Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Abşeron yarımadasında keçirilən növbəti ağacəkmə aksiyasına Azərbaycanda təhsil alan əcnəbi tələbələrin iştirakının təşkili çərçivəsində Elm və Təhsil Nazirliyi də qoşulub.

 

Ağacəkmə kampaniyasında müvafiq qurumların aidiyyəti struktur bölmə rəhbərləri, ölkəmizdə təhsil alan əcnəbi tələbələr, ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. Dövlət Miqrasiya Xidmətinin və Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) nümayəndələri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin rəhbərliyi də sözügedən kampaniyaya qoşulublar.

 

Ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması, eyni zamanda əcnəbi tələbələrin şəbəkələşməsi və ictimai aktivliyinin artırılması, əcnəbilərin Azərbaycanda təhsilinin təşviqi məqsədilə payız ağacəkmə aksiyasında 18 ali təhsil müəssisəsindən 33 ölkəni əhatə edən 100-dən çox əcnəbi tələbə iştirak edib.


Sözügedən aksiya zamanı 6 hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun 4200 ədəd eldar şamı, əncir və püstə ağacları əkilib.


Sonda iştirakçıların təəssüratları dinlənilib, onlarla xatirə şəkli çəkdirilib.