Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə “Heydər Əliyev İli” çərçivəsində “Turizm” ixtisası tələbələrinin bilik və praktiki bacarıqlarını yoxlamaq məqsədilə komandalar arasında yarış keçirilib. Yarışda “Xəzər”, “İçərişəhər” (rus bölməsi) və “Qədim şəhər” komandaları iştirak ediblər. Ekspert qrupunun tərkibi Humanitar Kollecin direktoru dosent Nərmin Qaralovadan, direktor müavini Kamran Məsimovdan, Azərbaycan Həmkarlar Konfederasiyası nəzdində Bakı Turizm Agentliyinin müdiri Əlixan Mürvətovdan, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin turizm kafedrasının müdiri Səyavuş Məhişovdan, “BAYFLİGHT” Tur firmasının icraçı direktoru Tahir Kərimovdan, eləcə də kollecin “Kulturologiya” şöbəsinin müdiri Göyçək Mustafayevadan və müəllimlər - Könül Əliyevadan, Yasir Hacıyevdən və Elmira Məmmədovadan ibarət olub.
Yarışmanın təşkilatçısı, pedaqoqika üzrə fəlsəfə doktoru Gülşən Abbasova Azərbaycan Respublikasının Turizm haqqında Dövlət Proqramında Turizm Sənayesi üçün ən vacib istiqamətlərdən biri olan peşəkar kadrların hazırlanması haqqında məruzə edib.
Yarış 2000-ci ildə UNESKO-nun Ümumdünya İrs Siyahısına salınmış Dövlət Tarix-Memarlıq Qoruğunda keçirilib. Komandalar üçün üzərində 12 tarixi obyekt yerləşən 3 marşrut müəyyən olunub və həmin komandaları tərkibi 3 nəfərdən ibarət olan təlimçi-ekspert qrupları müşayiət edib. Təlimçilərə İçərişəhərin xəritəsi, marşrut üzərində olan obyektlərin siyahısı, tələbələrə veriləcək suallar və qiymətləndirmə vərəqləri təqdim olunub. Ekspertlərin vəzifələri iştirakçıların verdiyi məlumatları dinləmək, turun aparılma texnikasına və təhlükəsizlik qaydalarına riayət edilməsinə diqqət yetirmək, verilən məlumatlarla əlaqəli suallara cavab almaq və onları qiymətləndirmək olub. Bundan başqa, iştirakçıların yaradıcılıq qabiliyyətlərini yoxlamaq məqsədilə onlara bəzi nöqtələrdə xüsusi tapşırıqlar verilib. Buna nümunə olaraq, Xovsuz xalçanın rəsminin çəkilməsi tapşırığına xüsusi dəvət olunmuş rəssam-animatorlar tərəfindən qiymət verilib. Növbəti tapşırıq, Bakıda Sovet dönəmində çəkilmiş filmlər haqqında məlumat verməklə “Brilliyant əl” filminin çəkiliş yerində “Çort poberi” səhnəsinin canlandırılması idi. Son olaraq marşrutun 12-ci nöqtəsində verilmiş 2 tapşırıqdan birini milli rəqslərin ifası, onların tarixi ilə bağlı sualların cavablandırılması və qiymətləndirilməsi təşkil edirdi. Hamını heyrətləndirən və xüsusi maraq doğuran sonuncu tapşırıq isə çay ənənəmizlə bağlı olub. İştirakçılar çay haqqında maraqlı məlumatlar veriblər, təlimçilərin suallarını cavablandırıblar və tapşırığın sonunda hər qrup tərəfindən çayın düzgün texnologiya ilə dəmlənməsi qaydaları nümayiş edilib. İştirakçılar tapşırıqların öhdəsindən məharətlə gəliblər. Yarış iştirakçıların yüksək əhvali-ruhiyyəsi ilə başa çatıb.
Sonda ekspertlərin səsverməsinə uyğun olaraq “Xəzər” komandası I, “İçərişəhər” komandası II, “Qədim şəhər” komandası isə III yerləri qazanıblar.
Sifai SƏFƏROVA