Hər bir musiqi janrında ifaçılıq sənətinə yiyələnmək  arzusunda olanlardan  ilk növbədə   fitri  istedada sahib olmaq  tələb olunur. Kompassız  gəminin  fırtınalı dənizdə üzə bimədiyi qədər  çətin və mürəkkəb, eyni zamanda məsuliyyətli bir sahədir musiqi. Musiqi janrlarının şahı sayılan muğam  ifaçılığı   isə səsdən və zövqdən öncə  ifaçıdan  ilahi hisslərlə cilalanmağı bacarmağı tələb edir. Bu, olduqca mühüm bir amildir. Xoşbəxtlikdən  uşaq və yeniyetmələrimiz erkən yaşlarından musiqinin bütün janrlarına, eləcə də muğam ifaçılığı  sənətinə meyil göstərirlər. Belə yeniyetmələrdən biri ilə bu gün tanış olacağıq, musiqi sahəsində qazandığı uğurlar barədə öz dilindən eşidəcəyik.

 

“Mənə mane olmayın”

 

Elvin Abdullayev  2006-cı ildə Bakıda anadan olub.  Anası uşaqlıqdan  onun istedad sahibi olacağını  və  balaca Elvinin  ürəyincə olan bir musiqi parçası eşidən kimi qəribə hisslər keçirdiyini  duyub. Həmin anlarda o, heç kimin çağırışına cavab vermirmiş və  totuq əlləri ilə “mənə mane olmayın” işarəsini  verirmiş. İlahi varlıq olan  ana ürəyi həmişə olduğu kimi bu dəfə də yanılmayıb. Valideyinləri  5 yaşında olarkən  onda olan  ritm suluğunu kəşf ediblər. Sevincək halda olan atası həyat yoldaşının məsləhəti ilə Elvinə  kiçik nağara da alıb və o, bir ilə yaxın müddətdə  nağaranı öz ruhuna uyğun tərzdə dınqıldatmaqla  məşğul olub.

 

“Gələcəkdə böyük xanəndə olacaqsan”

 

 Nəhayət,  günlərin bir günü anası ilə musiqi məktəblərindən birinə üz tutan Elvinin  ritm  və suluğunu yoxlayarkən  ona, “istedadlı oğlansan”, deyiblər. Bir mahnı ifası  səsləndirməyi təklif edərkən  isə  balaca Elvin  sözlərini yaxşı  əzbərlədiyi “Ay dili-dili” mahnısını ifa edib. Musiqi müəllimləri  onun səsinin, musiqi duyumunun qənaətbəxş olduğunu müəyyən etdikdən sonra, “sən gələcəkdə böyük xanəndə olacaqsan” ifadəsini işlədiblər. Elvin sevincək halda anasına sarılıb, əlbəttə, “olacaqsan”, deyərək  anası ona qol-qanad verib. Bəli,  Elvini   Respublika İncəsənət Gimnaziyasına  aparan bu  işıqlı  yollar onu sonradan musiqi sahəsində imza atacağı çoxlu uğurlara bax, beləcə qovuşdurub.

 

“Sən müsabiqəyə qatılacaqsan”

 

Bu təhsil ocağında oxumağa başladığı gündən  Elvinin  həyatında  dəyişikliklər  baş verib və bar verən bir budaq kimi o, saatbasaat inkişaf edib. Bütün bu uğurlarına görə o, sevimli  musiqi müəllimi  Akademik Opera və Balet Teatrının solisti  Aytən Məhərrəmovaya borclu olduğunu israrla ifadə edir. Onunla söhbətimiz də  olduqca maraqlı  keçdi.  Dərsə  başladığım ilk 10 gündən  sonra Aytən müəllim  mənə  başqa  şagirdlərlə birlikdə  müsabiqəyə  qatılacağımı  israrla  söylədi. Mən nə gözlərimə, nə də qulaqlarıma inanmadım. Bu, mənim üçün olduqca gözlənilməz  idi. Müəllimim  isə  qərarında qəti olduğunu  bildirdi  və üstəlik dedi:  - “Sən müsabiqəyə qatılacaqsan və qələbə də qazanacaqsan”. Mənə elə gəlirdi  ki, həmin anlar mənim yaşadığım hisslərə göydə uçan quşlar da sevinirlər. Çünki həmin anda onlar da həmişəkindən daha şaqraq səslər çıxarır, budaqdan-budağa tullanaraq  rəqs edirdilər. Hansı müsabiqəyə qatılacağımı biləndə isə sevinc hisslərimi  məsuliyyət hissləri əvəzlədi. Bu, ölkə səviyyəsində ən möhtəşəm bir müsabiqə olacaqdı, “XI  Beynəlxalq Muğam Müsabiqəsi”. Müsabiqə iştirakçılarının sadəcə öz ölkəmizdən  deyil, həm də xarici  ölkələrdən olan iştirakçılar olacağını  eşidəndə  isə lap çox həyəcanlandım.

 

“Nəhayət, gözlənilən an”

 

Demək olar ki,  bütün günlər  tam olaraq məşğələlərə həsr olunurdu. Aytən müəllim mənə rahatlıq vermirdi. Qalib olandan sonra doyunca dincələrsən, deyirdi. Və nəhayət gözlənilən an yetişdi və mən səhnəyə çıxıb çox sevdiyim “Qatar” muğamını ifa etdim. Həmin ərəfədə sevimli müəllimim məni öz   məşhur sənət dostları ilə də tanış etmişdi. Onlar da mənim  ifalarımı bəyənmişdilər.

 

Aparıcının   dilindən, “Azərbaycandan olan  13 yaşlı  son ifaçı  “Qatar” muğamını səsləndirəcək” sözlərini eşidilən kimi zaldan  gurultulu  alqış səsləri eşidildi. Xoşbəxtlikdən zalda  bütün diqqətlərin mənə  yönəldiyini ani olaraq unuda bildim  və sanki məşq edirəm kimi  səhnəyə doğru  sevinc hissləri ilə addımladım.

 

“Qatar” muğamı  I yer

 

Muğamı  və təsnifi  çox ürəklə ifa etdim və ifam sona yetəndə   zaldan eşitdiyim  alqış səsləri ürəyimə yağ kimi yayıldı. Anamın, sevimli müəllimim Aytən Məhərrəmovanın və direktorumuz Aytən Əhmədovanın üzlərində xoş təbəssümü gördüm. Həmin anda mən sevimli müəllimimin  ana  məhəbbətini duydum.  Bizi, böyük sənətkar, ustad tarzən Ağasəlim Abdullayev mükafatlandırdı.  Birinci yer mənim  ifa etdiyim  “Qatar” muğamına verildi. Tamaşaçıların gurultulu alqışları ilə  mənə diplom və digər hədiyyələr təqdim olundu. Həmin anlar keçirdiyim hissləri, inanın ki, ifadə edə  bilmirəm. Bir o yadımdadır ki, qeyri-ixtiyari, “mən indi artıq Elvin Abdullayevəm”, sözlərini   qışqıra-qışqıra  dedim.

 

...Təbii olaraq  Elvinin özünün dilindən  eşitdiklərimiz  onun  ruhumuza mənəvi qida verən, insanı haldan-hala salmağa qadir olan, qanımıza hopan  bal kimi muğam  ifaçılığı sahəsində qazandığı ilk möhtəşəm uğuru idi. Sənətdə ilk uğuru  isə onun gələcəkdə qazanacağı nailiyyətlərə  işıq salan nurlu bir yol oldu. Belə ki,  Elvin Abdullayev  dəfələrlə Beynəlxalq və Azərbaycan  bölgələri üzrə olan “World of Harmony” müsabiqəsinin  qalibi olub.  10 dekabr 2020-ci ildən etibarən  isə ustadı Aytən Məhərrəmova  və  sənət dostları ilə birlikdə  televiziya  verilişlərinə dəvətlər almağa başlayıb. Çox keçmədi ki,  ən müqəddəs arzularından biri də gerçəkləşdi və Elvin  sevimli müəllimi Aytən Məhərrəmovanın  rəhbərliyi və sənət dostlarının iştirakı ilə  Qarabağ torpağında, Cəbrayılda və  Xudafərin körpüsündə  verilən  konsert proqramlarının iştirakçısı  oldu. Həmin konsertlər lentə alınaraq Azərbaycan tamaşaçılarına təqdim olundu.

 

Elvin, arzularım çoxdur, söyləyir.  Gələcəkdə müxtəlif ölkələrdə müsabiqə və festivallara  qatılmaq,  muğamımızı bütün dünya tamaşaçılarına sevdirmək  ən böyük arzumdur-deyir.

 

Sifai SƏFƏROVA