Əzizim, canım civə,

Yüksəl, yüksəl, bir qədər…

 

Bir gün səhər durdum ki, telefonuma müxtəlif yerlərdən mesajlar gəlib: feysbukdakı bir paylaşımla bağlı cavab istəyirlər. Bir valideyn 3-cü sinif dərsliyindən “36.6” şeirini paylaşıb dərslik müəlliflərini günahlandırır ki, uşaqlara dərsdən yayınmağın yollarını öyrədirlər. Mesaj göndərənlərə bildirdim ki, fikir verməyin, bu dərslik yeddi ildir qüvvədədir, hələ bu şeirə irad bildirən olmayıb. Yəqin, valideynin evində qazı, ya işığı kəsiblər, acığını belə çıxır.

 

Amma həmin gün, hətta ondan sonra bir neçə gün mediada bu məsələ ilə bağlı hərarət 39.9-a qalxdı. Televiziya aparıcıları ağıllı-ağıllı başlarını yelləyərək dərsliklərin bərbad olduğundan danışır, nazirliyi və dərslik müəlliflərini qınayırdılar.

 

Həmin günlərdə bir tanış mənə maraqlı hadisə danışdı. Məktəbə yenicə gedən oğlu xəstələnibmiş, hərarəti 37.5 imiş. Uşaq soruşur ki, bəs neçə olmalıdır? Bu zaman tanışın 3-cü sinifdə oxuyan qızı söhbətə qarışır:

 

Normalda insanın bədən hərarəti 36.6 olur. Xəstələnəndə hərarət qalxır. Temperaturu göstərən isə termometrin içindəki civədir. Civə yeganə metaldır ki, maye halında olur və isti olanda o dəqiqə genişlənir. Buna görə də termometrin içində yuxarı qalxır.

 

Tanışım deyir ki, məəttəl qaldım, soruşdum ki, bunları haradan bilirsən? Dedi, dərslikdə “36.6” şeiri var. Üç gündür ki, həmin dərsi keçirik. Bu gün də debat olacaq: dərsə hazır olmayanda məktəbə getmək lazımdır, yoxsa yox.

 

Mən ədəbi ədəbsizlərdən öyrəndim (Sədi Şirazi)

 

Didaktik ədəbiyyatda geniş yayılmış üsuldur: mənfi xarakter, mənfi hərəkət elə təsvir olunur ki, oxucu nəticə çıxarsın, özü həqiqəti axtarsın. Sergey Mixalkovun 36.6 şeiri uşaq satirik poeziyasının gözəl nümunələrindən biridir: dərsə hazır olmayan uşaq məktəbə getmək istəmir və özünü xəstəliyə vurmaq qərarına gəlir; bunun üçün o, nəfəsi ilə termometrin civəsini bir qədər yuxarı qaldırmağa nail olur. Şeiri dərslik müəlliflərindən biri Gülşən Orucova tərcümə edib, şair Zahid Xəlilin redaktəsindən sonra dərslikdə yer alıb.

 

Dərslik komplektində “36,6” şeirinə 6 saat (3 dərs) vaxt ayrılıb. Bu vaxt ərzində şagirdlər şeiri oxumalı, əsər qəhrəmanına və onun hərəkətinə münasibət bildirməli, termometr, civə ilə bağlı dinləmə mətninə qulaq asmalı, iş dəftərində tapşırıqları yerinə yetirməli, “Dərsə hazır deyilsənsə…” mövzusunda debat keçirməlidirlər. Dərsin əsas məqsədi uşaqlarda təhsillə bağlı məs­uliyyət hissini artırmaq, onların oxu, dinləmə bacarıqlarını inkişaf etdirmək və dünyagörüşünü genişləndirməkdir. Bu fəaliyyətin düzgün qurulması üçün müəllim üçün metodik vəsaitdə tövsiyələr verilir.

 

“Görərsiniz, kurikulumu ləğv edəcəklər”

 

On ildir ki, ölkədə yeni təhsil sistemi tətbiq olunur: orta məktəbdə verilən biliklər ələkdən keçirilir, həcmi azaldılır, əvəzində məntiqi, analitik, tənqidi, yaradıcı təfəkkürün inkişafı üçün texnologiyalar təklif olunur. Söhbət əldə etdiyi biliyə münasibət bildirən, onu tez bir zamanda emal edən, bacarığa çevirən, hətta bu biliyi yarada bilən insandan gedir. Bu yanaşma insanlarda fərqli təfəkkür tərzi formalaşdırmalı idi. Müəyyən səviyyədə formalaşdırdı da. Lakin təfəkkür və bacarığı inkişaf etdirmək bilik öyrətmək qədər asan deyil. Ona görə də başlanğıc mərhələdə həm dərslik müəlliflərinin, həm də müəllimlərin təcrübəsizliyi özünü göstərdi. Digər tərəfdən, sistemdəki boşluqlar və ictimai şüurdakı konservatizm bu prosesi xeyli ləngitdi. Hətta kurikulumun tezliklə ləğv olunacağı barədə şayiələr baş alıb getdi. Amma yeni təhsil sistemi kimlərinsə istəyi deyildi, dünya təhsilində gedən proseslərin Azərbaycandakı gecikmiş təzahürü idi ki, qloballaşma şəraitində bu, gec-tez baş verməli idi.

 

Uşağıma ismin hallarını öyrədin!

 

2-ci sinifdə oxuyan uşağının danışarkən öz fikrini çətinliklə ifadə etməsi Çimnaz xanımı narahat etmirdi. Amma bir gün məlum olanda ki, uşaq ismin hallarını bilmir, dünya xanımın başına dar oldu. O, üz tutdu yaxınlıqdakı “X” tədris mərkəzinə:

- Mən başa düşmürəm, bu məktəbdə uşağa nə öyrədirlər. İkinci sinifdə oxuyur, hələ nə ismin hallarını bilir, nə də saitlərin növlərini. Bizim vaxtımızda bunların hamısını bilirdik. Özləri də təhsilin inkişafından danışırlar.

Mərkəzdə valideyni arxayın etdilər:

- Narahat olmayın. İkicə aya biz bunların hamısını sizin uşağa öyrədəcəyik.

 

Doğrudan da, iki aydan sonra valideyni dəvət edib onun yanında uşağı sorğu-sual etdilər. Məlum oldu ki, uşaq nəinki ismin hallarını, hətta cümlənin quruluşca növlərini də bilir. Çimnaz xanım xoşbəxt oldu, sevincdən gözləri yaşardı.

 

Bir müddət sonra “X” tədris mərkəzi ibtidai sinif şagirdləri üçün sınaq imtahanı keçirdi. Mərkəzin kurslarına gedən uşaqlar “yüksək nəticələr” göstərdilər. Kənardan qatılanların nəticələri isə “aşağı” oldu. Onların valideynləri paxıllıqdan və acıqdan alışıb-yanaraq gəldilər məktəb müəlliminin yanına:

 

- Filankəsin uşağı “X” tədris mərkəzinə getdiyinə görə hər şeyi bilir. Bizim imkanımız yoxdur deyə uşağımız savadsız qalmalıdır?! Bəs dövlət hara baxır?!

- Axı kurikulum…

- Qara gəlsin sizin kurikulum! Uşaq açıq, qapalı saiti ayıra bilmirsə, nəyimə lazımdır sizin kurikulum!

Söhbət gedib çatdı məktəb direktoruna. Direktor müəllimi çağırıb danladı, dedi ki, bir də valideynlərin narazılığını eşitsə…

 

Tələb adekvat təklif yaradır

 

Beləcə, valideynin tələbi ilə nitq bacarıqları, yaradıcılıq, təfəkkür keçir arxa plana. Müəllim başlayır dərslikdən əlavə vəsaitlər axtarmağa ki, uşaqların biliklərini dərinləşdirsin.

 

Cəmiyyətdə ara həkimləri olduğu kimi, ara müəllimləri, ara müəllifləri, ara naşirləri də olur. Təhsildə yeni yanaşmalar, yeni təlim texnologiyaları onları o qədər də maraqlandırmır. Onlar görürlər ki, müasir valideyn ənənəvi təhsil sisteminin “məhsul”udur və bundan biznes maraqları üçün istifadə etməyə çalışırlar.

 

Məktəb müəlliminin problemlərindən xəbər tutan ara müəllifləri və naşirləri qollarını çırmayıb girişirlər işə: “Dil qaydaları üzrə 3500 test sualı”, “Riyaziyyatdan 5000 misal və məsələ”… Bu tipli vəsaitlər müəllimlərə üst qiymətindən 35-40 % güzəştlə təklif olunur. Aha! Burada əlavə qazanc yeri də var imiş. Müəllim valideyni bir kənara çəkib pıçıltı ilə deyir ki, bu dərsliklər heç bir bilik vermir, əgər istəyirsə, onun uşağına yaxşı bir vəsait verər, amma qiyməti yeddi manatdır. Valideyn ağızdolusu təşəkkür edir: “Əlbəttə! Uşağın savadlı olması üçün yeddi manat nədir ki”.

 

Reallıq budur. Valideynlərin maarifləndirilməsi üçün təbliğat maşını işə düşməsə, bu xəmir hələ çox su aparacaq. 15-20 ildən sonra da valideynlər yenə deyəcəklər: “Bizim vaxtımızda…”.

 

Rafiq İSMAYILOV