Regionlardan sonra Bakıda "Bir Peşənin Sirri"ndən danışdılar. Bura üz tutanlar onlarla peşədən xəbər alıb, peşəkarlarla tanış oldular. Artıq peşəkar sayılanlarla peşəni seçənlər bir olub peşə sahibi olmaq istəyənlərin qarşısına nəticə qoydular. 
 
“Azərbaycan müəllimi” peşələrin parlayan üzünün göründüyü, peşəkarların ən parlaq işlərini ortaya qoyduqları “Bir peşənin sirri” festivalındaydı.
 
Festivala qatılan peşə təhsili müəssisələrinin hər biri öz yetişdirdikləri, yetişdirməkdə olduqları ilə bir yerdə indiyədək ortaya çıxardıqları məhsullarını sərgilədilər.
 
 
Festival hazırlıqları: onlar günortadan hazır idi
 
Günorta saatlarından çadırlar qurulub, stendlər düzülmüşdü. Peşə təhsili müəssisələri stendlərini ağ çadırlarda qurmuşdu. Hər biri özünü təqdim erməyə hazır idi. Nizami rayonundakı Heydər Əliyev Parkının bir hissəsində qərar tutan peşəkarlar əlindən gələni etmişdilər. Ortaya çıxan nəticə al-əlvan idi. Burada “yox” yoxdur, milli şirniyyatlardan tutmuş çeşit-çeşit yeməklərə, bər-bəzəkli tikmələrdən tutmuş milli geyimlərə, rəngarəng əl işləri: çantalar, oymalara qədər hər biri göz oxşayırdı. Hələ biri-birini bəzəyən qızları, yaratdığı robotların üstünlüyünü, qaldırdığı dronların hündürlüyünü yarışdıran oğlanları demirik…
 
Sumqayıtdan festivala böyük bir heyətlə
 
Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi 25 nəfərlik böyük komanda ilə gəlib. Komanda müəssisənin məhsullarını təqdim etməyin maraqlı yolundan istifadə edib. Məsələn, komandanın qızları dərzi ixtisası üzrə təhsil alan tələbələrin tikdiyi milli geyimdədir. 
 
 
Milli geyimli aşpazlardan biri Məryəm Mustafayeva orta ümumtəhsil müəssisəsindən IX sinfi bitirib peşə təhsili almağa başlayıb. Gənc aşpaz deyir artıq bütün yeməkləri bişirə bilir, dünyanın mətbəxləri barədə məlumatlıdır. Aşpazlığa yumurta bişirərək başlayıb, indi dünya mətbəxindən də xəbəri var. Xəyalında isə qazanı ocağa xaricdə asır.
 
Mədinə yeməyi bişimir, “tikir”
 
Çünki o aşpaz deyil, aşpazlığa çox böyük həvəsi olan geyim üzrə dizayner olacaq. Mədinə Rzazadə bu ixtisas üzrə artıq III kurs tələbəsidir: “Aşpazlığa çox böyük həvəsim vardı, amma dərzi yanına gedəndən sonra tikməyi də sevdim”. 
 
Peşəsini indi o qədər sevir ki, artıq atelye açmağın planlarını qurur: “Peşə təhsilini dərzilik üzrə burda oxuyan qohumumun tövsiyəsi ilə seçdim, amma özüm aşpazlığı istəyirdim”.
 
 
İndi hər iki peşəni sevir və bu peşə sevgisi əl işlərində görünür. “Yeməklərin əks olunduğu tikmələrim daha çoxdur”, - deyir.
 
Nənəsinin yastığının saçaqlarını hörə-hörə…
 
Vüsalə Fərzəliyeva müəssisənin bərbər-vizajist-manikürçü ixtisası üzrə III kurs tələbəsidir. Peşə təhsilinə ümumi orta təhsil səviyyəsindən gəlib. Ona görə təhsili 3 illikdir: “XI sinifdən gəlib təhsil müddəti 1 il olan qruplarımız da var”.
 
 
Vüsalə deyir saç düzümü etməyə IV sinifdə oxuyandan başlayıb. Əvvəl nənəsinin yastığının saçaqlarını hörüb, sonra öz saçlarını, indi el-aləmə bəzək vurur: “Öz saçımı, anamın, bacımın, daha sonra qonşuların saçını düzəltdim. Bu səviyyəyə çatdım. Amma sənətim inkişaf tələb edir, bu tələbə cavab verə bilmək üçün beynəlxalq kurslara getmək istəyirəm”. 
 
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin çadırında: Tələbələri ustad dərsi keçdi, əl işlərini sərgilədilər
 
Keçirik növbəti çadıra...
 
Burada Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi stend qurub. Müəssisənin direktor müavini Ziba Cəfərli “Azərbaycan müəllimi”nə məlumat verib ki, bərbər-vizajist-manikürçü, geyim üzrə dizayner ixtisasları üzrə tələbələrinin əl işlərini nümayiş etdirirlər. “Tələbələrimiz ustad dərsi də keçəcəklər”, - deyən direktor müavininin sözlərinə görə, sərgilənən eko-çantalar, sinəbəndlər və başqa nümunələrin hamısı tələbələrin əl işləridir. 
 
Malıbəyli xalçasının naxışlarını tikib festivala qatıldı
 
 
Müəssisənin tələbələrindən biri Ellada Xəlilova moda dizaynı ixtisası üzrə II kursda təhsil alır: “IX sinifdən sonra peşə təhsili almaq istədim. Təhsilimi universitetdə öz ixtisasım üzrə davam etdirəcəyəm. Uşaqlıqdan maraqlı olsam da, ilk dəfə iynəni əlimə məktəbdə, Texnologiya dərsində almışam. Tələbə olandan bəri artıq 2 festivala qatılmışam. Festivalda Malıbəyli xalçasının ornamentlərindən ibarət əl işimi nümayiş etdirirəm”. 
 
 
Aysun Abdıyeva moda dizaynı ixtisası üzrə yüksək texniki peşə təhsili alır və o da təhsilini ali məktəbdə davam etdirməyi düşünür. 
 
 
 
Festivalda İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini tələbələri məzunları ilə bir yerdə təmsil etdi
 
İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində şirniyyatçı-qənnadçı, əməliyyatçı mühasib, qrafik dizayner, veb dizayner, proqram təminatçısı, tədbir təşkilatçısı, dərzi, dizayner və başqa ixtisasları üzrə kadr hazırlığı təşkil edilir. Kadr hazırlığı 6 aylıq, 1 illik və 3 illik müddətdə həyata keçirilir. 
 
Ayan Qəniyeva mərkəzin hazırladığı qənnadçı-şirniyyatçılardan biridir. Yaxşı içkilər hazırlayır, piroqlar, tortlar bişirir. Dediyinə görə, özünü şanslı hesab edir, çünki aldığı təhsil onun qarşısında geniş karyera imkanları açır: “Rəssamlıq üzrə qabiliyyətim vardı, şirniyyatçı kimi bu qabiliyyətimdən istifadə edirəm. Şirniyyatlara dizayn verib sonra bəzəyirəm. Bu sahədə ustalaşmaq, yaxşı müəllim olmaq istəyirəm. Kiçik bir şirniyyat dükanı ilə başlayıb sonra işlərimi böyütmək fikrindəyəm”.
 
 
Artıq tanınmış aşpazlar olan məzunları Cərulla Cərullazadə və Nicat Mirqasımov hazırda elə bu sahədə böyük təcrübə və nüfuz sahibidirlər. Mərkəzin 2011-2014-cü il məzunu C.Cərullazadə deyir ki, qənnadçı-şirniyyatçı ixtisası üzrə təhsili alıb: “Peşə təhsili karyeramda mühüm rol oynadı. Günü-gündən qazancı artan bir peşəkara çevrildim”.
 
Emal Sənayesinə peşə təhsilindən qısa yol
 
Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsini icra edən Asif Bayramov bildirib ki, müəssisədə 30-a yaxın ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Festivalda isə aşpaz, qənnadçı-şirniyyatçı, neft-qazçıxarma operatoru, Neft-kimya sənayesi aparatçısı-operatoru, ağac nəqqaşı, mebel ustası, bərbər, geyim üzrə dizayner ixtisasları üzrə 15-ə yaxın tələbə ilə təmsil olunublar: “2023/2024-cü tədris ilində tələbələrimizin sayı 2000-i ötüb. Bu il 614 məzunumuz olub. Onların təhsildən sonra əmək fəaliyyətinə başlamaları üçün işəgötürənlərlə geniş əməkdaşlıq qurmuşuq”.
 
 
Müəssisənin tələbəsi Həmidə Rzayeva uşaqlıqdan rəsmlə maraqlanır. Həvəsi olandan-olana şəkillər çəkib. Amma peşə təhsili almağa başlayandan bu işin peşəkarına çevrilib. Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin stendində onun da əl işləri sərgilənir. Burda təhsilini tamamladıqdan sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi olmağın xəyalını qurur.
 
“Bir Könüllü” Tələbə Təşkilatının fəallarından biri də bu peşə təhsili müəssisəsindədir. Onun adı Nərmin Qədirlidir. Nərmin kimyəvi analiz laborantı ixtisası üzrə II kurs tələbəsidir. Fəal könüllülərdəndir. Festivalda qarşısına kolba qoyub neftin tərkibindən suyu ayırır.
 
Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tələbələrinin sayını artıracaq
 
Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Mahir Namazov məlumat verib ki, 800 tələbəsi olan müəssisədə nöbəti tədris ilindən tələbələrin sayını 1500-ə çatdırmağı planlaşdırırlar.
Festivalda qaynaqçı, dərzi, aşpaz, geyim üzrə dizayner, elektrik, inşaat ixtisasları üzrə təmsil olunublar.
 
30-a yaxın sənaye, xidmət, informasiya texnologiyaları sahələrini əhatə edən ixtisaslar üzrə kadr hazırlığı aparılır. 
 
Aqil Tahirov Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin III kurs tələbəsidir. Aşpaz ixtisası üzrə təhsil alır: “Qardaşım da şef-aşpazdır. Hesab edirəm daha böyük zirvələrə qalxacağam”. 
Elvan Məmmədov isə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsidir. Avtomobil ixtisası üzrə III kursda təhsil alır: “IX sinifdən məktəbdən ayrılıb sənədlərimi peşə təhsilinə təqdim etdim. Hərbi xidmətimi bitirdikdən sonra təhsilimi davam etdirəcəyəm”.
 
Reginolardakı peşə təhsili müəssisələrinin də stendləri var
 
Festivala regionlarda fəaliyyət göstərən peşə təhsili müəssisələrindən də qatılanlar var.
 
Fərid Sadaylı IX sinifdən orta məktəbdən ayrılaraq təhsilini Bərdə Peşə Liseyində davam etdirib. 2022-ci ildə liseyə qəbul olunub, hazırda “Veb-dizayner” ixtisası üzrə III kursda oxuyur.
 
 
Yaxşı təhsil almaq üçün hər cür imkanlarının olduğunu deyib. Sübut eləmək üçün də nailiyyətlərini əsas gətirib: “İki dəfə SAF yarışlarına qatılmışam. Hər iki iştirakımda III yerə çıxmışam”. 
 
“Bir peşənin sirri” festivalında özünün havalı topyığan robotu ilə təmsil olunur. Robotuna ad qoymayıb, amma təmsil etdiyi komandanın bir adı var, özü də ingiliscə. Belə çıxır ki, robotlarını götürüb betnəlxalq aləmə də çıxmaq niyyətindədirlər: “Komandamızın adı “Engineers”dir. Robotumuz müəyyən edilmiş sahədə hərəkət edərək topları altındakı səbətə yığır. Özünün xüsusi sistemi sayəsində hava ilə işləyir. Biz ona hava vururuq, bu sayədə onu çox robotlardan fərqləndirən keyfiyyəti ortaya çıxır. Robotumuz lazım olanda qalxıb havada qala bilir. Bu da bizə yarışlarda əlavə xal verir. Stendimizdə sərgilədiyimiz kubokları bu robotla qazanmışıq”.
Fəridin dediyinə görə, “Engineers” komandası bu il 3 robot hazırlayıb.
 
Bərdə Peşə Liseyinin tələbəsi təhsilini universitetdə davam etdirəcək: “Peşə Liseyində yüksək texniki peşə təhsili alıram, bu da mənə subbakalavr statusu verir ki, mən bu statusla ali məktəblərə qəbula müsabiqədənkənar qatılacağam. Bu hüququmdan istifadə edərək ölkə universitetlərindən birində ixtisasım üzrə təhsil alacağam. Peşə təhsilim uğurla davam edir, qiymətlərim yüksəkdir, ona görə də istənilən universitetdə təhsilimi davam etdirə biləcəyimi düşünürəm”.
 
Bərdə Peşə Liseyinin direktoru vəzifəsini icra edən Samir Nəcəfov deyib ki, 2024-cü il Bərdə Peşə Liseyi üçün uğurlu il olub: “Mərkəzimiz publik-hüquqi şəxs olub. 2023/2024-cü tədris ilində tələbələrimizin sayı 1063 nəfər olub. 34 ixtisas üzrə tədris təşkil edilib. Festivala dərzi, kənd təsərrüfatı-fermer, aşpaz, bitkiçilik mütəxəssisi, binaların tikintisi və istismarı ixtisasları ilə qatılmışıq”. 
 
Cəlilabadda hazırlanan dronlar festivalda havalandı
 
Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzi də festivalda idi. Bir neçə ay əvvəl özü festival təşkilatçısı olan mərkəz, deyəsən, onu seçəcək, tələbəsi olacaq gənclərə “gəl” demək üçün heç bir fürsəti qaçırmır.
Xəyyam Həsənov veb dizayner və proqram təmintı ixtisası üzrə bu mərkəzdə təhsil alır. II kurs tələbəsidir. “Dronlarla maraqlanıram, öz layihələrim də var”, - deyir və hər kəsi onun təhsil aldığı müəssisədə oxumağa dəvət edir”.
 
 
Mərkəzin dərs hissə müdiri Bəhruz Babaşov “Azərbaycan müəllimi”nə deyib ki, festivalda iki ixtisasla təmsil olunsalar da, gətirilməsi mümkün olan bütün məhsullarını - kənd təsərrüfatı məhsullarından tutmuş əl işlərinə, geyimlərə qədər sərgiləyirlər: “Tələbələrimizin hazırladığı geyimləri, veb-dizayner qrupunun işlərini sərgiləyirik, ağıllı layihələrimizi təqdim edirik. Layihələrimiz əsasən kənd təsərrüfatı ilə bağlıdır. Torpağın istiliyini müəyyənləşdirən ağıllı sistemlərimizlə, ağıllı istixana modeli ilə çıxış edirik. Bu istixana bitkinin nəyə ehtiyacı olduğunu özü müəyyənləşdirir, avtomatik idarə olunur, lazım olanda suvarma sistemi işə düşür, lazım olanda soyutma və ya isitmə sistemi. Hazırda layihə formasındadır, vəsait tapsaq, tezliklə tətbiqini də reallaşdıracağıq”. 
 
Festivalda axşama doğru böyük qələbəlik  
 
Peşələrlə maraqlananlar, yolunu parkdan salanlar artıq stendlərin qarşısında hərəkəti çətinləşdirib, baxmayaraq ki, tədbir üçün axşam saat 5 elan olunmuşdu.
 
Və saat 5. 
 
Festival tədbirini Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbəri Ceyhun Kərəmov açıb. Parkda qurulan bu dəm-dəsgahın səbəbini açıqlayıb, məqsədindən danışıb. Onun sözlərinə görə, peşə təhsilinə marağı artırmaq, gənclərin bu sahəyə cəlb olunması və onların peşəkar karyera qurma potensialını üzə çıxarmaq niyyəti ilə artıq 5-ci ildir ki, festival düzənləyirlər: “Qərarınızı dəqiqləşdirmək, məlumat boşluğunu aradan qaldırmaq üçün festival yaxşı imkandır”.
 
 
C.Kərəmov sayca V olan festivalın iştirakçılarına məlumat verib ki, son 10 ildə müasir peşə təhsili müəssisələri yaradılıb. 2026-cı ilədək 10-dan çox müasir peşə təhsil müəassisənin yaradılması nəzərdə tutulub. Bakıda, Lənkaranda, Cəlilabadda, Bərdədə tikilən, Qubada, Füzulidə tikilməkdə olan, Şuşa, Zəngilan, Qubadlı, Ağdamda tikiləcək peşə təhsili müəssisələrində daha yaxşı mütəxəssislər yetişəcək”.
 
Festivalda müxtəlif peşə sahələri üzrə ustad dərsləri keçirildi. İştirakçıları səhnəyə dəvət edərək boyama, rəngləmə, bəzəmə, saç hörməkdə yarışdırdılar, əlinin yatıb-yatmadığını müəyyənləşdirmək imkanı, bacarığını inkişaf etdirə biləcəyinə inam yaratdılar.
 
Emalatxanalarda istifadə olunan avadanlıqların nümayişi və istifadəsi barədə geniş məlumat verildi.
 
Festival çərçivəsində ziyarətçilər müxtəlif peşə sahələri üzrə mütəxəssislərlə tanış oldu, onların təcrübələrindən bəhrələndilər. 
 
Ruhiyyə DAŞSALAHLI
Foto: Kənan QAFAROV