Bu gündən daha 1000 nəfər istifadəçi “4Sİ Akademiyası” çərçivəsində "Coursera" platformasında 6 həftəlik təlimlərə başlayır. Beləliklə layihə başladığı tarixdən (15 sentyabr 2023-cü il) bu günə kimi 8000 nəfər ondan faydalana bilib.
Bu barədə "Azərbaycan müəllimi"nə İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzindən məlumat verilib. Bildirilib ki, yeni istifadəçilərdən 546 nəfər ölkəmizin orta təhsil müəssisələrində İnformasiya Kommunikasiya Texnologiyaları və STEM sahəsində tədrislə məşğul olan müəllimlərdir. Digər istifadəçilər AMEA əməkdaşları, Sabah HUB ekosistemindən olan startapların təmsilçiləri, 4SİM-in müxtəlif tədbirlərdə keçirdiyi müsabiqələrin qalibləri və hazırda aktiv iş axtarışında olan şəxslərdir.
“4Sİ Akademiyası”nın istifadəçiləri bu günə kimi 2700-ə yaxın kursu uğurla bitirərək "Coursera" platformasında sertifikatlar əldə ediblər. Platformadan istifadə edənlər bu günə kimi 4-cü Sənaye İnqilabının komponentləri olan Süni İntellekt və Maşın Öyrənməsi, Blokçeyn texnologiyaları və s. mövzular üzrə 16764, Şəxsi inkişaf üzrə 7365 və Karyera və dil bilikləri üzrə 2125 kursu dinləyib.
Hazırda "Coursera" platformasında 2600-dən çox kurs süni intellekt vasitəsilə Azərbaycan dilinə tərcümə olunub və istifadəçilər ana dilimizdə alt yazı ilə kursun materialını izləməyə bilir.
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu (TİF) və ABŞ-nin “Coursera” şirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilən "4Sİ Akademiyası" layihəsi çərçivəsində onlayn təhsil platforması olan "Coursera"da 4-cü sənaye inqilabı komponentləri olan süni intellekt, böyük verilənlər (Big Data), maşın öyrənməsi, blokçeyn və bulud texnologiyaları, həmçinin liderlik, kommunikasiya və ingilis dili bacarıqları da daxil olmaqla 40 nüfuzlu universitetin və aparıcı texnologiya şirkətlərinin 800-ə yaxın kursu tam ödənişsiz təqdim olunur.