Xəbər verdiyimiz kimi, ötən gün Qarabağ Universiteti ilk tədris ilinə başlayıb. Universitetdə yeni tədris ili və ali təhsil ocağının gələcək planları barədə məlumatlar mediada geniş işıqlandırılıb.
Qarabağ Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru Fariz Əhmədov "Azərbaycan müəllimi"nə müsahibəsində universitetdə təhsil alan və gələcəkdə bura qəbul olmaq istəyən tələbələri maraqlandıran sualları cavablandırıb.
- Qarabağ Universitetinin ilk əməkdaşlarından, həm də Xankəndinin ilk sakinlərindən biri olmaq necə hissdir, bununla bağlı təəssüratlarınız nədən ibarətdir?
- Mən həm də Qarabağ Universitetinin müəllimiyəm. Birinci növbədə təəssüratlarım ona görə xoşdur ki, Qarabağ Universitetini seçən tələbələrimizin göstəriciləri yüksəkdir. Bu, bizim professor-müəllim heyətinin məsuliyyətini daha da artırır. Biz tələbələrimiz üçün daha keyfiyyətli, daha müasir çağırışlara cavab verən tədris həyata keçirməliyik. Düzdür, Qarabağ Universitetində artıq tədris planları beynəlxalq standartlarda qurulub. Müasir aboratoriyalar və auditoriyalar var. Seçilən müəllimlərimiz də öz sahələrində peşəkar və xaricdə təhsil alan müəllimlərimizdir. Amma biz davamlı olaraq müəllimlərimizin həm pedaqoji, həm də bilik və bacarıqlarının artırılması istiqamətində də işlər görəcəyik.
Ümumilikdə, Xankəndiyə ən böyük gözəllik verən tələbələrimizdir. Tələbələrimizin Qarabağ Universitetinə köçü başlayandan sonra bizim şəhərdəki həyəcanımız daha da artdı. Bunun həm duyğusal tərəfləri var, həm də təbii ki, bu bir missiyanın başlanğıcıdır. Çünki burada işləmək mənim üçün bir vəzifə yox, missiyadır. Bu bizim üçün yeni dövr çağırışlarına cavab vermək üçün bir imkandır. Qarabağ Universiteti qısa müddətdə yeni dövrün çağırışlarına cavab verən ali təhsil müəssisələrindən və regionun ən aparıcı universitetlərindən biri olacaq. Bunun üçün Qarabağ Universitetinin artıq bir bazası var. Yeni infrastruktur qurulur və bu proses davamlı olacaq. Seçilən komanda da çox ciddi və keyfiyyətli işlərə nail olmaq potensialındadır.
Hər fakültənin öz büdcəsi və elmi jurnalı olacaq
- Universitetin elmi fəaliyyətindəki yeniliklər nədən ibarət olacaq?
- Qarabağ Universitetindəki idarəetmə yanaşması tam fərqlidir. Biz tələbəyə fokuslanan, tələbə yönümlü və fakültələrimizi gücləndirən bir universitet olacağıq. Hər bir fakültənin özünəməxsus elmi jurnalı, beynəlxalq elmi konfransı və elmi potensialının artırılması istiqamətində fəaliyyət planı olacaq. Bu da təbii ki, bütün universitetlərdə rast gəldiyimiz bir proses deyil, daha çox mərkəzləşdirilmiş bir yanaşmadır.
- Fakültələrin hər birinin elmi jurnalının olması hansı istiqamətdə inkişafa nail olmağa şərait yaradacaq?
- Bu proses beynəlxalq təcrübəyə əsaslanır. Çünki artıq fakültələr öz büdcəsi, strukturu, jurnalı, elmi konfransı, sosial və tədqiqat yönümlü tələbə klubları və öz missiyası olan fakültələr olacaq. Təhsil sahəsində təcrübə onu göstərir ki, idarəetmə sistemini quran, bu cür struktur və yanaşması olan universitetlər daha rəqabət qabiliyyətli, daha reytinqli universitetlərdir. Onlar tələbələri ilə bir yerdə sənayə və qurumlara töhfə verən universitetlər olurlar. Bizim fakültələrin dekanları və müəllimləri kifayət qədər beynəlxalq təcrübəyə sahib və donanımlıdır. Onlar bizə ali təhsildə beynəlxalq təcrübəyə əsaslanan və yeni yanaşmalar ortaya qoymaq imkanı yaradır.
- Tələbələrin elmi tədqiqatlar aparmağa maraqlı olması üçün necə bir maarifləndirmə üsulu seçmisiniz?
- Tələbələrin elmi tədqiqata marağını artırmaq üçün nəticəsi ölçülə bilən tədqiqatlara fokuslanacağıq. Eyni zamanda, Universitet və sənaye işbirliyi olan tədqiqatlara daha üstünlük verəcəyik. Beləlliklə, həm tələbələrdə, həm də professor-müəllim heyətində maraq yaranacaq. Tələbələr düşünməsin ki, onların tədqiqatları universitet arxivlərində qalacaq. Bu araşdırmalar istər sənayedə, istər dövlət qurumlarında dəyərləndiriləcək. Bununla yanaşı, məqalələrin nüfuzlu bazalarda indekslənən jurnallarda nəşr olunması istiqamətində yaxın gələcəkdə universitetin bununla bağlı təşviq siyasəti olacaq. Bununla da alimlərimiz nüfuzlu elmi jurnallarda məqalələri nəşr etməkdə maraqlı olacaqlar. Əsas yanaşmalarımızdan biri universitet sənaye işbirliyini gücləndirməkdir. Çünki universitetin qarşısında duran əsas hədəflərdən biri tələbələrimizi təkcə tədqiqatçı kimi yox, həm də gələcəkdə iş dünyasına hazır bir kadr kimi yetişdirməkdən ibarətdir.
- Qarabağ Universitetində süni intellekt laboratoriyasının olması diqqətçəkən məqamlardan bidiri. Bu laboratoriyalarda tədrisi hansı mütəxəssislər aparması nəzərdə tutulub?
- Hələ birinci kursda süni intellekt fənlərimiz tədris olunmur. Burada data elmləri var, ancaq süni intellekt yoxdur, Amma gələcək illərdə süni intellekt fənlərimiz tədris olunanda biz laboratoriyanın işini bu istiqamətdə quracağıq. Universitetin özünün də əsas strategiyalarından biri rəqəmsallaşmadır. Bu istiqamətdə biz beynəlxalq təcrübəni araşdırırıq. Hansı sahədə, hansı platformalarla işləyəcəyimizi də müəyyənləşdirmişik.
Məlumdur ki, süni intellektin bütün sahələrdə tətbiqi qaçılmazdır. Tələbələrimizin bu sahədə bilik və bacarıq qazanması üçün işlər görəcəyik. Əgər hər hansı bir çatışmazlıq görsək, kənardan mütəxəssislər dəvət edərək təlimlər vasitəsilə bu bacarıqları tələbələrimizə aşılayacağıq. Artıq Qarabağ Universiteti Cisco beynəlxalq şəbəkə akademiyası ilə əməkdaşlığa başlayıb. Oktaybr ayından sonra onlar bizim müəllim və tələbələrimiz üçün sertifikatlı təlimlər təşkil edəcəklər. Hansı ki bu təlimlərdən verilən sertifikatlar bütün dünyada danınır. Ümumilikdə bu istiqamətdə bir çox işlər nəzərdə tuturuq və hər birini reallaşdıracağımıza tam əminik.
Günel ABBAS