Əksəriyyət razılaşmır, amma axından kənara çıxa da bilmir
Dəbdəbəli həyat, bahalı əyləncələr günümüzün aktual məsələlərindəndir. Belə ki, əvvəlki illərdən fərqli olaraq, əksəriyyət maddi durumu imkan versə də, verməsə də, dəblə ayaqlaşmağa, necə deyərlər, “qonşudan geri qalmamağa” çalışır. Təmtəraqlı tədbirlərə maraq göstərənlər arasında yeniyetmə və gənclərə daha çox rast gəlinir. Bu maraq istər-istəməz məktəbə və məktəbliyə də təsir edir. Böyük əyləncə mərkəzlərində təntənəli bayramlar, təmtəraqlı ad günü mərasimləri, bahalı hədiyyələr, buraxılış gecələri, məzun kitabçası çəkilişləri, qısametrajlı filmlər və kliplər üçün hətta rejissorlara verilən sifarişlər, dekorasiyalar, məktəbliləri əyləndirmək üçün dəvət edilən tanınmış müğənnilər, məşhur aparıcılar günümüzün acı reallığıdır. Təəssüf doğuran ən önəmli məqam isə ondan ibarətdir ki, dəbdəbəli tədbirlərə məktəblilərin cəlbi birinci sinif şagirdlərindən də yan keçmir və belə nümunələrin sayı artdıqca, istəmədən də olsa, bu axına qoşulanların sayı günü-gündən çoxalır.
Düzdür, hər valideyn arzulayır ki, övladı yaxşı yaşasın, dostlarının irəli sürdüyü hər təşəbbüsə qoşulsun və bu, onların hüququdur. Lakin gəlin görək, sadaladıqlarımızı təmin etməyə bütün valideynlərin gücü çatırmı? Məsələnin maddi tərəfi qalsın bir yana, belə məktəb həyatı məktəblilərin şəxsiyyət kimi formalaşmasına necə təsir göstərir? Suallarımıza cavab tapmaq məqsədilə təhsil ocaqlarına üz tutduq. Məsələ ilə bağlı prosesin həm iştirakçıları, həm də müşahidəçiləri ilə söhbətləşdik.
Tədbirlərə gedə bilməyən uşaq və bunun onun həyatında buraxdığı iz
Bakının Nərimanov rayonunda yerləşən məktəblərin birində təhsil alan, şərti olaraq Xumar adlandırdığımız III sinif şagirdi ilə söhbətləşdik. Xumarın sinif yoldaşları sonuncu dəfə Novruz bayramı münasibətilə yığışıb. Bahalı restoranların birində təşkil edilən həmin yığıncağa Xumar qatıla bilməyib. Sizcə, niyə? Başını aşağı dikərək utancaq halda səbəbini belə izah edir: “Qardaşımla eyni sinifdə oxuyuruq. İkimizin də bu tədbirdə iştirak etməyimiz üçün valideynim ikiqat pul xərcləməli idi. Atamla anam pullarının olmadığını dedilər. Bu səbəbdən də biz bu tədbirə gedə bilmədik”.
Ancaq restorandakı tədbirdə çəkilən şəkillərə baxıb və sinif yoldaşlarının o gün çox əyləndiyini deyir.
Xumarın sinif rəhbəri isə bu tədbirlərə qarışmadığını, valideynlərin öz aralarında yığışıb restoranlarda yığıncaqlar keçirdiklərini bildirir: “Açığı mən də restoranlarda keçirilən tədbirlərin təfərdarı deyiləm. Çünki şagirdlərin bəziləri bu tədbirlərdə iştirak edə bilmir. Bu da onlara pis təsir edir. Tədbirdə iştirak edən şagirdlər istər-istəməz olduqları yer, keçirdikləri gün haqqında danışırlar. Belə söhbətlər zamanı həmin tədbirə qatıla bilməyənlərin necə məyus olduqları gözlərindən oxunur”.
...250-300 manat pulumuz çıxacaq
Paytaxtın digər bir tədris ocağında təhsil alan XI sinif şagirdi “Son zəng” və “Buraxılış gecəsi”nə hazırlaşır. Dediyinə görə, bunun üçün pul yığır. Məktəbdə keçiriləcək tədbirə sinifdəki şagirdlərin hamısı qatılsa da, restorandakı tədbirə 3-4 nəfər getməyəcək: “Bütün onbirincilər kimi biz də tədbirimizi həm məktəbdə, həm də restoranda keçirməyi planlaşdırmışıq. “Vinetka” çəkilişlərimiz də artıq başa çatıb. Tədbirlərimizi yüksək səviyyədə həyata keçirmək üçün təxminən 250-300 manat pulumuz çıxacaq. İstəyirik ki, tədbirlərimiz yüksək səviyyədə keçsin”.
5-10 nəfər imkanlı valideynin arzusu
Məsələ ilə bağlı valideynlərin də fikrini öyrəndik. Məktəbdə iki övladı təhsil alan valideyn vaxtaşırı restoranlarda tədbirlər keçirildiyini bildirdi. O, bu tədbirlərdə şagirdlərin iştirakının məcburi olmadığını, hər bir şagirdin könüllü şəkildə yığıncaqlara qatıldığını deyir: “İki övladım təhsil aldığına görə bu kimi tədbirlərə həmişə qatılmaq mümkün olmur. Düzdür, birtəhər sıxışdırıb uşaqlarımın digərlərindən seçilməməyinə çalışıram. Lakin bu, təbii ki, ailəmizin ümumi büdcəsinə təsir edir. Düşünürəm ki, tədbirlər məktəbdə sadə şəkildə keçirilsə, daha yaxşı olar. Axı, hər bir valideynin imkanı yoxdur ki, övladını bahalı restoranlara, əyləncə mərkəzlərinə göndərə bilsin”.
Valideyn onu da qeyd edir ki, bu kimi tədbirləri sinifdə 5-10 nəfər imkanlı valideyn arzulayır.
Axı, aztəminatlı ailələr də var
Övladı Texniki-humanitar liseydə təhsil alan valideyn də dəbdəbəli tədbirlərin tərəfdarı olmadığını bildirir: “Hər bir valideyn istəyər ki, övladı əla restoranda tədbir keçirsin, bahalı paltarlar geyinsin. Amma bir şeyi nəzərə almaq lazımdır ki, sinif kollektivdir və buna hamının maddi imkanı yol vermir. Yüksək təminatlı ailələr olduğu kimi, aztəminatlı ailələr də var. Elə valideyn var ki, 3 övladı təhsil alır”.
Sinifdə şagirdlərin bir-birindən seçilməməsinin zəruriliyini deyən həmsöhbətimizin fikrincə, bu tədbirlər daha çox valideynlər tərəfindən təşkil olunur. Məktəbə aid tədbirlərin hər birinin tədris ocağında olmasının vacibliyini deyən valideyn təmtəraqlı tədbirlərin şagirdlərin gələcəkdə dəbdəbəli həyat sürməyə meyilli olmalarına zəmin yaratdığı fikrindədir.
Həmin pulu sosial layihələrə, ehtiyacı olanlara versələr...
Bakıdakı Texniki-humanitar liseyin direktoru Səidə Zeynalova lisey kollektivinin dəbdəbəli tədbirlər keçirməsinin əleyhinə olduğunu vurğulayır. Onun sözlərinə görə, liseydə əlamətdar günlər qeyd olunsa da, şagirdlər məktəbdən kənarda keçirilən tədbirlərə daha çox maraq göstərir: “Biz çalışırıq ki, şagirdlərimiz təmtəraqdan uzaq olsunlar. Lakin bunun qarşısını almaq mümkün deyil. Çünki valideynlər və şagirdlər cəmiyyətə, mövcud vəziyyətə uyğunlaşmaq arzusundadırlar”.
Direktor məzunların buraxılış gecələrinin rəsmi hissəsi kimi, qeyri-rəsmi hissəsinin də məktəbdə keçirilməsinin tərəfdarı olduğunu bildirir: “Məzunların buraxılış gecələri çox təmtəraqlı keçirilir. Övladı məzun olan valideynlər kifayət qədər çox xərcə düşürlər. Məzun kitabçasının hazırlanmasına pul, təzə paltara pul, restorana pul, şəklə pul... Bir sözlə, sadaladığımız və sadalaya bilmədiyimiz çoxsaylı xərclərlə üz-üzə qalırlar. Halbuki valideynlər uşaqlarının həyatında, yetişməsində, şəxsiyyət kimi formalaşmasında heç bir rolu olmayacaq bu cür xərclərə qənaət edib, həmin vəsaiti övladlarının iştirakı ilə sosial layihələrə, ehtiyacı olanlara yönləndirsə, daha məqsədəuyğun olar. Bu, şagirdlərdə müsbət keyfiyyətlər formalaşdırar, onlara hələ uşaq yaşlarından yardımsevərlik aşılayar”.
Təmtəraqlı tədbirlər şagirdlərdə eqoistlik yaradır
Bəs, biz valideynlər nə edirik? Övladlarımıza yardımsevərlik, humanist keyfiyyətlər aşılamaq əvəzinə, onlarda psixoloji problemlər yaradırıq. Texniki-humanitar liseyin psixoloqu Nigar Məmmədovanın fikrincə, şagirdlərin hələ məktəb yaşlarında təmtərağa, dəbdəbəyə alışması onların bir çoxunda eqoistlik yaradır. Bu, xüsusilə məktəbi bitirib müstəqil həyata qədəm qoyanda özünü büruzə verir. Həyatında boşluq hiss etməyə başlayan gənclər, hətta depressiyaya belə düşə bilir.
Dəbdəbəli tədbirlərdə iştirak etməyə maddi gücü çatmayanların həyatında isə bu, başqa iz buraxır: “Sinif şəklində hər hansı bir tədbir, yığıncaq keçirilirsə, burada bütün şagirdlərin iştirakı təmin edilməlidir. Əgər hər hansı şagird maddi vəziyyətilə əlaqədar həmin tədbirə gedə bilmirsə, bu, onda böyük psixoloji sarsıntı yaradır. Həmin şagird istər-istəməz sinif yoldaşlarının yanında utanır. Bəzi vaxtlarda tədbirə gedə bilməyən şagirdin əvəzinə sinif yoldaşları əlavə pul yığır. Bu, həmin şagirddə daha çox stresə səbəb olur. Tədbirə qatılıb-qatılmamağından asılı olmayaraq, özünü yoldaşlarına borclu sayır. Tədbirə qatılıbsa, orada özünü narahat hiss edir. Sadaladıqlarım məktəblinin psixologiyasında mənfi iz qoyur”.
N.Məmmədova həmin şagirdlərdə valideynə qarşı inamsızlıq yarandığını da vurğulayır: “Belə məsələlər, hətta ailədaxili münaqişələrin yaranmasına, bəzi şagirdlərin valideyninə qarşı inamsızlığına, hətta qəzəbinə zəmin yaradır”.
Bu axının qarşısı alınmalıdır
Deyilənlərdən məlum olur ki, əlamətdar günlərin təmtəraqlı qeyd olunması daha çox şagirdlər və onların valideynlərinin arzusudur. Təhsil müəssisələri və təhsil işçiləri bu məsələyə qarışmamağa çalışır. Ancaq unutmaq olmaz ki, sözügedən problem məktəb həyatına da, məktəbliyə də mənfi təsir edir. Deməli, məsələ üzərində düşünməyin vaxtıdır. Bu axının qarşısını almağın yolları vaxtında tapılmalıdır.
Niyazi RƏHİMOV