Abituriyentlər imtahan verir. Hamı bir-birinə dəyib. Beş yüz toplayan, altı yüzün “belini qıran”, yeddi yüzlük qiymətləndirmədəki son həddi, yeddi yüzü toplayanlar var. Əla! Təbriklər! Təkcə ailələrinin deyil, ölkənin fəxridirlər.
Ancaq bu yazıya mövzu deyil onlar. Bu gün minimum bal toplayıb istər özünün, istərsə də ailəsinin kefini pozanlardan yazmaqdır məqsəd. Həm də o məqamda ki, “bacarmadın, qabiliyyətin yetmədi, fərsizsən, heç kimsən” ittihamları ilə övladlarımızı üzü depressiyaya, ordan da qova-qova intihara aparacaq qədər “istedadlıyıq”. Bu, eyforiyadır! Kütləvilikdir! Övladla əmlak kimi davranmaqdır! Onun imkan və bacarıqlarını əvvəldən hesablaya bilməməkdir. Bu, repetitor yanına, hazırlıq kurslarına boşuna tökülən vəsaitdir. Bu, övladını zərrəcə olsa belə, tanımamaqdır. Mənəm-mənəmlikdir. Eqoistlik, öz yaşlılıq dövrünü övladını guya ki, yaxşı peşə sahibi etməklə sığortalamaq cəhdinin alınmamasıdır. Nəhayət, bu, özünü yetişdirə bilməyən valideyn davranışıdır.
Anlaması çox bəsit olan bir məsələ var.
Hamı yeddi yüz bal toplaya bilməz. Altı yüz də, beş yüz də toplamamaq olar. İki yüz əllidən yuxarı keçməmək də mümkündür. Bizim cəmiyyət “qonşuda var, məndə də olsun” kimi kütləvi psixozdan qurtulmalıdır nə zamansa, necəsə. Niyə elə bu qəbuldan başlamayaq? “Mütləq olmalıdır”, iddiasını, “olmaya da bilər”lə əvəz eləmək şərtdir artıq.
Övlad fərddir, vətəndaşdır, əsla əmlak deyil, onun gələcəyinin qərarı da özü ilə razılaşdırılmalıdır. Əks halda hər iki tərəf uduzur. Biri zamanını, o biri vəsaitini, həm də ümidlərini itirir. Beləcə, uçurum yaranır övlad-valideyn münasibətlərində.
Bəlkə bunu da xatırlatmaq yerinə düşər. Bir müddət əvvəl peşə təhsilinin inkişafı, habelə bu məqsədlə yol xəritəsinin hazırlanması işinə start verildi ölkə başçısının imzaladığı bir neçə sərəncamla. Əminəm, məhz həmin sistemin düzgün qurulması az bal topladığına təəssüflənən gənclər, onların valideynləri üçün çox gözəl perspektiv vəd edir. Az bal toplayan gözəl bərbər, tibb bacısı, telefon ustası, xalçaçı, maşinist, yəni yaxşı bir peşə sahibi ola bilər. Eyni zamanda, seçdiyi peşəsini o qədər yaxşı mənimsəyər ki, gələcəkdə həmin fəaliyyət sahəsi üzrə biznes struktur qura, ciddi iş adamına çevrilər. Yəni, əsas bal deyil. İstək, əzm, xarakter də əsasdır. Praktika isə həmişə maraqlı bir paradoksu isbat edib. Ən yüksək bal toplayan abituriyentlər daha az bal toplayanlardan işgüzarlıq və peşəkarlıq bacarıqlarına görə aşağı olublar. O üzdən, kim hansı eyforiyanı yaşayır yaşasın, qoyun lap yeddi yüz balı toplasın. Nə əla və nə gözəl! Onlar da bizim milli sərvətimizdir. Siz az bal yığmağınızın təəssüfünü yaşamayın, uşaqlar, həyat sizi az balla da yüksəyə qaldıra bilər. Bu isə sizin şəxsi istəyinizə, bir də şəxsiyyət olaraq özünüzü necə yetişdirəcəyinizə bağlı məsələdir. Hər şeyə iki yüz əllidən başlamaq da pis nümunə deyil. Qorxulusu heç nəyin olmamasıdır. İki yüz əlliniz mübarək! Yüksəklərə qalxmaqda iddialı olun, hər kəsə inad.
Jalə MÜTƏLLİMOVA