Yunan-Roma və sərbəst güləş üzrə yeniyetmələr (U-17) arasında beynəlxalq “Təhsil” turniri start götürüb.

 

Bakı İdman Sarayında keçirilən açılış mərasimində rəqqasların Azərbaycan tarixini simvolizə edən nümayişindən sonra medallar uğrunda qarşılaşmalara start verilib.

 

Elm və Təhsil Nazirliyinin Azərbaycan Güləş Federasiyası ilə birgə təşkil etdiyi yarışın ilk günündə çıxış edən sərbəst güləşçilər mübarizə aparıblar. İlk yarış günündə qalib olanlara medallar təqdim edilib. 

 

Qeyd edək ki, Dünya Güləş Birliyinin (UWW) təqvimində yer alan yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Tacikistan, Böyük Britaniya, İsrail və Fransadan ümumilikdə 200-dən çox idmançı iştirak edir.

 

Turnirin keçirilməsində məqsəd güləşin məktəblilər arasında kütləviliyinin, yeniyetmə idmançıların yarış təcrübələrinin artırılması, onlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və bu idman növü üzrə yeniyetmələrdən ibarət ölkə və Təhsil Respublika İdman Mərkəzinin yığma komandalarına namizədlərin seçilməsindən ibarətdir.