışlar. Qəzetdə məktəb rəhbərlərinin işinin xüsusiyyətləri, şagird özünüidarəsinin inkişafı, məktəbin bütün həyatının demokratikləşdirilməsi kimi problemlər də geniş işıqlandırılmışdır.
80-ci illərdə “Azərbaycan müəllimi” qəzetində aparıcı xətti məktəbdə təlimin, əmək tərbiyəsi və mənəvi tərbiyənin keyfiyyətini yüksəltmək, müəllim və şagirdlərin əməyinin nəticələrinə qiymət verilməsində formalizmi aradan qaldırmaq, təlimin həyatla, məhsuldar əməklə əlaqəsini möhkəmləndirmək, şagirdləri ictimai-faydalı əməyə hazırlamaq, böyüyən nəsildə fəal həyat mövqeyi tərbiyə etmək təşkil etmişdir. Pedaqoji, psixoloji və metodiki problemlərin şərhində, elmi-tədqiqatların ən mühüm nəticələrinin pedaqoji ictimaiyyətə çatdırılmasında “Azərbaycan müəllimi” qəzeti öz missiyasını şərəflə yerinə yetirmiş, didaktika, tərbiyə nəzəriyyəsi, məktəbşünaslıq və pedaqogika tarixi sahəsində aparılan elmi-pedaqoji axtarışlar, yeniliklər məhz bu qəzetinin köməyi ilə pedaqoji ictimaiyyətə çatdırılmışdır.
M.Mehdizadə, Ə.Seyidov, M.Muradxanov, B.B.Komarovski, H.Əhmədov, N.Kazımov, Ə.Həşimov, Y.Talıbov, B.Əhmədov, Ə.Ağayev, Ə.Paşayev, V.Xəlilov və onlarla digər pedaqoq-alimlərin təhsil və pedaqoji fikir tarixi ilə bağlı “Azərbaycan müəllimi” qəzetində dərc etdirdikləri məqalələri respublikada elmi-pedaqoji fikrin inkişafına, pedaqoji elmə gələnlərin və müəllimlərin nəzəri hazırlığının yüksəldilməsinə böyük kömək etmişdir.
90-cı illərin əvvəllərində siyasi sabitsizlik, iqtisadi çətinlik, bazar iqtisadiyyatının sərt tələbləri “Azərbaycan müəllimi”qəzetinin müntəzəm nəşrinə mane olsa da, Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra “Azərbaycan müəllimi” qəzetinin normal fəaliyyət göstərməsinə imkan və şərait yaradılıb, onun formatı, dizaynı, həcmi, çap texnologiyası tamamilə dəyişib.
Kitabda “Məzunlarım təbrik məktubları” bölməsində İ.Şıxlının, S.Rüstəmovun, M.Rahimin, A.Mirzəcanzadənin, H.Əhmədovun, N.Cəfərovun, S.Quliyevin, Q.Kazımovun, İ.Həbibbəylinin, Ə.Əlizadənin, O.Mustafayevin, S.Kərimovanın, R.Daşsalahlının bu gün də öz aktuallığını saxlayan məqalələri yer alıb.
Kitabın son bölməsi də məzmun baxımından çox zəngindir. Burada həm tarixi-pedaqoji irsin tədqiqinə, həm də müasir pedaqoji problemlərin həllinə istiqamətlənmiş xeyli məqalə verilib. Məqalələrin böyük əksəriyyəti müəllimlərin peşəkarlığının yüksəldilməsinə, müasir təlim metodları və yanaşmaları ilə tanış olmalarına, Qərbi Azərbaycanda təhsil və pedaqoji fikrin dərindən öyrənilməsinə kömək edir.
““Azərbaycan müəllimi”: 90 ilin izi ilə” kitabı ilə tanış olduqdan sonra bir daha yəqin edirsən ki, bu illər ərzində qəzet ölkəmizdə təhsilin salnaməsini yaratmaqla yanaşı, həm də müəllimlərimizin adını brendləşdirən qəzetə çevrilib. Milli maarifimizin inkişafının 90 illik dövrünün salnaməsi olan bu kitabı pedaqoji fikir tarixinə dəyərli töhfə hesab edir, hazırlanmasında və nəşrində əməyi olanlara təşəkkür edirik.
Fərrux RÜSTƏMOV,
ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi