Yuxarı sinifdə təhsil alan şagirdlər gələcəkdə hansı peşənin sahibi olacaqlarını artıq erkən yaşlarından özləri üçün müəyyənləşdirir və bu arzulara qovuşmaq üçün ali məktəblərə qəbul imtahanlarına səylə hazırlaşırlar. Yeri gəlmişkən, bir məqamı da xüsusilə vurğulayım ki, elə fitri istedadın özü də uşaqlarda erkən yaşlarında üzə çıxır və onlara məktəb illərində kifayət qədər uğurlar qazandırır.
Bu gün “Azərbaycan müəllimi” qəzetinin oxucularına təqdim etmək istədiyimiz Nilufər Zeynallı da bu cür istedad sahiblərindəndir. Hazırda o, paytaxtdakı 83 nömrəli məktəb-liseyin şagirdidir. Öz təəssüratlarını və qazandığı uğurlar barədə düşüncələrini qəzetimizin oxucuları ilə bölüşən Nilufər bildirib ki, o, ibtidai sinfi bitirdikdən sonra coğrafiya fənninə maraq göstərib. Sinifdən-sinfə keçdikcə isə bu fənn diqqətini daha çox cəlb etməyə başlayıb və dərslikdən əlavə əldə etdiyi bütün vəsaitləri oxuyaraq, özünün dediyi kimi dağdan, dərədən, çaydan, dənizdən, okeandan, bir sözlə, təbiətin bütün gözəlliklərindən bəhs edən bu elmin sirlərinə yiyələnib.
Bilik yarışmasında biliyini sınamaq arzusu
Həmişə arzulayıb ki, coğrafiya fənnindən də fənn olimpiadaları keçirilsin və o da bu bilik yarışmasında öz biliyini nümayiş etdirə bilsin. Şübhəsiz bu, çalışqan bir şagird üçün sadəcə bir arzu deyildi. Nilufər olimpiadanın asan bir yarışma olmadığını çox yaxşı bilirdi və ona qatılmağın məsuliyyətini də kifayət qədər dərindən dərk edirdi. Gənc istedada ilk dəfə fənn olimpiadalarının keçiriləcəyi və onların şagird taleyində əhəmiyyəti barədə hələ 7-ci sinifdə oxuyarkən coğrafiya müəllimi İdris Abıyev geniş məlumat verib və deyib ki, o da coğrafiya fənni üzrə öz məharətini nümayiş etdirə bilər. Həmin gün Nilufərin sevincinin hədd-hüdudu olmayıb, sevincini valideynləri ilə bölüşməyə tələsib. O gündən də öz üzərində daha səylə çalışıb.
İnanırdı ki, birinci yerə layiq görüləcək, amma...
"Nəhayət ki, 8-ci sinifdə oxuyarkən coğrafiya fənni üzrə Respublika Fənn Olimpiadasına qatıldım", - deyə həmsöhbətim öz sevincli anlarını sıralamağa başladı. "Yaxşı hazırlaşmışdım. İnanırdım ki, birinci yerə layiq görüləcəyəm, ancaq bürünc medal qazandım. Buna baxmayaraq, ruhdan düşmədim, özümə söz verdim ki, daha çox çalışmalıyam və növbəti olimpiadada birinci olmalıyam", - dedi.
Qızıl medal qazandı
Nilufər 9-cu sinifdə RFO-ya yenidən qatılır və nəhayət qızıl medal qazanır: "Sevinirdim ki, istəyimə nail oldum. 10-cu sinifdə də RFO-dan bürünc medal qazandım". Nilufər deyir ki, çalışıram uğurlarım bol olsun. Uğurlarımın qazanılmasında müəllimlərimin və valideynlərimin əməyi böyükdür.
“Breyn-rinq” bilik yarışmasında da iştirak edib
"Qeyd edim ki, 9-cu sinifdə oxuyarkən məktəbimizin komandası İTV-də yayımlanan “Breyn-rinq” bilik yarışmasına qatılmışdı. Yuxarı sinif şagirdlərindən ibarət olan komandamız həyəcan içində idik. Tez-tez sualdolu baxışlarla bir-birimizə baxırdıq. Görəsən, bizə verilən sualları cavablandıra biləcəyikmi, deyə çox narahat idik. Komanda yoldaşlarım isə 10 və 11-ci siniflərin şagirdləri idi. Təəssüf ki, “Breyn-rinq” yarışında qalib gələ bilmədik. Amma yenə də məyus olmadıq. Çünki qarşıda sınaq imtahanları, bilik yarışmaları, olimpiadalar vardı".
Çox vaxt qalib gəlirdik
Həmsöhbətim deyir ki, məktəbimizdə tez-tez siniflərarası intellektual yarışlar keçirilir. 8-9-cu siniflərdə oxuyanda bir neçə dəfə bu yarışlarda iştirak edib: "Adətən komandanın kapitanı mən olurdum. Çox vaxt qalib gəlirdik, amma uduzduğumuz vaxtlar da olurdu".
Nilufər boş vaxtında film izləməyi, kitab oxumağı sevir. Ən çox sevdiyi janr isə detektivdir. Hazırda 11-ci sinifdə təhsil alan həmsöhbətim II ixtisas qrupu üzrə hazırlaşır və paytaxtdakı ali məktəblərin birində təhsilini davam etdirmək niyyətindədir. Ona dərslərinə uğurlar arzulayırıq!
Sifai SƏFƏROVA