Respublika fənn olimpiadaları məqsədinə çatır
Başa vurduğumuz həftə ölkə əhəmiyyətli hadisə ilə yadda qaldı: Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, bir sıra dövlət qurumları, qeyri-hökumət təşkilatları və təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, münsiflər heyətinin sədrləri və üzvləri, olimpiada qalibləri, təhsil ictimaiyyətinin nümayəndələrinin qatıldığı tədbirdə unudulmaz anlar yaşandı. Xüsusən də onlar üçün. Uğura gedən yolu olimpiadalara hazırlıq və iştirak prosesindən keçən, qalib olaraq önə çıxan yeniyetmələr üçün. Hər biri uğurları ilə həm özünün, həm də təmsil etdiyi ölkənin parlaq gələcəyindən xəbər verir. Necə ki, Mübariz Qarayev Meksikada, Samir Babayev Amerikada, Məsud Əfəndiyev Kanadada və onlarla deyil, yüzlərlə azərbaycanlı olimpiada qalibi ölkəmizdə və onun hüdudlarından kənarda nailiyyətlərini davam etdirirlər. Olimpiada təcrübəsindən böyük qürurla danışan bu bilik qəhrəmanlarının builki davamçıları isə nə az, nə çox, düz 298 nəfərdir. Onlardan 45 nəfər qızıl, 89 nəfər gümüş, 142 nəfər bürünc medal qazanıb. Naxçıvan MR-dən isə builki olimpiadanın 22 qalibi var.
Olimpiada bir elm yarışıdır
Respublika fənn olimpiadaları ölkənin bütün şəhər və rayonlarının məktəblərini əhatə edən elm yarışıdır. Ümumtəhsil müəssisələrinin 9-11-ci sinif şagirdlərini əhatə edir. Ayrı-ayrı fənlər üzrə xüsusi istedadı olan şagirdlərin aşkarlanması, onların bilik və bacarıqlarının qiymətləndirilməsi, şagirdlərin həmin fənlərə olan maraqlarının artırılması, sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması məqsədi daşıyır. Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla 8 fənn üzrə IX, X və XI sinif şagirdlərinin iştirakı ilə keçirilsə də, yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdlərinə də tez-tez rast gəlinir.
Ölkə ərzisində fənn olimpiadaları 3 mərhələdə keçirilir. Birinci - rayon (şəhər) mərhələsi yanvar ayında, respublika mərhələsinin yarımfinal turu mart ayında, final turu isə aprel ayında Təşkilat Komitəsi tərəfindən müəyyən edilmiş mərkəzlərdə keçirilir.
Olimpiadaların respublika mərhələsinin yarımfinal turunun qalibləri yerli təşkilat komitələri, final turunun qalibləri isə respublika təşkilat komitəsi tərəfindən diplom, tərifnamə, qiymətli hədiyyələr ilə təltif olunurlar.
Diplom və medallara final mərhələsinin iştirakçılarının təqribən 50 faizi layiq görülür. Bu mərhələyə yüksəlmiş digər şagirdlərə isə iştirakçı sertifikatı təqdim olunur. Həmçinin, hər fənn üzrə olimpiadaların ən uğurlu şagirdi seçilir və “Birincilərin birincisi” nominasiyası ilə təltif edilir.
Artan dinamika
Ölkəmizdə keçirilən olimpiadaların 4 ildir artan dinamika ilə inkişafı nəzərdən qaçmır. Belə ki, 4 il öncə bu yarışa 22 min şagird qatılmışdısa, bu il respublika fənn olimpiadalarının birinci-rayon (şəhər) mərhələsində 33 000 nəfərə yaxın şagird iştirak edib. İldən-ilə artan dinamika isə güclənən etimad və böyüyən maraqla izah oluna bilər. Belə ki, olimpiada 3 ildir fərqli qaydalarla müxtəlif formatda keçirilir. Hər il iştirakçıların sayının artması gərgin müsabiqə şəraiti yaradır və kifayət qədər böyük rəqabət mühiti formalaşır. Nəticədə müxtəlif yaş qruplarında olan məktəblilər hər növbəti mərhələyə daha çox hazırlaşır və olimpiadada iştiraka kifayət qədər məsuliyyətlə yanaşırlar.
Artım dinamikasının ayrı-ayrı fənlər üzrə də müşahidə olunması olimpiadanın məqsədinə çatdığının göstəricisidir. Demək, şagirdlər arasında ayrı-ayrı fənlərə olan sevgi artır.
Beynəlxalq fənn olimpiadalarındakı nəticələrimiz də yaxşılaşır
Qeyd etməliyik ki, Respublika fənn olimpiadalarında fəal iştirak ölkəmizin beynəlxalq bilik yarışlarındakı nəticələrinə də təsir edib. 1959-cu ildən keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında əsasən 100-110 ölkə iştirak edir. Bu yarışda şagirdlərimizin ən böyük qələbəsi 4 bürünc medal olub və bu nəticə ilə yarışa qatılan 104 ölkə arasında Azərbaycan 42-ci yerdə qərarlaşıb. 1967-ci ildən keçirilən Beynəlxalq Fizika Olimpiadasına 80-90 ölkə qatılır. 2017-ci ildə keçirilən yarışda məktəblimiz bir bürünc medal qazanıb. 1968-ci ildən keçirilən Beynəlxalq Kimya Olimpiadasına isə adətən 70-80 ölkə qatılır və onlardan biri, Azərbaycan bu yarışda 4 iştirakçı ilə təmsil olunur. Azərbaycanın sözügedən fənn üzrə ən böyük qələbəsi 2017-ci ildə olub. Kimyadan bilik yarışına qatılan Azərbaycan məktəblisi qızıl medal qazanaraq ölkəsinin 12 il əvvəlki uğurunu təkrarlayıb.
1989-cu ildən keçirilən Beynəlxalq İnformatika Olimpiadasına qatılan 75-80 ölkə arasında Azərbaycanın da adı var. Ölkəmiz bu yarışa 4 nəfər iştirakçı göndərir.
Beynəlxalq Biologiya Olimpiadası 1990-cı ildən keçirilir. 65-75 ölkənin qatıldığı biologiya üzrə bilik yarışında da Azərbaycan 4 nəfər iştirakçı ilə təmsil olunur.
Onu da qeyd edək ki, beynəlxalq olimpiadalarda təmsil olunan komandalarımız əksər hallarda ən gənc komandalar olur. Tərkibində 7-8-ci sinif şagirdləri də olan komandalarımız nümayiş etdirdikləri biliklə ölkəmizi fərqləndirirlər. Bunun nəticəsidir ki, beynəlxalq olimpiadalarda olan medal sayı ildən-ilə yaxşılaşır. Xatırladaq ki, Azərbaycan məktəbliləri 1994-cü ildən beynəlxalq olimpiadalarda 314 medal qazanıb. Son 5 il ərzində isə məktəblilər ölkəmizə 3 qızıl, 21 gümüş və 85 bürünc medal olmaqla, ümumilikdə 109 medal gətiriblər. Bu da müstəqillik dövründə qazanılan bütün medalların təxminən 35 faizidir.
Təkcə fizikadan və kimyadan qızıl, gümüş və bürünc medallar qazanaraq 2017-ci ildə şagirdlərimiz ölkəmizin adının ilk 20 ölkə arasında yer almasına nail olub. Bu nəticə ilə Azərbaycan keçmiş sovet ölkələri arasında yalnız Rusiyadan geri qalıb.
Olimpiada qalibləri: min nəfərdən biri
“Respublika fənn olimpiadalarının qalibi olmaq hər min nəfərdən biri olmaq deməkdir”, - deyən Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayevin sözlərinə görə, onlar ali təhsil müəssisələrinə qəbul imtahanlarında da yüksək nəticə göstərirlər. Qəbul imtahanlarındakı göstəriciləri 2015-ci ildə orta hesabla 637 bal, 2016-cı ildə 643 bal, 2017-ci ildə isə 657 bal olub.
Ötən ilin qəbul imtahanlarında olimpiada qaliblərinin bütün fənlər üzrə orta balı 600-dən yuxarı olub. Minimal bal 515 bal olmaqla, 3 nəfər maksimum 700 bal toplayıb. Elə builki qəbul imtahanlarında da olimpiada qalibi olan abituriyentlər arasında 700 bal toplayan şagirdlər var. Belə ki, bütün test suallarına düzgün cavab verərək 700 bal toplayan III ixtisas qrupu üzrə 45 nömrəli tam orta məktəbin şagirdi Elvin Kərimli, 89 nömrəli tam orta məktəbin şagirdi Şayxanım Həsənova, 214 nömrəli tam orta məktəbin şagirdi Leyli Əhmədova və Texniki-Humanitar Liseyin şagirdi Zeynəb Quluzadə olimpiada qalibidirlər. Qeyd edək ki, Elvin Kərimli 2017-2018-ci tədris ilində keçirilən Respublika fənn olimpiadalarında tarix fənni üzrə bürünc medalın, Leyli Əhmədova 2016-cı və 2017-ci illərdə Respublika fənn olimpiadalarında tarix fənni üzrə qızıl medalın sahibidir. Zeynəb Quluzadə isə bu il keçirilən Respublika Fənn Olimpiadasının qızıl medalçısıdır. Zeynəb 2016-cı və 2017-ci illərdə keçirilən fənn olimpiadalarında Azərbaycan dili və ədəbiyyatı fənni üzrə bürünc medal, 2017-ci və 2018-ci tədris ilində isə eyni fənn üzrə qızıl medal qazanıb.
Qaliblərin seçimi
E.Əmrullayevin sözlərinə görə, qaliblərin seçdiyi ali təhsil müəssisələri arasında Tibb Universiteti ilk sıradadır. Qaliblər tərəfindən Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Ali Neft Məktəbi də ən çox seçilənlərdəndir.
İxtisaslara gəlincə, qaliblərin əksəriyyəti tibb ixtisaslarını seçir. Onların seçiminə daxil olan ixtisaslara müalicə işi, hüquqşünaslıq, proseslərin avtomatlaşdırılması mühəndisliyi, biznesin idarə edilməsi, neft-qaz mühəndisliyi ixtisasları başçılıq edir.
Olimpiada qalibləri harada yetişir?
Olimpiada qaliblərinin uğuru onları yetişdirən məktəblərin də uğurudur. Axı, o şagirdləri bu məktəblər yetişdirib. İlk beşlikdə Fizika, riyaziyyat və informatika təmayüllü lisey, akademik Zərifə Əliyeva adına lisey, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi, akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot sinifləri (İstək - Bakı), Kimya, biologiya təmayüllü lisey sıralanıb. Fizika, riyaziyyat və informatika təmayüllü lisey 6 qızıl, 7 gümüş və 11 bürünc olmaqla 24 medal, akademik Zərifə Əliyeva adına lisey 4 qızıl, 8 gümüş və 7 bürünc olmaqla 19 medal, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi 3 qızıl, 10 gümüş, 13 bürünc olmaqla 26 medal, akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot sinifləri (İstək - Bakı) 3 qızıl və 3 gümüş olmaqla 6 medal, Kimya, biologiya təmayüllü lisey 2 qızıl, 4 gümüş və 4 bürünc olmaqla 10 medal qazanıb.
Ümumiyyətlə, Bakı şəhərində yerləşən məktəblər 10 qızıl, 14 gümüş və 28 bürünc olmaqla 52 medala sahib çıxıblar. Sumqayıt şəhərinin şagirdləri isə 2 qızıl, 10 gümüş, 10 bürünc olmaqla 22 medal qazanıblar. Beləliklə də, bu il medalların əksəriyyətini Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin şagirdləri əldə ediblər. Onlar 66 medal olmaqla 13 qızıl, 23 gümüş və 30 bürünc medal qazanıblar.
Olimpiadaya regionlarımız çox aktiv şəkildə qoşulub. Gəncə, Şəki, Mingəçevir, Oğuz, Neftçala, Lənkəran, Bərdə, Qazax, Şabran, Zaqatala şəhər və rayonlarından olan şagirdlər də qaliblər cərgəsində yer ala biliblər.
Olimpiada qaliblərinə müsabiqədənkənar tələbə olmaq şansı
Heç kimə sirr deyil ki, beynəlxalq olimpiya qızılı dünyanın qabaqcıl universitetlərinə qəbul olunmaq deməkdir. Artıq Azərbaycanda da belə bir qayda tətbiq edilə bilər. Olimpiada qaliblərinin bir neçə ildir ki, öz nəticələrini ali təhsil müəssisələrinə qəbul imtahanlarında da doğrultması belə bir qərarın gündəmə gəlməsinə səbəb olub. Bu istiqamətdə nəzərdə tutulan yenilikləri, olimpiada qalibləri ilə bağlı yeni təşəbbüsü təhsil naziri Ceyhun Bayramov çatdırıb. O, mükafatlandırma mərasimindəki çıxışı zamanı açıqlayıb ki, beynəlxalq olimpiada qalibləri istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qalibləri isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilə bilər. Bu barədə qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün Təhsil Nazirliyində təkliflər hazırlanıb. C.Bayramov bildirib ki, təkliflər artıq aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir. Hazırlanmış təkliflər Milli Məclisə də təqdim olunacaq: “Respublika fənn olimpiadalarının qalibləri çox yüksək hazırlığa malikdirlər. Hazırda dünya fənn olimpiadalarının qalibləri müvafiq ixtisaslara müsabiqədənkənar qəbul oluna bilirlər. Şagirdlərin olimpiadada iştirakını stimullaşdırmaq üçün dünya fənn olimpiadaları qaliblərinin istənilən ixtisas, respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənn üzrə ali məktəblərə müsabiqədənkənar qəbul olunması onlar üçün stimullaşdırıcı rol oynaya bilər. Buna görə də bu məsələ ilə bağlı təkliflər hazırladıq”.
Təhsildə nəticələrin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışarkən, nazir xüsusi istedadlı şagirdlər üçün liseylərin sayının artırılması barədə planlarını da açıqlayıb.
Respublika Fənn Olimpiadası bilik hərəkatına çevrildi
İldən-ilə olimpiada qalibi olmaq istəyənlərin sayının artması, qalib olanların isə olimpiadadakı nəticələrini başqa imtahanlarda, xüsusən, ali təhsil müəssisələrinə qəbul imtahanlarında da təsdiqləməsi ölkəmizdə keçirilən respublika fənn olimpiadalarına etimadı gücləndirib. Təhsil naziri Ceyhun Bayramovun fikrincə, Prezident İlham Əliyevin bu tədris ilinin əvvəlində Bakı şəhəri 20 nömrəli məktəb-liseyin açılışında etdiyi çıxış zamanı olimpiada nəticələrini xüsusi vurğulaması, bu nəticələri təhsilin keyfiyyətinin vacib amili kimi qeyd etməsi müvafiq sahənin ölkə rəhbərliyi üçün prioritet istiqamət olduğunun bariz göstəricisidir. Təhsil naziri 33 mindən çox şagirdin iştirak etdiyi Respublika fənn olimpiadalarının artıq adi yarış deyil, elm və bilik hərəkatına çevrildiyini vurğulayıb. Nazir bu il Respublika fənn olimpiadalarında əldə edilən 298 medalın 141-nin bölgələrin payına düşdüyünə diqqət çəkərək, Azərbaycanın 50 müxtəlif bölgəsində təhsil alan şagirdlərin olimpiada qalibləri sırasında olduğunu qeyd edib: “Bu göstərici sübut edir ki, Respublika fənn olimpiadaları hər hansı fənn biliyi müsabiqəsi deyil, sözün əsl mənasında, bilik hərəkatıdır”.
Ruhiyyə DAŞSALAHLI