İnternetdən istifadə ilan zəhəri kimidir, ondan düzgün istifadə etdikdə insana xeyir verir, əksi isə...
Bu gün internetin həyatımızın ayrılmaz hissəsinə çevrilməsi danılmazdır. Və bu bir həqiqətdir ki, yüksək texnologiyaların inkişaf tendensiyası o qədər sürətlə gedir ki, internetin həyatımızın önəmli hissəsinə çevrilməsi getdikcə daha da asanlaşır. Özümüzü kompütersiz, internetsiz təsəvvür etmək belə çətindir. Ona dəfələrlə müraciət etməyimiz, bəzən saatlarla vaxtımızı kompüter qabağında keçirməyimiz günün reallıqlarındandır. Təbii ki, onun informasiya, müəyyən bilgilər əldə etmək, məlumat paylaşmaq və digər sadalamadığımız bir çox üstünlükləri var. Əgər biz internetdən düzgün istifadə etməyi bacarsaq, günümüzü çox məhsuldar edər, özümüzü təkmilləşdirə bilərik. Sual oluna bilər ki, internet istifadəçilərinin hamısımı ondan doğru-düzgün istifadə edir? Gəlin razılaşaq ki, bəzən insanlar internetdən pis yönümlü, neqativ məlumatlarla, nifrət və xaos effekti verən informasiyalarla əhatə olunmuş şəkildə istifadə edirlər. Xüsusilə uşaq, yeniyetmə və gənclərin daha çox kompüterə bağlılığını nəzərə alsaq, bu barədə birmənalı olaraq bir söz demək çətindir.
Elə “Təhsilə dəstək” əlavə təhsil müəssisəsinin təşkilatçılığı ilə internetə həsr olunan “Fürsətlər və tələlər” adlı maarifləndirici seminarda da məhz bu məsələ ciddi müzakirə obyekti olub. Paytaxtın bir sıra ümumtəhsil məktəblərinin direktorlarının, direktor müavinləri və valideynlərinin iştirak etdiyi tədbiri “Təhsilə dəstək” əlavə təhsil müəssisəsinin direktoru Saleh Məmmədli açaraq onun məqsəd və məramından danışıb. Həyatımızın önəmli hissəsinə çevrilən internetdən istifadə ilə bağlı müxtəlif fikirlərin söylənildiyini, yazıların yazıldığını deyən direktor bugünkü seminarın maarifləndirici xarakter daşıdığını və məsələyə bu dəfə daha fərqli formatda yanaşıldığını bildirib. Qeyd olunub ki, məqsəd hər bir insanın özünü inkişaf etdirmək üçün əvəzedilməz bir vasitəyə çevrilən internetin faydalarından danışmaqla yanaşı, eyni zamanda ondan düzgün istifadə edilmədikdə verdiyi fəsadlara qarşı daha diqqətli olmağı göstərməkdir.
Saleh Məmmədli onu da əlavə edib ki, təqdim edilən maarifləndirici seminarın respublikamızın bir sıra bölgələrində də təşkili planlaşdırılır.
Bir çox ailələrdə internetlə bağlı psixoloji problemlər yaşanır
Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti Nurəddin Mehdixanlı müzakirə olunan mövzunun aktuallığını diqqətə çatdırıb. Bu gün bir çox ailələrdə internetlə bağlı müəyyən psixoloji problemlərin yaşandığını söyləyən aktyor onların həllində peşəkar psixoloqların, həkim psixoterapevtlərin məsləhətlərinə ciddi ehtiyacın duyulduğunu söyləyib.
Nurəddin Mehdixanlının internetlə bağlı fikirləri də orijinallığı ilə seçilib: “İnternetdən istifadə ilan zəhəri kimidir, ondan düzgün istifadə etdikdə insana xeyir verir, əksi isə bizi məhv edə bilər. İnternetin üstünlükləri çoxdur. O bizə heç cür əlaqəmiz olmayan insanlarla münasibət saxlamağa, gündəlik həyatımızı maraqlı etməyə və digər əməliyyatları həyata keçirməyə imkan verir. Lakin bir müddət keçdikdən sonra ona qarşı aludəçilik yaranır və bizi öz əsas məqsədimizdən uzaqlaşdırır. Və sonda biz bu məşğuliyyətimizdən ayrıla bilmir, demək olar ki, ətraf aləmlə canlı ünsiyyətdən uzaqlaşırıq”. Xalq artisti xüsusilə internet istifadəçilərinin arasında daha çox uşaqların, yeniyetmə və gənclərin olduğunu söyləyərək məsələyə ciddi yanaşılmasının vacibliyini diqqətə çatdırıb.
Qeyd edib ki, bu və gələcəkdə digər mövzularda da seminarların təşkili, orada tanınmış mütəxəssislərin təhsil işçiləri, eləcə də valideynlər ilə canlı ünsiyyətdə olmaları bir çox problemlərin öz həllini tapmasında mühüm rol oynaya bilər.
Nurəddin Mehdixanlı ölkəmizdə ilk dəfə belə bir tərzdə seminarın keçirilməsini, burada qoyulan məsələlərin müzakirə olunmasına daha kreativ, yaradıcı yanaşılmasını yüksək qiymətləndirərək tədbirin təşkilatçısı olan “Təhsilə dəstək” əlavə təhsil müəssisəsinə minnətdarlığını bildirib.
İnternetin bizə verdiyi fürsətlər və düzgün istiqamətdə istifadə olunmadıqda səhhətimizdə törətdiyi fəsadlar
Həkim psixoterapevt, “Stressin idarəetmə” üsulları üzrə aparıcı ekspert Həlimə Qəmərlinskaya “Fürsətlər və tələlər” mövzusunda etdiyi təqdimatında internetin bizə verdiyi geniş imkanlardan söz açıb. O, internetin xüsusilə şagirdlərin öyrənmə vərdişlərini və məlumat təcrübələrini zənginləşdirmək üçün istifadə edə biləcəkləri vasitə olduğunu deyib. Belə ki, onlar internet sayəsində dərsləri üçün lazımlı olan araşdırmaları daha tez və rahat aparmaq, eyni zamanda müxtəlif məlumatlar, yeni informasiyalar əldə etmək imkanına malikdirlər.
Bildirib ki, bu gün kompüterdə əyləncəli oyunların oynanılması da uşaq və yeniyetmələrin maraq dairəsindədir: “Təbii ki, elə oyunlar var ki, insan psixikasına pozitiv təsir göstərir. Məsələn, Melburn Texnologiyalar Universitetində alimlər “Avstraliya məktəblərində 15 yaşlı şagirdlərin internet və dərs müvəffəqiyyəti” mövzusunda araşdırma aparıb. Nəticədə, mütəmadi olaraq onlayn oyun oynayan yeniyetmələrin dərslərini öz həmyaşıdlarından daha yaxşı mənimsəmələri aşkar olunub. Elə oyunlar var ki, uşaqlar onunla məşğul olanda bəzi fənləri daha yaxşı öyrənir, onun tənqidi düşünmə qabiliyyətinin, həmçinin komandada işləmək bacarıqlarının inkişafına kömək edir. Bunlar arasında məşhur oyun olan Super Mario beyində boz maddənin miqdarını artırır, hipokampus və beyinciyin sağ hissəsini inkişaf etdirir. Ancaq bu, o demək deyil ki, uşaqlar oturub saatlarla oyun oynamalıdırlar”.
Həlimə xanım bir həkim kimi bunun qətiyyən yolverilməz olduğunu, günün çox hissəsini kompüter arxasında keçirməyin insan psixikasında ciddi fəsadlara yol açdığını deyib. Bu gün ən ciddi problemlərdən biri də kompüterə ifrat dərəcədə aludəçilikdir. Söhbət kompüterdən asılılıqdan gedir. Psixoterapevt bu asılılığın əlamətlərini açıqlayıb: “ Kompüterlə çalışmaq nəticəsində əhvali-ruhiyyə yaxşılaşdığından onda işləməkdən və ya oyun oynamaqdan ayrılmaq mümkün olmur. Kompüter arxasında saatlarla oturmaq, boş-boşuna vaxtın internetdə israf edilməsi, insanlarla canlı ünsiyyətdən qaçmaq, dostlarla görüşdən imtina etmək, başqaları ilə görüşərkən belə, söhbətin məhz kompüterdən salınması, öz aləminə qapılmaq da artıq kompüter asılılığından xəbər verir.
Kompüterdən ifrat dərəcədə istifadənin insan sağlamlığına mənfi təsirlərindən biri isə yuxusuzluqdur. İnternet fasiləsiz 7 gün 24 saat işləyir və çox təəssüf ki, biz hər günümüzün, eləcə də saatımızın demək olar ki, çox hissəsini yuxusuz qalırıq. Yuxusuzluq isə qısa bir müddətdə xəstəliyə çevrilir və bunu hiss etmirik. İş-işdən keçdikdə isə qeyd etdiyim kimi, bu, yuxusuzluğa və səhhətimizdə müxtəlif xəstəliklərə (görmə qabiliyyətinin, immunitetin zəifləməsi, baş ağrıları, yorğunluğun artması, bel və bilək ağrıları) yol açır”.
Kompüterdən, internetdən aşırı dərəcədə istifadəyə meyillilik faktorları da araşdırılıb, təhlil edilib. Psixoterapevtin fikrincə bunlar şəxsiyyətin patoloji xüsusiyyətləri, komplekslər, özünə qapanma və sadəlövhlük, ailədə ünsiyyət çatışmazlığı, ailədaxili münaqişələr, sosial fobiyadır.
İnternetdən asılılığı müəyyən etməyə imkan verən test
Həlimə Qəmərlinskayanın valideynlərə övaladlarının internetdən asılılığını müəyyən etmək üçün hazırladığı testin oxucularımızın da marağına səbəb ola biləcəyini düşünərək onu olduğu kimi təqdim edirik:
1. Övladınız internetdən istifadə etmək üçün təyin etdiyiniz vaxt məhdudiyyətini tez-tez pozur?
2. İnternetə daha çox vaxt sərf etmək üçün evdə olan öhdəliklərinə laqeyd yanaşır?
3. Ailəsi ilə vaxt keçirmək əvəzinə vaxtının çoxunu internetdə sərf etməyi üstün tutur?
4. İnternetdə çox vaxt keçirməsi nəticəsində məktəbdə qiymətləri zəifləyir?
5. Vaxtının çoxunu otağında kompüter arxasında oyun oynayaraq keçirir?
6. İnternetdən istifadə zamanı ona müraciət edəndə sərt cavab qaytarır və əsəbiləşir?
Əgər 4 “bəli” cavabı varsa, valideynlər mütləq öz ailəsinin və uşağının həyatına internetin ciddi təsirini nəzərə almalı, 5-6 “bəli” cavabı varsa, artıq onda internet asılılığının olduğunu bilməli və bu zaman mütləq mütəxəssisə müraciət etməlidirlər.
Bu asılılıqdan necə qurtulmaq olar?
Əgər söhbət uşaqlardan gedirsə, ilk növbədə onlara hər zaman nəzarət olunmalıdır. Valideynlərin ailədə uşaqlarla daim ünsiyyətdə olması, onların istək və arzuları ilə maraqlanması, övlada şəxsi müsbət nümunə göstərməsi mütləqdir. Birlikdə vaxt keçirmək üçün digər imkanlar ( kinoya getmək, təbiət gəzintisi, şahmat oynamaq və s.) təklif olunmalıdır. Uşaqlar ən azı 2 saat təmiz havada olmalıdırlar. Valideynlər övladları ilə birlikdə oyunları müzakirə etməli, seçim zamanı inkişafetdirici oyunlara üstünlük verilməli, onlara kompüter oyunlarına tənqidi yanaşmağı öyrətməli, bunun əyləncənin çox kiçik bir hissəsi, həyatın isə daha rəngarəng və maraqlı olduğunu başa salmalıdırlar. Ən əsası, uşaqlarda mənəviyyat hissi və məqsədyönlülük artırılmalıdır.
Nəzəriyyə ilə təcrübənin birgə vəhdəti
Bəli, bu gün açıq etiraf etməliyik ki, internet hər kəsin özünü ifadə edə bildiyi, milyonlarla düşüncənin iştirak etdiyi virtual məkan, bir dünyadır. Həyatımıza daxil olan müasir texnologiyalar biz istəsək də, istəməsək də öz mədəniyyətini gətirir və bunu internet üçün də deyə bilərik. Sadəcə özümüzü və övladlarımızı bu texnologiyanın əsiri olmaqdan qorumağı bacarmalıyıq. Bunun üçün isə onun aludəçisinə çevrilmədən həmin önəmli ünsiyyət vasitəsindən faydamız üçün istifadə etməyi bacarmalıyıq.
Məhz bu seminarın özəlliyi də bir tərəfdən həkimin tədbir iştirakçılarını nəzəri cəhətdən maarifləndirməsi idisə, digər tərəfdən müzakirə olunan mövzularla bağlı gündəlik həyatımızda rast gəlinən situasiyaların “Rebus” Teatrının aktyorları tərəfindən səhnəciklər şəklində nümayiş etdirilməsi oldu. Nəzəriyyə ilə təcrübənin birgə vəhdətini özündə əks etdirən seminar ilk dəfə keçirilməsinə baxmayaraq, təhsil işçiləri və valideynlər tərəfindən böyük maraqla qarşılandı.
Samirə KƏRİMOVA